Mədəd Coşqun
Mədət Çoşqun (doğum adıyla Mədəd İsa oğlu İsmayılov; d. 18 iyun 1938, Azərbaycan Gəyliyən kəndi, Başkeçid rayonu, Gürcüstan SSR, SSRİ) — azərbaycanlı şair, publisist və ictimai xadim.
Mədəd İsa oğlu İsmayılov 1938-cı il iyunun 18-də Borçalıda Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyən kəndində anadan olmuşdur. 1959-cu ildə Dmanisi rayonu Qızılkilsə kəndində orta məktəbini qızıl medalla, 1961-ci ildə isə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Tbilisidə nəşr olunan "Samqori" qəzeti Mədəd Coşqunun ilk iş yeri olub. İnstitutu bitirdikdən sonra o, Dmanisi rayonuna qayıdıb, Qamışlı kəndində səkkizillik məktəbin direktor müavini, Dmanisi rayonunun yerli radio verilişləri redaksiyasının redaktoru, rayon partiya komitəsinin ideologiya şöbəsində təlimatçı vəzifələrində çalışıb. Mədəd Coşqun uzun illər Dmanisidə iki dildə (gürcü və Azərbaycan) çıxan "Trialeti" adlı rayon qəzetində Azərbaycan şöbəsinin redaktoru olub. Borçalıda milli qarşıdurma dövründə Mədəd Coşqunun Gürcüstanda sonuncu iş yeri olan "Trialeti" qəzetinin Azərbaycan dilində nəşri 1991-ci ildə dayandırılıb. Gürcüstanda azərbaycanlıların milli zəmində sıxışdırılmasının, yeni-yeni başlayan köç prosesinin qarşısını almaq, soydaşlarımızı məlumat blokadasından çıxarmaq üçün Mədəd Coşqun "İnam" adlı qeyri-leqal qəzet yaradaraq Borçalıda yayımlamağa başlayır. Mədəd Coşqun Dmanisidə 1992-ci ilə qədər mübarizəsini davam etdirir.