Albert Aqaronov
Albert Aqarunoviç Aqarunov (25 aprel 1969, Bakı – 8 may 1992, Şuşa, DQMV) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. Əslən dağ yəhudisi olan Aqarunov 1980-ci illərin sonlarında Sovet Ordusu sıralarında xidmət etmiş, sonra Suraxanıya işləməyə qayıtmışdır.
Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş Aqarunov, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuşdur. O, sonradan tank komandiri kimi Şuşaya yollanmış, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov, müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Qaqik Avşaryanı məğlub etmişdir. O, daha sonra Şuşa–Laçın yoluna irəliləmiş, döyüş əsnasında tankdan enmiş, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhid olmuşdur.
Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, bu ada layiq görülən ilk hərbçilərdən olmuşdur. Aqarunov Azərbaycanın milli qürur simvoluna çevrilmişdir, irsi ən çox yad edilən müharibə qəhrəmanlarındandır. Onun şərəfinə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəl mövcuddur.