Pərviz Məmmədrzayev
Pərviz Məmmədrzayev – Azərbaycan pantomim aktyoru. Azərbaycanın xalq artisti (2018).
Pərviz Məmmədrzayev 1994-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-kollektivinin rejissoru fakültəsini bitirmişdir. 1994-cü ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışır. Teatr-studiya 2000-ci ildə Dövlət statusu almışdır.
Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində S. Mrojekin "Karol xofu", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", B. Xanızadənin "Nağaraçılar", "Bayraqdarlar", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Üzeyir Hacıbəyovun "Dulusçu", Uilyam Şekspirin "Eşq" tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq etmişdir.
Pərviz Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs almışdır. Kollektivlə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda iştirak etmişdir. Gürcüstanda keçirilən "Teatr+Video" festivalı, Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada Dədə Qorqud dastanın 1300 illik yubiley şənlikləri, Türkiyədə IV Ankara Teatr Festivalı, Bolqarıstanda "İfaçılıq sənətləri üzrə yay akademiyası" seminarları, Gürcüstanda "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı, İranda I Beynəlxalq Pantomima Festivalı, Almaniyada "VIII – Unidram" Festivalı, Türkiyədə VI Ankara Teatr Festivalı, İranda "Dostluq" Teatr Festivalı, Misirdə Eksperimental Teatr Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmiş, Pantomima Teatrını bu ölkələrdə tanıtmışdır.
2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlamış, həmin ilin may ayında "Simsar" teatr-studiyasını yaratmışdır.