Alxan Bayramoğlu
Alxan Bayramoğlu (Məmmədov) (22 oktyabr 1954, Birinci Şıxlı, Qazax rayonu) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor. "Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır. Azərbaycan Demokratik Respublikası dövründə ədəbi fikrin əsas istiqamətlərinə dair yazıb çap etdirdiyi monoqrafiyalar Cümhuriyyət dövrü ədəbiyyatımıza həsr edilmiş ilk monoqrafik tədqiqat nümunələridir.
== Həyatı ==
Alxan Bayramoğlu Qazax rayonunun Birinci Şıxlı kəndində 22 oktyabr 1954-cü ildə anadan olmuş, 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Alxan Məmmədov 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının , 2006-cı ildən isə həm də BDU-nun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının seminarının üzvüdür. Bundan başqa o, ayrı-ayrı vaxtlarda bir neçə dəfə AMEA Nəsimi adına Dilçilik İnstitutu və ADU-nun, BSU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının tərkibində həlledici səslə birdəfəlik və BDU-nun Jurnalistika fakültəsi nəzdində fəaliyyət göstərən birdəfəlik dissertasiya şurasının üzvü olmuşdur.
== Elmi fəaliyyəti ==
Alxan Məmmədov 1982–1984-cü illərdə istehsalatdan ayrılmaqla Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunun aspirantı olmuş və "M. Ə. Sabir və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1986). Azərbaycan ədəbiyyatşünaslığında klassik sənətkarın elmi tərcümeyi-halının yazılması istiqamətində elmi tədqiqat işi ilk dəfə bu dissertasiyada yerinə yetirilmişdir. A. B. Məmmədov 1991–1993-cü illərdə istehsalatdan ayrılmaqla AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı olmuşdur. Onun "Şamaxı ədəbi mühiti (XİX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır.