Artuq bəy
Artuk bəy və ya Zahirüldövlə Artuk bəy – Səlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuşdur. Artuklu sülaləsinin onun adı ilə adlandırılmasına baxmayaraq, əslində, bu sülalənin əsası ondan sonra oğlanları olan Sökmən və İlqazi bəy tərəfindən qoyulmuşdur. O, həmçinin Alp-Yaruq, Bəhram, Əbd əl-Cabar və 3 başqa övladı olmuşdur.
Oğuzların Döğər boyundan olmuşdur.
== Anadoluda ==
Artuk bəy 1071-ci ildə baş vermiş Malazgird döyüşündə Böyük Səlcuqlu imperiyasının komandanlarından biri olmuşdur. Döyüşdən sonra o, səlcuqlular tərəfindən Anadolunun fəthində iştirak etmişdir. O, 1074-cü ildə Yeşilırmaq vadisini ələ keçirmişdir. O, həm də sultanın əmri ilə 1077-ci il üsyanının yatırılmasında da iştirak etmişdir.
Artuk bəy 1086-cı ildə Diyarbəkirin Mərvanilərdən alınması əməliyyatında da iştirak etmişdir.