is. 1. Havada və suda oksidləşmə nəticəsində dəmirin üzərində əmələ gələn qırmızı-qonur nazik təbəqə; paxır, cəng.
Adətən üst-başı dəmir pası və yağdan çirklənmiş, paltarları yamaqlı olan fəhlələr yavaş-yavaş işə başlayır… M.İbrahimov.
□ Pas atmaq (basmaq, tutmaq) – bax
paslanmaq.
…Rəflərdə pas basmış … qablar üst-üstə yığılmışdı. Çəmənzəminli.
Bu nizələr, bu süngülər muzeylərdə pas tutacaq. S.Vurğun.
Pas yemək – pasdan xarab olmaq, yeyilmək (metal şeylər haqqında).
…Dəmir civləri, mıxları pas yeyib naziltmişdi. B.Bayramov.
// məc. Obrazlı təşbehlərdə.
Gözüm gördü, gönlüm qəmdən ayıldı; Şikəstə könlümün pası silindi. Aşıq Ələsgər.
Çəkərəm hər zaman yası; Silinməz könlümün pası. Aşıq Kərəm.
2. xüs. Bitkinin (əsasən yarpaq və gövdəsinin) üzərində tüfeyli göbələklər olan yerdə əmələ gələn sarı-narıncı rəngli ləkə.
3. məc. Eyib, nöqsan, ləkə.
□ Pası (pasının üstü) açılmaq – eybi, nöqsanı, gizli işləri aşkara çıxmaq, faş edilmək, ifşa olunmaq.
Pasını (pasının üstünü) açmaq – eybini, nöqsanını, gizli işlərini açıb demək, faş etmək, aşkara çıxarmaq.
Mənə qohum oldu bu cür biədəb; Varımı korladı, pasımı açdı. M.S.Ordubadi.
4. “Bir” sözü ilə – bir müddət, bir vaxt.
…Alı kişi ilxını çölə aparar, bütün günü otarar, gecədən də bir pas keçəndən sonra xalxala gətirərdi. “Koroğlu”.
İlyas gecədən bir pas keçirdib, durub getməkdə olsun. (Nağıl).