Axund Abuturab türbəsi
Axund Abuturab türbəsi — Azərbaycanda Mərdəkan qəsəbəsində yerləşən 1908-ci ilə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, türbə.
Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
== Haqqında ==
Mirzə Əbu Turab Axundzadə 1817-ci ildə Bakının Əmircan kəndində anadan olub. İlk təhsilini Bakıda, Mirzə Həsib Qüdsinin mədrəsəsində alıb. Daha sonra isə Mədinədə və Bağdadda təhsil alıb. Ərəb, fars, türk və rus dillərini bilib. Əbu Turabın təşəbbüsü ilə Əmircan kəndində ilk qızlar mədrəsəsi açılıb. Həyat qəzetində müxtəlif məqalələrlə çıxış edib. 1908-ci ildə dünyasını dəyişib və Mərdəkanda dəfn edilib. Elə həmin ildə Murtuza Muxtarovun sifarişi ilə İosif Ploşkonun layihəsi əsasında Mirzə Əbu Turab Axundzadənin məzarının üzərində türbə ucaldılıb.