Sinoviski yemişanı
Crataegus × pseudoazarolus (lat. Crataegus × pseudoazarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Qafqazda yayılmışdır.
Hündürlüyü 5-6 m olan ağacdır. Cavan zoğları seyrək-ağ keçəli, sonradan təxminən çılpaq, yaşılımtıl və al qırmızı olur, bir və ikiillik zoğlar isə al-qırmızı-qonur, bir az parlaq, qoca budaqları bozumtul-qonur və ya bozdur. Yarpaq qoltuğunda yerləşən iynələri seyrəkdir. Fertil zoğlarda olan yarpaqlarının uzunluğu 30-70 mm, eni 25-70 mm, yumurtavari və ya bəzən təxminən yumru, enli, uzunsov bünövrəli və iti ucludur. Beş-yeddi enli bölümlüdür, bölümlər yumurtavari olmaqla üstdən ucu biz, mərkəzindən qeyri-bərabər dişlidir. Steril zoğların yarpaqlarının uzunluğu 60-70 mm, eni 60-80 mm, üstü yaşıl rəngli, tutqun, yapışıqlı tükcüklüdür. İri yarpaqları bəzən çılpaq, alt tərəfi açıq yaşıldır.