f. 1. Qabağına qatıb irəli hərəkət etdirmək, aparmaq, istiqamətləndirmək. Qoyunları sürmək. Naxırı çölə sürmək.
– Divar dibində, kölgədə xoruz, toyuqlar uyqular; Naxırçılar qaramalı sürüb sərin suya salar. A.Səhhət.
// Arabaya və s.-yə qoşulmuş heyvanı yeriməyə təhrik etmək, məcbur etmək, haylamaq.
Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi. C.Məmmədquluzadə.
Novruz istəyirdi atları sürsün. N.Nərimanov.
Qatırı sürən ( f.sif. ) kişi dəstəni saxladı. S.Vəliyev.
2. Hərəkət edən şeyi (avtomaşını, təyyarəni, gəmini və s.-ni) idarə etmək. Kombayn sürmək. Velosiped sürmək. Tramvay sürmək.
– Şofer maşını geriyə döndərdi və hamar yolla sürərək vağzala istiqamət aldı. M.Hüseyn.
[Xala Yunisə:] Deyirlər, Yaqut əyriplan sürür, göydə uçur. Ə.Məmmədxanlı.
3. Qovmaq, sürgün etmək, cəza olaraq uzaqlara göndərmək.
[Paşa bəy xana:] A kişi, indi danışanda bizi sürməyəcəklər ki, sözdür… Çəmənzəminli.
4. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir;
məs.: ömür sürmək, həyat sürmək, dövran sürmək, cəfa sürmək və s.