Kəşkül (jurnal)
"Kəşkül" (az.-əski. کشکول) — 1883–1891-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunmuş jurnal, daha sonra qəzet.
== "Kəşkül" jurnalı ==
"Ziyayi-Qafqaziyyə" qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə 1883–1891-ci illərdə ədəbi və siyasi jurnal olan "Kəşkül" jurnalı (daha sonra qəzet) nəşr olunub.
=== Təsisçi ===
Jurnalın naşiri "Ziyayi-Qafqaziyyə"nin redaktoru Səid Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsizadə idi. Cəlal Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı. Səid Ünsizadə "Ziya" qəzetini nəşr etməyə başlayanda Cəlalı da qəzetçiliyə cəlb etmişdi. Sözsüz ki, onu bu jurnalı nəşr etməyə də qardaşı sövq edib.
Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal Ünsizadə 1882-ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə ayda bir dəfə çıxarmaq şərtilə "Kəşkül" adlı məcmuə nəşr etməyə icazə istəyir. C.Ünsizadəyə görə, mətbuat xalqın gözünü açır, oxumağa alışdırır, onun mədəni yüksəlişinə və tərəqqisinə təkan verir.