Haçaparaq (Ermənistan)
Zəhmət (1935-ci ildən), Haçaparaq — Qərbi Azərbaycanda azərbaycanlıların yaşamış olduğu kənd.
== Tarixi ==
Kənd rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin tarixi adı Xacaparaq, Azərbaycan mənbələrində Xocəparak kimi qeyd edilir.
1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «haçalanmanın başlandığı yer» mənasında işlənən haça sözü ilə, qədim türk dilində «gecələr heyvan salınan, hasarlanmış yer» mənasında işlənən parax sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 .l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəhmət qoyulmuş, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Xaçpar adlandırılmışdır.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 - cü ildə 1135 nəfər, 1916-cı ildə 1113 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.