Uzunluq ölçüsü.
Azərbaycanda 0,71 metrə bərabər hesab olunmuşdur (müxtəlif ölkələrdə 65,2 sm-dən 112 sm-ə qədər). Qədimdə açılmış qoldakı barmaqların ucundan buruna qədər olan məsafə bir arşın hesab edilirdi. Öz arşını ilə ölçmək ifadəsi də bu ölçünün ayrı-ayrı şəxslərdə müxtəlif olması ilə bağlıdır. Fars mənşəli sözdür. Rus dilinə türk dilindən keçdiyi üçün bəzi mənbələrdə türk mənşəli söz hesab edilir. Dastanlarda beş arşın ağ (bez) şəklində rast gəlinir.
Danışar yalandan sözü olmayan,
Çörəyə tökməyə duzu olmayan,
Evində beş arşın bezi olmayan,
Dindirəndə al qumaşdan danışar.
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)
*
Abbas, cavan ömrün sən verdin bada,
Günü-günnən dərdin oldu ziyada.
Yedilər, içdilər fani dünyada,
Aldılar beş arşın ağı getdilər.
(“Abbas və Gülgəz”)