Sadiq bəy Sadiqi

Sadıq bəy Sadiqi (1533[1][2][…], Təbriz1610[1][2][…], İsfahan) — sərkərdə, təzkirəçi, şair, miniatür rəssam.

Sadıq bəy Əfşar
Doğum tarixi 1533[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1610[1][2][…]
Vəfat yeri
Fəaliyyəti rəssam, kitabxanaçı, müzəhhib[d], şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XVI əsrin ikinci yarısı- XVII əsrində əvvəllərində yaşayıb yaratmış Sadiq bəy Sadiqi I Şah İsmayıl hakimiyyətə gəldiyi zaman Şamdan öz istəyi ilə ona qoşulmağa gələn Xüdabəndəlü adlı türk-oğuz elinə mənsubdur. Sadiq bəy külliyatının əvvəlində öz Xüdabəndəlü tayfası barədə məlumat vermişdir.

Sadiq bəy Əfşar həm rəssam həm şair həm kitabdar həm də sərkərdə kimi tanınmışdır. Atası tayfanın nüfuzlu şəxslərindən olduğu üçün hələ gənclik illərində Hafizi Sabunidən, daha sonra isə Fəzai Həmədanidən şeir təhsili almışdır. Şeirlərini fars dili ilə yanaşı Azərbaycan, ÇağatayOsmanlı türkcəsində yazan şairin günümüzə külliyyatı gəlib çıxmışdır. Külliyatına 10 ədəd əsər daxildir. Bunlara Məcməül-Xəvas, Qanun üs-Süvər, Fəthnameyi Abbase-namidar və s. misal göstərmək olar.

Sadiq bəy həmçinin mükəmməl rəsm təhsili almış, Qəzvində yaşadığı illərdə isə rəssamlıqla məşğul olaraq bu elmi tədris etmişdir. İsgəndər bəy Münşi Tarixi aləmarayi-Abbasi əsərində qeyd edir ki, Sadiq bəyin müəllimi məşhur rəssam Müzəffər Əli olmuşdur. Sadiq bəyin günümüzdə 4 ədəd imzalı portreti aşkar edilib.

Qaynaqlarda sərkərdə, dərviş, təzkirəçi, şair, nəqqaş və saray kitabdarı kimi adından söz edilən Sadiq bəy hicri 940-cı ildə (miladi 1533-1534) Səfəvi dövlətinin paytaxtı Təbriz şəhərinin Vicuyə məhəllləsində anadan olmuşdur.[3] Əsl adı Sadiqdir. Sadiqi isə təxəllüsüdür. Mənbələrdə bəzən Sadiqi Geylani[4], Sadiqi Kitabdar, Sadiq bəy Sadiqi adlarına da rast gəlmək mümkündür.[5] İsgəndər bəy Münşi və Qazi Əhməd Qumi əsərlərində ondan Sadiq bəy Əfşar kimi bəhs edirlər. Atası Şah İsmayıl meydana çıxan zaman öz istəkləri ilə Şamdan İraq və Azərbaycana gəlib burada yaşayan Xüdabəndi boyunun nüfuzlu şəxslərindən idi.[5]Sadiq bəy külliyatının əvvəlində öz mənşəyi barədə yazır:

