Rafiq Alıcanov
Alıcanov Rafiq Cəfər oğlu (11 iyul 1965, Kəmərli, Qazax rayonu – 5 noyabr 1993, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Rafiq Alıcanov 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuşdur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlamışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlayan zaman Azərbaycana geri dönmüşdür. Gənc zabitin hərbi təcrübəsi nəzərə alınaraq, Tovuz rayonunda yerləşən hərbi birləşmələrin birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edilir. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-da döyüşlərdə iştirak etmişdir. Kapitan rütbəsinə yüksəlmişdir.
5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Köçəvəlli kəndində dəfn edilmişdir.