I Napoleon
Napoleon Bonapart (it. Napoleone Buonaparte, fr. Napoléon Bonaparte; 15 avqust 1769[…], Ayaçço, Fransa krallığı[…] – 5 may 1821[…], Lonqvud evi[d], Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun Generalı, Fransa Respublikasının birinci prezidenti (9 noyabr 1799 – 20 mart 1804), fransızların imperatoru (18 may 1804 – 11 aprel 1814, 12 mart 1815 – 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 – 17 mart 1805), İtaliya kralı (17 mart 1805 – 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 – 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 – 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808–1809).
== Ümumi xülasə ==
Napoleon Bonapart 15 avqust 1769-cu ildə Ayyaçoda anadan olub. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu idi. Napoleon Briendəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirir, elə həmin ildən artilleriya üzrə kiçik leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayır. O dövrdə Fransada böyük çaxnaşmalar baş verirdi. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda döyüşlərə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Bu qələbəsinə görə Napoleon briqada generalı, 23 fevral 1796-cı ildə isə İtaliya ordusunun komandanı təyin edilir.