Əminə Naciyə Sultan (24 noyabr 1896, Konstantinopol – 4 dekabr 1957, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Əminə Naciyə Sultan | |
---|---|
türk. Naciye Killigil | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 noyabr 1896 |
Doğum yeri | Feriye sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 4 dekabr 1957 (61 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Atası | Səlim Süleyman Əfəndi |
Anası | Ayşə Tərzitər xanım |
Həyat yoldaşları |
Ənvər Paşa Mehmed Kamil Killigil |
Uşaqları |
Mahpeykər xanım Sultan Türkan xanım Sultan Sultanzadə Əli bəy Rəna xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Vikianbarda əlaqəli mediafayllar |
Naciyə Sultan 24 noyabr 1896-cı ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun son xanımı Ayşə Tərzitər xanımdır. Digər xanım sultanlar kimi Naciyə Sultan da mükəmməl saray tərbiyəsi aldı. Kiçik yaşlarından fransız və alman dillərini öyrəndi, piano və skripka dərsləri aldı.
1908-ci ildə əmisi Sultan Əbdülhəmid Naciyə Sultanı kiçik oğlu Hayri Əfəndiylə evləndirmək istədi. Ancaq Naciyə Sultan o əsnada hələ 12 yaşında idi. Bu səbəblə atası Süleyman Əfəndi və anası Tərzitər xanım ilk başda bu evliliyə qarşı çıxdılar. Ancaq çox keçmədən Sultan Əbdülhəmid qardaşını razı saldı və beləcə Naciyə Sultan 1908-ci ildə əmisi oğlu Hayri Əfəndiylə nişanlandı.
Ancaq ertəsi il Sultan Əbdülhəmidin taxtdan endirilərək övladlarıyla birlikdə sürgünə göndərilməsinin ardından cütlüyün nişanı Sultan Rəşad tərəfindən ləğv edildi. Üstəlik bu əsnada İttihad və Tərəqqi Cəmiyyətinin güclü simalarından Ənvər Paşa da Naciyə Sultanla evlənmək niyyətində idi. Nəhayət 1909-cu ilin mayında Naciyə Sultan o əsnada Berlində olan Ənvər Paşayla vəkalətən keçirilən bir mərasimlə nişanlandı. Ancaq bir neçə ay sonra Naciyə Sultanın atası Süleyman Əfəndinin vəfat etməsi toy mərasimini gecikdirdi.
Cütlüyün nigahı 15 may 1911-ci ildə Dolmabağça sarayında dövrün şeyxülislamı Musa Kazım Əfəndi tərəfindən bağlandı. Toy mərasimi isə təxminən 3 il sonra — 5 mart 1914-cü ildə Nişantaşı köşkündə baş tutdu. Mərasimin ardından cütlüyə Beşiktaş sahilindəki saraylardan biri təsis edildi. Ənvər Paşanın ölkənin sosial və siyasi həyatındakı rolu səbəbilə Naciyə Sultan da bu fəaliyyətə aktiv şəkildə iştirak etdi. 1916-cı ilin avqustunda Naciyə Sultan İstanbulda "Əməkçi Müsəlman Qadınlar Cəmiyyəti"ni təsis etdi və bu cəmiyyətin fəaliyyətləri çərçivəsində qadınların çalışma şəraitinin yaxşılaşdırılmasına çalışdı.
Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəldi ki, bunlardan ilk iki övladı — Mahpeykər və Türkan xanım Sultanlar İstanbulda dünyaya gəldi. Belə ki, 14 oktyabr 1918-ci ildə Ənvər Paşa hərbi nazirlikdən azad edilmiş, İngilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasının ardından Ənvər Paşa da ölkədən qaçmağa məcbur qalmışdır. O əsnada Naciyə Sultan hamilə olduğu üçün onunla gedə bilmədi. Bu səbəblə ikinci qızının dünyaya gəlişindən bir il sonra — 1920-ci ildə qızlarını da yanına alaraq ərinin yanına Berlinə getdi. Cütlüyün son övladı olan Sultanzadə Əli bəy məhz burada dünyaya gəldi. Ancaq övladı dünyaya gəlmədən bir neçə ay öncə Ənvər Paşa Sovet Rusiyasına qaçmış, bu səbəblə oğlunu heç vaxt görə bilməmişdir.
Onun 4 avqust 1922-ci ildə vəfatının ardından dul qalan Naciyə Sultan övladlarını da yanına alaraq İstanbula döndü və ərinin vəsiyyətinə əsasən, ertəsi il 30 oktyabr 1923-cü ildə qaynı Mehmed Kamil bəylə nigahlandı. Ancaq çox keçmədən 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Naciyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. İlk öncə Parisdə yaşayan Naciyə Sultanın 1926-cı ildə ikinci nigahından Rəna xanım Sultan adlı bir qızı daha dünyaya gəldi. 1933-cü ildə Nitsaya gəldi və illərdir görmədiyi qardaşı Şərafəddin Əfəndiylə görüşdü. İkinci Dünya Müharibəsinin başlanğıcında ailəsiylə birlikdə İsveçrənin Bern şəhərinə köç edən Naciyə Sultan uzun müddət övladlarını görə bilmədi. 1943-cü ildə qızları Mahpeykər və Türkan xanım Sultanlar çıxan əfv qanunuyla İstanbula qayıda bildilər. İkinci Dünya Müharibəsinin ardından Naciyə Sultan, əri və qızı Rəna xanım Sultanla birlikdə 1946-cı ildə Parisə geri döndü. 1949-cu ildə əri Mehmed Kamil bəydən formal olaraq boşandı. Beləcə, İstanbula dönən Mehmed Kamil bəy apardığı bəzi hüquqi prosedurların ardından, Naciyə Sultaanı Ənvər Paşanın dul xanımı ünvanıyla İstanbula gətirə bildi. Rəsmi şəkildə boşanmış görülsələr də, ömrünün sonuna qədər Mehmed Kamil bəylə yaşayan Naciyə Sultan 4 dekabr 1957-ci ildə İstanbulda qaraciyər xərçəngi səbəbilə vəfat etdi. Cənazəsi Yəhya Əfəndi türbəsinə — atasının yanına dəfn olundu.