“Mən həqir Xüdabəndəlü adı ilə məşhurlaşmış və tanınmış türk tayfasındanam. Onlar ədalətli şahın ölkə tutmağa və dünyanı almağa başladığı ilk günlərdə tabelik bildirmək və yardım etmək üçün Şam diyarından Aləmin sığındığı dərgaha üz qoymuşlar.”[6] Mənbələrdə atasının adına rast gəlinməsə də tayfa daxilində güclü nüfuza malik varlı şəxslərdən biri olduğu məlumdur. Bu səbəbdən Sadiq bəy uşaqlıq və gənclik illərində dövrün tanınmış alim və sənətkarlarının şagirdi olmuşdu. 20 yaşına çatdıqda təqribən 1553-cü ildə Sadiq bəyin atası öldürülür. Atasının qətlindən sonra ona himayədarlıq edəcək bir şəxs olmadığı üçün Sadiq bəy el-obasını tərk edərək qələndər və dərvişlərə qoşulur. Müəllifin “Məcməül-Xəvas” əsərində həyatı barədə verdiyi məlumatlardan anlaşılır ki, o qələndərilər ilə yaşadığı illərdə Hələb, Bağdad, Nəcəf, Kərbala, Gilan, Lahican, Astrabad, Həmədan kimi bir sıra Səfəvi və Osmanlı şəhərlərini gəzmişdir. Məsələn əsərində Anadolunu şeir üstadı kimi bəhs etdiyi Baki ilə yaxşı bir dostluq münasibəti qurmuşdu. Baki 1556-1560-cı illərdə Hələbdə qazi naibi kimi çalışdığı üçün , Sadiq bəyin məhz bu illər ərzində Hələbə səfər etdiyi düşünülür. O əsərində Bağdadda Qivaməddin Bağdadi ilə, Nəcəf və Kərabalada isə Qılınc bəy ilə görüşündən bəhs etmişdir.[7] Sadiqinin bu şəhərlərdə nə qədər yaşadığı bilinmir. İsgəndər bəy Münşi yazır ki, bir müddət qələndərilər ilə yaşadıqdan və gəzdikdən sonra Həmədan hakimi Əmir Xan Sadiq bəyin bu vəziyyətindən xəbər tutur. O Sadiq bəyi qələndər və dərvişlərdən uzaqlaşdırıb öz himayəsinə götürür. II Şah İsmayıl dövründə (1576-1577) Qəzvində saray kitabxanasında işlədiyi qeyd edilən Sadiqi Sultan Məhəmməd Xüdabəndənin (1578-1587) dövründə paytaxtı tərk edərək əvvəlcə İsgəndər xan Əfşarın sonra isə Bədir xan Əfşarın himayəsində çalışır. 1581-ci ildə Astarabad döyüşündə hələ də cəsur döyüşçü olduğunu sübut edən Sadiq bəy, döyüşdən sonra Yəzdə gedərək bir müddət Xacə Qiyas-ı Nəqşbəndin yanında işləyir. 1587-ci ildə I Şah Abbas taxta çıxdıqdan sonra Qəzvinə qayıdan Sadiq bəyə tezliklə yenidən kitabdar vəzifəsi verildi. Həmin illərdə Sadiqinin xəttat Əli Rıza Təbrizi ilə yaşadığı rəqabətə diqqət çəkən Qazıyev, Sadiqinin bu vəzifəni 1592-1598-ci illər arasında yerinə yetirdiyini bildirir. Səfəvi tarixçilərindən Cəlaləddin Məhəmməd Yəzdi “Tarix-i Abbasi” adlı əsərində Sadiq bəyin 1598-ci ildə kitabdar vəzifəsində olmadığını qeyd edir. Lakin onun ömrünün sonuna kimi məvacib almağa davam etdiyi qeyd olunur. Cambridge history of Iran adlı əsərin Teymurilər və Səfəvilər dövrlərindən bəhs edən altıncı cildində Sadiq Bəy Əfşarın kitabdar təyin olunduğu tarix hicri 995-ci il (miladi 1587) kimi göstərilir.[8]

Simurqun körpə Zalı Qaf dağına aparması

Türkcə yazdığı məktublardan ömrünün son illərində xəstə olduğu anlaşılan şairin ölüm tarixi tarixşünaslıqda müzakirə məsələsidir. Müzakirələrin əsas səbəbi Peterburq Şərqşünaslıq İnstitutunda qorunan Teymur xan türkmən portretinə Muin Müsəvvirin yazdığı qeydin iki fərqli oxunuşdan keçməsidir. “Bu, mərhum Sadıqi bəy Əfşarın 102-ci ildə çəkdiyi mərhum Teymur xan Türkmənin portretidir və mən Muin Müsəvvir onu 1095-ci ildə tamamlamışam”. Sadiqinin yarımçıq qoyduğu əsərin Muin Müsəvvir tərəfindən 1095/1683-cü ildə tamamlandığını göstərən bu qeyddə 1002 tarixini ilk əsərində 1020 kimi şərh edən Qazıyev, rəssamın 1020/1612-1024/1616 illər arasında vəfat etdiyini bildirmişdir.[9] Bir neçə il sonra nəşr etdiyi ikinci araşdırmasında yeni tədqiqatlar nəticəsində bu tarixin 1002/1594 kimi oxunması lazım olduğunu qeyd etmişdir. M. Muradova özünün "Sadiq bəy Sadiqinin təvəllüdü və ölümü haqqında" adlı məqaləsində şairin günümüzə qədər çatmış əsərlərindəki tərcümeyi-hal səciyyəli qısa məlumatına əsasən, şairin 1609-cu ildə 77 yaşında vəfat etdiyini yazmışdır.[10] Valih-i Dağistaninin tərcümeyi-hallarında "Riyazü'ş-Şüarə" adlı əsərindəki məlumatlara əsaslanan bütün tədiqatlarda Sadiqinin vəfat tarixi 1018/1609-10-cu il kimi göstərilib. Lakin onun təxminən hicri 1022/1614-cü ildə vəfat etdiyini bildirən Taqi Övhədinin yazdığı “Ərəfatü’l-Arifin” kimi mənbələr də vardır.[8]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Günümüzdə Sadiq bəy Əfşarın daha çox şair və sənətkar keyfiyyətləri ilə xatırlandığını söyləmək mümkündür. Onun çağdaşı olan təzkirəçi və tarixçilər Sadiq bəyin poetik istedadını yüksək qiymətləndirirlər. “Məcməül-Xəvas” əsərində yazdığına görə o, gənclik illərində Hafizi Sabunidən, daha sonra isə Fəzai Həmədanidən şeir təhsili almışdır. Sadiq bəyin şeir sənətindəki ən mühüm müəllimi, şübhəsiz ki, Nişapurlu Mir Suni olmuşdur. Müəllimini dərviş təbiətli, ibadətə düşkün biri kimi xatırlayan Sadiq bəy üç il Təbrizdə dərs aldığı bu şəxsin 90 yaşlarında olduğunu bildirir. Bu məlumatlara əsaslanaraq, amerikan professor Antoni Velçin fikrincə, Sadiqinin Mir Sunidən təhsil aldığı illər təqribən 1565-1568-ci illərə təsadüf edir. Qazi Əhməd Qumi də əsərində Suninin 1568-ci ildə vəfat etdiyini bildirir.

