Fətəlipəyə
Fətəlipəyə — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd.
Fətəlipəyə kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Fətəli adlı Şəxsə məxsus pəyə (tövlə) yerində salındığı üçün belə adlandırılmışdır. "Fətəlinin pəyəsi, tövləsi" mənasındadır. Kənddə indiyə qədər əsas təsərrüfat heyvandarlıqdır.
== Tarixi ==
Fətəlipəyə, Ağanus, Turşsu, Kərəviz, Unannovu və Ərəb kəndlərini özündə birləşdirən Fətəlipəyə kənd icra nümayəndəliyi rayon mərkəzindən 8 km məsafədə yerləşirdi.
1960-cı ilə qədər nümayəndəliyin ərazisində 17 para kənd – Ağanus, Fətəlipəyə, Unannovu, Ərəb, Mehrab, Qubaslı, Palçıqlı, Sarı yal, Məşədi Məmmədlər, Qamışlı, Mehin Kahası, Mahmud bulağı, Kahalar, Turablı, Qışlaq, Xudumlar və Kərəviz kəndləri olmuşdur. Sonradan hökumət qərarına uyğun olaraq bu kəndlərin əksəriyyətindən əhali köçürülərək hal-hazırda nümayəndəliyin tərkibində olan kəndlərdə, Laçın şəhərində, Qarabağda və Bakıda məskunlaşdırılmışdır.
1930-cu illərin kolxoz quruculuğu dövrünə qədər bu kəndlərin inzibati mərkəzi Qışlaq olmuş, əhalisi Bağırbəyli adlanmışdır. Yüzbaşılıq yerləşən bu kənddə yüzbaşı vəzifəsini böyük nüfuz sahibi olan Həmid adlı şəxs icra edərmiş.