Albert Aqarunov

Albert Aqarunoviç Aqarunov[a] (25 aprel 1969, Bakı8 may 1992, Şuşa, DQMV) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. Əslən dağ yəhudisi olan Aqarunov 1980-ci illərin sonlarında Sovet Ordusu sıralarında xidmət etmiş, sonra Suraxanıya işləməyə qayıtmışdır.

Albert Aqarunov
Aqarunov 1992-ci ilin mayında.
Aqarunov 1992-ci ilin mayında.
Şəxsi məlumatlar
Doğum tarixi 25 aprel 1969(1969-04-25)
Doğum yeri
Vəfat tarixi 8 may 1992(1992-05-08) (23 yaşında)
Vəfat yeri
Vəfat səbəbi şəhid
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Dağ yəhudisi
Atası Aqarun Aqarunov
Anası Lio Aqarunova Uziyaevna
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ Silahlı Qüvvələri (1987–1989)
Azərbaycan Azərbaycan Ordusu (1991–1992)
Qoşun növü Sovet Ordusu (1987–1989)
Azərbaycan Quru Qoşunları (1991–1992)
Hərbi hissə "Səbayıl" tank taboru (1991–1992)
Xidmət illəri SSRİ (1987–1989)
Azərbaycan (1991–1992)
Rütbəsi Kapitan
Vəzifəsi Tank komandiri
Döyüşlər Birinci Qarabağ müharibəsi
 • Şuşa uğrunda döyüş
Təltifləri
"Qızıl Ulduz" medalı — 1992
Qvardiya nişanı Sovet ordusu əlaçısı "Həzi Aslanov" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş Aqarunov, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuşdur. O, sonradan tank komandiri kimi Şuşaya yollanmış, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov, müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Qaqik Avşaryanı məğlub etmişdir. O, daha sonra Şuşa–Laçın yoluna irəliləmiş, döyüş əsnasında tankdan enmiş, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhid olmuşdur.

Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, bu ada layiq görülən ilk hərbçilərdən olmuşdur. Aqarunov Azərbaycanın milli qürur simvoluna çevrilmişdir, irsi ən çox yad edilən müharibə qəhrəmanlarındandır. Onun şərəfinə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəl mövcuddur.

Albert Aqarunov küçəsində xatirə lövhəsi. Qırmızı Qəsəbə.

Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərinin Orconikidze rayonunun Əmircan qəsəbəsində anadan olmuşdur.[1] Səkkiz[2] qardaşı və iki bacısı olan Albert ailəsinin sonbeşiyi idi.[3] Əslən dağ yəhudisi olan Aqarunovun[4] ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idilər, onlar sonradan Əmircana köçmüşdülər.[5] Albertin atası Aqarun neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb.[6] Anası Lio sovet hökuməti tərəfindən "Qəhrəman Ana" adına layiq görülmüşdür; bu titul çoxsaylı uşağı olan analara verilirdi.[7]

Albert uşaq yaşlarından musiqilə maraqlanmış, musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdi.[8] Aqarunov Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkizinci sinfini bitirmiş, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. O, 1987-ci ildə SSRİ ordu sıralarında hərbi xidmətə çağırılmışdır. Gürcüstanın Axalkalaki rayonunda xidmətə başlayan Aqarunov starşina rütbəsi alaraq tank komandiri olmuşdur. 1989-cu ildə ordudan tərxis olunmuş, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir.[9]

Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycanın bütün yəhudi sakinləri həm zorakılıqdan, həm də hərbi xidmətdən yayınmaq üçün İsrailə, Avropaya və ya ABŞ-yə mühacirət etmək imkanına malik idilər.[10] Ailəsinin digər üzvləri ölkədən xaricə köçsə də, Aqarunov Azərbaycanda qalmış[3] və 1991-ci ildə cəbhə bölgəsinə könüllü getmişdir.[11][12] Əsgər yoldaşları tərəfindən əla atıcı və tankçı hesab edilən Aqarunov[13] tank briqadasının tərkibində, kapitan rütbəsində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuş,[14] Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur.[10] Orduda kifayət qədər təlimatçı olmadığından Aqarunov əsgər yoldaşlarına T-72 tankını idarə etməyi öyrədirdi.[6] O, sonra Elçin Məmmədovun başçılıq etdiyi 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissədə [15] tank komandiri təyin edilmiş və Şuşa cəbhəsinə göndərilmişdir. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində erməni qüvvələri ilə gedən intensiv döyüşlərdə iştirak etmişdir.[16][17] Azərbaycan mənbələrinə görə, Aqarunov 1991-ci ilin dekabrında erməni qüvvələrinə aid bir neçə tankı və zirehli vasitəni zərərsizləşdirmişdir.[18] Həmçinin, onun erməni qüvvələrinə aid iki tank bir-birinə yaxınlaşan zaman bir mərmi ilə iki tankı vurduğu iddia edilmişdir. Buna görə də bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını almışdır.[19] Ermənilər bu səbəblərə görə onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.[5]

Şuşa döyüşü

[redaktə | mənbəni redaktə et]

Şuşa 1992-ci ilin yazında Azərbaycan müqavimətinin yeganə mühüm mərkəzi idi. Şəhər Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə gedən yolda yerləşirdi və regionda Azərbaycanın nəzarət etdiyi ən böyük məntəqə idi. Bu səbəbdən erməni hərbi komandanlığı öz səylərini Şuşanı ələ keçirməyə yönəltdi və nəticədə, müharibənin episentri Şuşaya keçdi.[20] Artıq 7 mayda azərbaycanlı hərbçilərin çoxu Şuşanı tərk etmişdi[21] və erməni qüvvələri gecə saatlarında şəhərə hücum etməyə başlamışdı.[22] Aqarunov Şuşada qalan son azərbaycanlı hərbçilərdən idi.[13] Gün ərzində şəhərin şimalındakı teleqüllə və şərqindəki həbsxana uğrunda şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yola sürürdü və bu əsnada Aqarunovun tankı peyda oldu. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açmağa başladı. Avşaryanın tankı üç dəqiq zərbədən sonra alışdı, özü isə lyuku açıb çölə atlamağı bacardı, lakin sürücüsü və atıcısı həlak olmuşdur. Bu hadisə nəticəsində ağır yaralanan Avşaryan sonradan Aqarunov haqqında "o, əla atıcı idi" demişdir.[22] Bu, Birinci Qarabağ müharibəsi zamanı ilk tank döyüşü idi və dövrün mətbuatında geniş işıqlandırılmışdı.[23] Müharibədən sonra ermənilər Avşaryanın T-72 tankını bərpa edib yenidən rəngləyərək onu Xankəndi–Şuşa yolunun üstündəki qayada abidə kimi ucaltmışdır.[24] Həmin abidə 2023-cü ilin sentyabrında Qarabağda baş tutan döyüşlər zamanı yığışdırılmışdır.[25]

Aqarunov daha sonra Şuşa–Laçın yoluna doğru irəliləmişdir.[26] O burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırmış və ona yol göstərmək üçün tankdan enmişdir. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində şəhid olmuşdur.[5][19] Artıq ermənilərin hücumu dayandırılmışdı, Azərbaycan hərbi komandanlığı isə ermənilərin geri çəkildiyini düşünmüşdü. Onlar bu fasilədən şəhəri tərk etmək üçün istifadə etdi və erməni qüvvələri 9 mayda, səhər saatlarında boş olan Şuşanı işğal etmişdir.[23]

Aqarunovun nəşi xəstəxanaya göndərilmiş, oradan isə helikopterlə Bakıya aparılmışdır. Kapitan 11 mayda Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilmiş, mərasim eyni vaxtda mollaravvin tərəfindən keçirilmişdir.[3][6][12]

Aqarunovun təhsil aldığı 154 nömrəli məktəbdə onun büstü.

