Padşah oyunu
Qarabağda “Padşah oyunu”, Qubadlıda “Şah bəzəmə”, Ordubadda “Xan bəzəmə” adı ilə tanınan bu oyuna Azərbaycanın bir çox bölgələrində rast gəlmək mümkündür. Həmin mərasim bəzi rayonlarda (Qubadlı, Laçın) ilaxır çərşənbədə, Cəbrayılın Sirik kəndində, Ordubad rayonunda isə martın 21-22-si keçirilir.
Bəzi yerlərdə bu oyunun keçirilməsi üçün qabaqcadan müəyyən qədər vəsait də yığılır. Qubadlı rayonunun Dəmirçilər kənddə bu oyunu keçirmək üçün vaxtilə pul yığılıb heyvan alınmış, həmin heyvanın ətindən yemək bişirilib həmin gün camaata verilmişdi. Beyləqan rayonunu Günəşli kəndində isə 2014-cü ildə həmin mərasimi keçirmək üçün hər evdən on manat pul yığılmış, həmin vəsait çalğıçıların pulunun ödənilməsinə, onların yeməyinə, mağarın qurulmasına və s. xərclənmişdi.
Padşah olacaq şəxs səsvermə ilə müəyyən edilirdi. Məsələn, Laçın rayonunun Sadınlar kəndində səsə qoyular, kim daha çox səs toplasa, onu da padşah seçərdilər. Qubadlı rayonunun Dəmirçilər kəndində isə padşah, onun əyan-əşrəfi yaşlı, sayılıb seçilən adamların arasından seçilirdi. 2009-cu ildə Sumqayıt şəhər stadionunda bu mərasimi keçirən zaman məktəb direktoru Yadigar müəllim şah seçilmiş, kəndin icra nümayəndəsi Şahbaz müəllim də onun vəziri olmuşdu.