Pirates of the Caribbean: Armada of the Damned
Pirates of the Caribbean: Armada of the Damned (azərb. Karib dənizinin quldurları: Lənətlənmişin Armadası) — "Propaganda Games" tərəfindən hazırlanan və "Disney Interactive Studios" tərəfindən nəşr olunan ləğv edilmiş döyüş-macəra rol videooyunu. Oyun Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun "Karib dənizinin quldurları" film franşizası əsaslı ilk açıq-dünya videooyunu olacaqdı. Oyun 1 fevral 2011-ci il tarixində satışa çıxarılacaqdı, ancaq "Propaganda Games"in bağlanmasından bir neçə ay əvvəl, 2010-cu ilin oktyabr ayında ləğv olunmuşdur.
"Qara mirvarinin lənəti" filmindən əvvəl keçən oyunun baş qəhrəmanı hörmət qazanmaq üçün Karib dənizini səyahət edən quldur kapitan Ceyms Sterlinq idi. Oyun məzmunu haqda az məlumatın elan edilməsinə baxmayaraq, filmin əsas hekayəsindən müstəqil olması və yeni personajlar ehtiva etməsi nəzərdə tutulurdu. Geympley gerçək-zamanlı döyüş və silah özəlləşdirmə kimi rol videooyunu elementlərinə sahib idi.
"2009 Electronic Entertainment Expo"da elan olunmasından sonra oyun jurnalistlərdən müsbət rəylər almışdır. "IGN" işçisi Demon Hetfild oyunun "ümidverən bir ekşen rol oyunu olacağını" düşünürdü, "GamesRadar" isə oyunun geympleyini "Assassin's Creed" ilə müqayisə edərək tərifləmişdir.