Veysəlli (Göyçay)
Veysəlli — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin, eləcə də bəylərin, din xadimlərinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə Veysəlli adlı daha bir kənd 1832, 1849, 1864 illərdə Bakı quberniyasının, Şamaxı qəzasının, Bərgüşad mahalının kəndi kimi yazılmışdır. Bu kənd 1873, 1886 illərdə aparılmış əhalinin siyahıya alınması sənədlərində Bakı quberniyasının, Göyçay qəzasının, Bərgüşad mahalının kəndi kimi göstərilmişdir. Bu kəndin əhalisi Qarabağın Veysəlli kəndindən köçmədir.
1832 ildə aparılmış əhalinin siyahıya alınmasına istinadən, 82 ailədən ibarət Veysəllinin 198 nəfər kişi sakini olmuşdur. Siyahıya alınmada qadınların sayı göstərilməmişdir.1849 ildə aparılmış siyahıya alınmaya görə, 33 tüstüdən ibarət Veysəllidə 99 kişi yaşamış, qadınların sayı göstərilməmişdir. 1864 ildə aparılmış siyahıya alınmaya istinadən, əhalinin ümumi sayı 180 nəfər olmaqla 35 tüstüdən ibarət Veysəllidə 94 kişi, 86 qadın yaşamışdır. 1873 ildə aparılmış siyahıya alınmaya görə, əhalinin ümumi sayı 160 nəfər olmaqla 36 tüstüdən ibarət Veysəllidə 86 kişi, 64 qadın yaşamışdır. 1886 ilin siyahıya alınmasına istinadən, əhalinin ümumi sayı 192 nəfər olmaqla 48 tüstüdən ibarət Veysəllinin 100 kişi, 92 qadın sakini olmuşdur.
Veysəllidə müxtəlif illərdə bəylərin və din xadimlərinin onların ailə üzvlərinin siyahıya alınması aparılmış, illərə görə yaşları göstərilmişdir.
Veysəlli. Göyçay r-nunun Mırtı i.ə.v.-də kənd.