Fəlsəfi antropologiya
Fəlsəfi antropologiya — geniş mənada — insanın təbiəti və mahiyyəti haqda fəlsəfi təlim, dar mənada — XX əsrin birinci yarısında Qərbi Avropa, xüsusilə alman fəlsəfəsində yaranmış istiqamət. Bu istiqamət Dilteyin həyat fəlsəsi, Qusserlin fenomenologiya ideyalarından irəli gələn, müxtəlif elmlərin — psixologiya, biologiya, etologiya, sosiologiya, həmçinin dinin və başqa sahələrin insan haqda məlumatlarının istifadəsinə əsaslanır.
== Yaranması ==
XX əsrin birinci yarısında Qərb fəlsəfəsi diqqətini insana doğru çevirdi. İnsan problemi ilə bu və ya digər dərəcədə məşğul olan, həmin problemi əks etdirən çoxsaylı fəlsəfi konsepsiyalar ümumi fəlsəfəyə antropologiya adı altında birləşir. Bu terminin əsas mənası fəlsəfi fikrin insanın təbiətini və imkanlarını dərindən anlamaqla əlaqədardır. Hələ 1929– cu ildə Martin Haydegger "Kant və metafizika problemləri" adlı əsərində Kantın məşhur "Mən nəyi bilirəm?", "Mən nə etməliyəm?" və "Mən nəyə güvənə bilərəm?" fikirlərinin yeni yozumunu verməyə çalışmışdır. Öz məcmusuna görə, "insan nədir" ümumiləşdirici fikrinə aparıb çıxarırdı. Əslində, fəlsəfi antropologiya üçün başlıca vəzifə insan idrakının, fəaliyyətinin və etiqadının predmetinə yeni traktovka ilə yanaşmaqdır. Müasir şəraitdə vacib olan odur ki, biz necə dərk edirik, necə fəaliyyət göstərir və necə etiqad edirik?
Fəlsəfi antropologiya tərəfindən tədqiq olunan konsepsiyalar şərti olaraq iki qrupa bölünür — subyektiv–antropoloji və obyektiv–ontoloji.