is. 1. Şifahi fikir mübadiləsi; söhbət. O barədə bu gün danışıq olacaq. Aralarında ciddi danışıq oldu.
– Danışıq dananı qurda verər. (Məsəl).
[Güldəstə:] Ata, mən danışığının hamısını eşitdim. Ə.Haqverdiyev.
// Danışma, söhbət etmə.
[Qəhrəman:] İndi nə danışıq vaxtıdır!… Aləm dağılır. H.Nəzərli.
Meşədəki ağaclar küləyin təsirindən uğuldayır, Cavadın danışığına mane olurdu. Ə.Vəliyev.
// Danışma tərzi.
Uzun bir nitq söyləməyə hazırlaşmış kimi görünən katib birdən səsini alçaldıb, danışığının tonunu dəyişdi. Ə.Sadıq.
// Söz-söhbət.
2. Canlı dil, adi danışıq dili.
Bahadır bir neçə həftə danışıqda çox işlənən sözləri [Sonaya] öyrətdi və sonra kitabdan az-az dərs verdi. N.Nərimanov.
□ Danışığa tutmaq – söhbətlə başını qarışdırmaq, söhbətə tutmaq, söhbətlə yayındırmaq.
Növrəstə daha bir söz deməyib addımlarkən bəy yenə də “qızım” deyə-deyə onu danışığa tutdu. Ə.Abasov.
Danışıq etmək – söhbət etmək, danışmaq, məsləhətləşmək, fikir mübadiləsi etmək.
[Vəzir:] Mənə vacib idi ki, siz ilə danışıq edim, qulaq asın! M.F.Axundzadə.
3. İki tərəf, iki nümayəndə heyəti arasında bir şey haqqında gedən fikir mübadiləsi; müzakirə (çox zaman cəmdə işlədilir). İki dövlət arasında danışıqlar. Sülh danışıqları. Danışıqlar kəsildi.
– Bir çox danışıq və müzakirələrdən sonra razılıq əmələ gəldi. S.Hüseyn.
Bu danışıqlara nə oğlan və nə qız şəxsən qarışa bilməz. R.Əfəndiyev.
[Mister Tomas və vəzirlərin] danışıqları bir məzmun ətrafında deyildi. M.İbrahimov.
□ Danışıq aparmaq – bir şey haqqında başqası, ya başqaları ilə fikir mübadiləsi etmək, müzakirə etmək. Mədəni əlaqə haqqında danışıq aparmaq.
– [Qətibə:] Hüsaməddinə Reydə ordu düzəltməyi tapşırmışam… Şirvanla, Bağdadla danışıq aparılmaqdadır. M.S.Ordubadi.