Aləmşah bəyim
Aləmşah bəyim (1460, Diyarbəkir – 1522, Ərdəbil, Səfəvilər, Ərdəbil, Səfəvi imperiyası) — Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin arvadı və Şah İsmayıl ilə Şeyx Sultan Əlinin anası.
== Adı ==
Aləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur. Həlimə bəyim ağa, Aləmşah bəyim. Xristian müəlliflər bəzən onu Marta da adlandırır.
== Həyatı ==
Aləmşah Bəyim Ağqoyunlu hökmdarı Uzun Həsən ilə onun arvadı, Trabzon imperatoru IV Conun qızı Teodora Megale Komnenenin (Ağqoyunlu sarayında Dəspinə Xatun olaraq bilinmişdir) ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illərinə aid dürüst məlumat yoxdur. 1471-ci ildə bibisi Xədicə Xatunun oğlu və Səfəvi sülaləsindən olan Şeyx Heydər ilə evlənmişdir. Onların bu evlilikdən 3 oğlu - Əli Mirzə Səfəvi, İbrahim və İsmayıl, 4 qızı dünyaya gəlmişdir.
=== Ağqoyunlular tərəfindən təzyiqlər ===
Aləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir. Belə yürüşlərdən sonuncusu 1488-ci ildə baş verdi.