Qarabağ suvarma kanalı

Qarabağ suvarma kanalı (2024-cü ilədək Yuxarı Qarabağ suvarma kanalı)[1][2] — 1958-ci ildə istismara verilən, uzunluğu 172,4 km olan Mənbəyini Mingəçevir su anbarıKür çayından götürən suvarma kanalı.

Yuxarı Qarabağ kanalı
Axdığı yerlər QarabağMil düzü
Giriş Mingəçevir su anbarı
Uzunluğu 172,4 km.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1951-ci ildə Yuxarı Qarabağ kanalının layihələndirilməsinə başlanıldı. 1958-ci ildə istismara verilmişdir. Yuxarı Qarabağ kanalı respublikada Samur-Abşeron kanalından (182 km) sonra uzunluğuna görə ikinci yeri tutur. Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərini suvarmaqla Bəhramtəpə su qovşağı yaxınlığında Araz çayınadək davam edir. Mənbəyini Mingəçevir su anbarıKür çayından götürür.[3] Su anbarındakı Yuxarı Portal baş qurğusundan qəbul edilən su, uzunluğu 1072 m, diametri 4,9 m olan tuneldən keçirilərək Aşağı Pormal baş qurğusu vasitəsilə kanala verilir. Su qəbul edilən yerdə kanalın dib yüksəkliyi 59 m-dir. Torpaq məcrada tikilmiş kanalın uzunluğu 172,4 km, normal su sərfi saniyədə 113 kub m, maksimal su sərfi isə saniyədə 138 kub m-dir. Kanal Qarabağ zonasının, Mil düzünün (az da olsa Muğan düzünün) 122 min hektar sahəsini su ilə təmin edir. Araz çayında su az olan vaxtlarda bu kanala Bəhrəmtəpə hidroqovşağına saniyədə 45 kub m su vermək mümkündür. Eyni zamanda, AzDRES-in (Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası) istifadə etdiyi soyutma suyu da bu kanaldan götürülür. Qış aylarında əkin sahələrinə su lazım olmadıqda belə, AzDRES-ə görə kanala saniyədə 65 kub m su verilir. Soyutma sistemindən çıxan isti su yenidən kanala axıdılır. Bu isə suvarma aparılmayan aylarda AzDRES-in fasiləsiz işi ilə bağlı kanalda təmir-bərpa işlərinin aparılmasına mane olur. Kanala daxil olan isti su torpaq məcrada müxtəlif bitkilərin inkişaf etməsinə şərait yaratdığından, kanalın en kəsik sahəsi azalır və hidravlik parametrlər dəyişir, kanalın su aparma qabiliyyəti 20–30 % azalır. Yuxarı Qarabağ kanalına su buraxılmamışdan əvvəl kanalın istiqaməti keçən ərazilərdə, kanalətrafı sahələrdə (1955) qrunt sularının orta yatım dərinliyi 10–15 m idi. Kanala su verilən ilin sonunda qrunt sularının orta yatım dərinliyi 5–6 m, təxminən 5–7 il keçəndən sonra isə 3,0÷3,5 m olur. 1962-ci ildə Xaçınçayın yaxın ərazilərdəki kanal keçən sahələrdə qrunt sularının orta yatım dərinliyi 1,0÷1,5 m idi. Üstündə 119 hidrotexniki qurğu, 20 nasos stansiyası var. Ümumilikdə 82856 hektar sahəni suvarır. İntensiv suvarma dövründə Araz çayının suyunu artırmaq və Muğan düzündə suvarmada istifadə etmək üçün Yuxarı Qarabağ kanalı vasitəsilə Kür çayından Araza su axıdılır. Yuxarı Qarabağ kanalı vasitəsilə Yevlax rayonunun 23150 hektar əkin sahəsi suvarılır.[4]

Yuxarı Qarabağ kanalının təsir zonasında ərazinin sxematik planı
Yuxarı Qarabağ kanalının təsir zonasında ərazinin sxematik planı

Ətraf mühitə təsiri

[redaktə | mənbəni redaktə et]

Respublikada olan 54 min km uzunluğunda suvarma kanallarının yalnız 8 %-nə beton döşənmişdir. Suyun 25 %-dən çoxu sızıb torpağa hopur. Nəticədə qrunt sularının səviyyəsi qalxaraq torpaqları su basmasına, onların bataqlıqlaşmasına və şoranlaşmasına gətirib çıxarır. Bununla yanaşı kanallardan sızan su onların suvarma qabiliyyətini xeyli azaldır. Su qıtlığı şəraitində böyük itkiyə yol verilməsi kənd təsərrüfatının inkişafını ləngidir. Yuxarı Qarabağ kanalı idarəsinin məlumatına görə, həmin kanaldan hər saniyə ərzində orta hesabla 13 m su torpağa sızır. Bu o deməkdir ki, beton örtüyə alınmadığından kanalda ildə 410 mln. m3 su itkisinə yol verilir. Bu rəqəm respublikanın böyük su anbarlarından biri olan Ceyranbatan su anbarının həcmindən 2,2 dəfə böyükdür. Yuxarı Qarabağ kanalının mövcud olduğu 50 ildən artıq bir müddətdə onun axıtdığı suyun 20 km3-dən çoxu torpağa sızmışdır. Mingəçevir su anbarının həcmindən xeyli çox olan bu rəqəm magistral suvarma kanallarının tikintisində buraxılan nöqsanların hansı ağır nəticələrə gətirib çıxarması haqqında aydın təsəvvür yaradır[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-10-06.
  2. "Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 15 aprel 2024-cü il.
  3. "Suvarma sistemləri". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-20.
  4. Paşayev E. P., Həsənov F. H. "Azdövsutəslayihə" institutunun tarixi və inkişaf yolu. Bakı: Şərq-Qərb, 2010, s. Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine 65
  5. Xəlilov Ş. B. Azərbaycanın ekocoğrafi problemləri, Bakı 2006