UDMAQ

f.
1. Udlaq əzələlərinin hərəkəti ilə bir şeyi ağız boşluğundan qida borusuna və mədəyə ötürmək. Həbi udmaq. Bütöv tikəni udmaq.
– Dəryalar tutdu məni; Naqqalar uddu məni; Əziz, istəkli dostum; Nə tez unutdu məni? (Bayatı).
Qoca hülqumunda düyünlənən iri bir tikəni udan kimi oldu. M.Hüseyn.

// məc. Öz içinə alıb yox eləmək, məhv eləmək, həmişəlik aparmaq.
Arvad yerində qımıldandı: – Necə Ayaz gəlmədi?! Vay, kül mənim başıma, olmaya bu cəhənnəm uşağı da uddu!… M.İbrahimov.
Ona çox görmə sən, gəl bu anları; Vuruş bəzən udur qəhrəmanları. M.Rahim.

// məc. Ümumiyyətlə, məhv etmək, yox etmək, puç etmək.
[Nigar xanım dedi:] Üç igidi udan dağlar; Dağlar, Eyvazı neynədiz?! Koroğlu”.
[Vaqif qapıçıya:] Bu torpaq [Qacarı] da udar. S.Vurğun.

// məc. Çökmək, qaplamaq, qavramaq, içinə alaraq görünməz etmək.
Çayın dilə gəlmiş suyu sürətlə ətrafa yayılır, o taydakı çəltik və pambıq əkinlərini yalayıb udurdu. Ə.Vəliyev.
Ağır buludlar get-gedə yerə enir, elə bil hər şeyi udmaq istəyir. H.Seyidbəyli.

2. məc. Qanunsuz olaraq yiyələnmək, mənimsəmək, yemək, zora salıb almaq. Başqasının malını udmaq.
– Rüşvət haramdır, – dedin, aldın, utanmadın! Mali-yetimə “od” deyə uddun da, yanmadın! M.Ə.Sabir.

3. məc. Dözmək, təhəmmül etmək, qatlaşmaq, dözərək sükut etmək, üzə verməmək.
[Səkinə] dırnağına … batan iynənin ağrısını udub, uf da demədən yenə öz işi ilə məşğul idi. M.İbrahimov.

// məc. Xoşagəlməz, təhqirli bir sözə, hərəkətə sakitcə, etirazsızca dözmək, ötürmək, cavabsız qoymaq, fikir verməmək.
Belə sözləri daha ud, bəy! – deyə, Alagöz qışqırıb qaçmaq istərkən Müqim bəy qapının ağzını kəsdi. S.Rəhimov.
[Zəhra] Həsənin ona əl qaldırmasını və təhqiranə sözlərini heç cürə uda bilmirdi. M.İbrahimov.
[Yunis xalasına:] Əgər sən bilsəydin ki, mən nəyi udub danışmıram… Ə.Məmmədxanlı.

4. məc. Aydın, bütöv deməmək, yarımçıq demək, yaxud heç deməmək. Sözü udmaq. Həyəcandan cümlənin axırını udmaq.
– Xəlilov dilinin ucuna gələn sözünü güclə uddu. M.Hüseyn.

◊ Acı həb kimi udmaq – bax udmaq1 3-cü mənada.
Qurban sakitcəsinə bu zarafatlara və kəskin sözlərə dözür və hamısını acı həb kimi udurdu. T.Ş.Simurq.

Qan udmaq – bax qan.
Hava udmaq – təmiz havada dərindən nəfəs alaraq havanı içəri çəkmək, hava udmağa çıxmaq. Dağlarda təmiz hava udmaq.
…havasını udmaq məc.
…havası ilə nəfəs almaq.
Zəhər kimi udmaq – bax acı həb kimi udmaq.
Hər kəs peşmançılığını bir zəhər kimi udmaq istəyirdisə də, bacarmır. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UDMAQ aparmaq — qazanmaq
  • UDMAQ I UDMAQ Qoca hülqumunda düyünlənən iri bir tikəni udan kimi oldu (M.Hüseyn); HƏZM-RABEDƏN KEÇİRMƏK .
UDMAQ
UDMURT

Digər lüğətlərdə