Sara Nəzirova
Sara Mollaçı qızı Nəzirova — Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi.
Sara Nəzirova 1944-cü il 29 dekabrda Oğuz rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirmişdir. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbini müvəffəqiyyətlə başa vurmuşdur.
1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunmuşdu. S.Nəzirova 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləmişdir. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışmışdır.
Sara Oğuz Nəzirova 22 iyun 2014-cü ildə vəfat etmişdir.
Sara Nəzirovanın əsərləri 1968-ci ildə dövri mətbuatda çap olunmağa başlamışdır. Təsviri incəsənət haqqında məqalələri və nəsr əsərləri "Ədəbiyyat və incəsənət", "Odlar yurdu", "525-ci qəzet", "Vışka", "Bakinskiy raboçiy", "Azerbaydjanskie izvestie", "Mir literaturı", "Den" qəzetlərində, "Qobustan", "Yurd", "Avropa-Asiya", "Gənclik", "Literaturnıy Azerbaydjan", "Pioner", "Kontakt", "Ulduz" jurnallarında, habelə Çexoslovakiyada "Umeniya remesla", Türkmənistanda "Aşxabad", Qazaxıstanda "Prostor" jurnallarında dərc olunmuşdur.