Azərbaycanda Aqarunovun irsinə böyük hörmət və ehtiram göstərilir,[5] o, milli qürur simvoluna çevrilmişdir.[19] Aqarunov Azərbaycanda irsi ən çox yad edilən müharibə qəhrəmanlarındandır.[10] Ölümündən sonra azərbaycanlı əsgərlər tanklarına "Albert" adını yazmışdır.[19] Həmin tank hal-hazırda Azərbaycan Hərb Tarixi Muzeyində yerləşir.[6] Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır və məktəbin önündə büstü qoyulmuşdur.[16] Bakıda və Qubada onun şərəfinə lövhələr qoyulmuşdur. Azərbaycan Silahlı Qüvvələri Aqarunovun tankının adını dəyişdirərək onun adını vermişdir.[8] 2004-cü ildə Bakıda Xabad-Or-Avner təhsil mərkəzində Aqarunovun xatirəsinə muzeyin açılışı keçirilmişdir.[6] Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adı verilmiş,[11] həmin küçədə onun heykəli ucaldılmışdır.[13][27]

2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası "Qarabağ qəhramanları" silsiləsindən Aqarunov haqda "Dostuma məktub" filmini çəkmişdir.[28] 2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında "Yaşadığım torpaq" sənədli filmini çəkmişdir.[29]

2024-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Kanadada fəaliyyət göstərən "ELTV" Media Qrupu və "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı "Tank 533. Albert Aqarunov" adlı qısametrajlı filmi çəkilib.[30][31]

Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi. Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Xankəndi-Şuşa yolunda, Şuşa şəhərinin girişində Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı. 2023-cü il 19 sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra həmin tank ordan götürülmüş və Bakıya Hərbi Qənimətlər Parkı'na gətirilmişdir.[32][33]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[16] O, bu ada layiq görülən ilk əsgərlərdən biri olmuşdur.[11] Medal Aqarunovun bacısı Sofiya Məmmədovaya 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən təqdim edilmişdir.[1] Aqarunov həmçinin, 2014-cü ildə "Vətən Övladı" ordeni,[34] 2016-cı ildə isə "Həzi Aslanov" ordeni ilə təltif olunmuşdur.[35]

  1. azərb-kiril. Алберт Агарунович Агарунов, ivr.אלברט אגרונוביץ אגרונוב‏‎; həmçinin Albert Aqarun oğlu Aqarunov (Алберт Агарун оғлу Агарунов) kimi də qeyd olunur.
  1. 1 2 Delevi, 2019
  2. "Milli Qəhrəman Albert Aqarunovun qardaşı: "Dedi ki, darıxmayın, Şuşanı ala bilməzlər" - VİDEO". Oxu.Az (az.). 2023-09-25. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  3. 1 2 3 Əliyeva, 2018. səh. 11–12
  4. Bekker, 2000. səh. 62
  5. 1 2 3 4 Qut, 2020
  6. 1 2 3 4 5 Vayner, 2020
  7. Baruk, 2015
  8. 1 2 Altman, 2019
  9. Əsgərov, 2005. səh. 12–13
  10. 1 2 3 Baruk, 2016
  11. 1 2 3 Yevdayev, 2020
  12. 1 2 Məmmədzadə, 2020
  13. 1 2 3 Yevdayev, 2021
  14. AME, 2009. səh. 273
  15. Kasadolu, 2020
  16. 1 2 3 Əsgərov, 2005. səh. 13
  17. İctimai TV. "Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür" (az.). Youtube.com. 25.04.2024. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  18. JNS, 2019
  19. 1 2 3 4 Yevdayev, 2019
  20. Jiroxov. səh. 253–254
  21. de Vaal, 2013. səh. 190
  22. 1 2 de Vaal, 2013. səh. 191
  23. 1 2 Jiroxov, 2012. səh. 256
  24. de Vaal, 2013. səh. 196
  25. Qafqazinfo, 2023
  26. de Vaal, 2013. səh. 357
  27. "Bakıda Albert Aqarunova heykəl qoyuldu - FOTO". Oxu.Az (az.). 2019-09-03. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
  28. Şabanoğlu, 2010
  29. Müşfiq, 2017
  30. ""Tank 533 Albert Aqarunov" filmi təqdim olundu". 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
  31. Mədəniyyət TV. "Milli qəhrəmana həsr olunan filmin təqdimatı olub" (az.). Youtube.com. 10.05.2024. 2024-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  32. "Albert Aqarunovun vurduğu tank Şuşanın girişindən götürüldü". 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
  33. Albert Aqarunovun vurduğu tank Hərbi Qənimətlər Parkında
  34. İzzət, 2014
  35. Qulu, 2016

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]