Yaşadığı dövrdə qəzəl, qəsidə, qəsidə, rübai, müxəmməs, məsnəvi və s. şeirləri bəyənilən Sadiq bəy Sadiqi həm türkcə, həm də farsca üç fərqli ləhcədə şeirlər yazmışdır. Şair "Sadiqi" təxəllüsü ilə tanınırdı. Şairin Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sinin türkcəyə tərcüməsi ilə bağlı yazdığı məktubu bu baxımdan çox əhəmiyyətlidir. Məktubda deyilir ki, I Şah Abbas ondan “Məsnəvi”ni türkcəyə çevirməyi xahiş etdikdə, o əsəri Çağatay, Azərbaycan və Osmanlı ləhcələrinə uyğun hazırlayıb şaha təqdim etmişdi.

Sadiqinin şairlik istedadını göstərən digər mühüm məqam isə vəzifədən getdikdən sonra xəlvətə çəkilərək yazdığı və 1010/1602-ci ildə tamamladığı külliyatıdır. Müəllif nüsxəsi Təbriz Milli Kitabxanasında 3616 nömrədə mühafizə edilən küliiyat şairin mənzum və mənsur şəkildə qələmə aldığı əsərlərdən ibarətdir. Bu əlyazmaya daxil olan əsərlər sonradan yazılaraq əlavə edilmiş mündəricatda aşağıdakı kimi təqdim edilir:[11]

  1. Qəsidələr (Zübtədül-kəlam)
  2. Qəzəllər
  3. Müxtəlif şeirlər
  4. Şairlərin təzkirəsi (Məcməül-xəvas)
  5. Rübailər
  6. Məqalə və mənzum hekayələr
  7. Şairlər adına deyilmiş müəmmalar
  8. “Fəthnamə” məsnəvisi
  9. Şairlər təzkirəsinin ardı
  10. Türk dilində yazılmış qəsidə və qəzəllər
  11. Feyzi şeirləri haqqında risalə
  12. “Qanunüs-süvər” - rəssamlıq haqqında risalə
  13. “Həzziyat” risaləsi
  14. Mərsiyə və tərkibənd
  15. Tərkibbənd - əlifba sırası ilə
  16. Tərcibənd
  17. Heydərinin həcvi
  18. Münşəat - türk və fars dillərində
  19. Fələkdən şikayət və Məhəmməd bəy Məzaqinin həcvi
  20. Müxtəlif həcvlər

Məcməül-Xəvas. Sadiqinin yaradıcılığının ən əhəmiyyətli əsərlərindən biri olan Məcməl-Xəvas təzkirəsi ədəbiyyat, elm və ədəbi fikir tarixinin öyrənilməsində mühüm rol oynayır. Təzkirə 1597-1598-ci illərdə yazılmışdır. Əsər Osmanlı torpaqlarından tutmuş, bugünkü İran, Azərbaycan, Orta Asiya, Əfqanıstan, Pakistan, Hindistana qədər böyük bir ərazinin konkret zaman çərçivəsində (I Şah İsmayıl dövründən müəllifin həyatda olduğu zamana qədər) ədəbi və ictimai-siyasi mühitini əks etdirir. Şairin özünün də qeyd etdyi kimi bu əsər müəllifin uzun müddətli səyahətlərinin, müşahidələrinin məhsuludur. Sadiq bəy “Məcməül-Xəvas” əsərinin müqəddiməsində özünə nümunə götürdüyü Əbdürrəhman Caminin “Baharistan”, Əlişir Nəvainin “Məcalisün-Nəfais”, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” və Sam Mirzənin “Töhfeyi Sami” təzkirələrinin adlarını çəkmişdir.[11] Təzkirə müqəddimə, 8 məcmə və xatimədən ibarətdir.[12]

Əmirin portreti

Sadiq bəyin Azərbaycan dilində yazdığı "Məcməül-xəvas" adlı təzkirəsində isə Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttat haqqında qiymətli materiallar toplanmışdır. Əsər həm Azərbaycan, həm də fars mədəniyyət və incəsənətinin tədqiqi üzrə önəmli mənbələrdəndir. Əsər bu yaxınlarda fars dilinə tərcümə olunmuş, Tehranda nəşr edilmişdir.

Fəthnameyi Abbase-namidar. Bu əsər Şah abbasın həyat və fəaliyyətinə, yürüş və döyüşlərinə həsr edilmişdir. Təqribən 2500 beytdən ibarət olan əsərdə tərcümeyi-hal və tarixi səciyyəli çoxlu qiymətli məlumat verilmişdir. [13]Müəllif müxtəlif tarixi hadisələri, döyüşləri yüksək bədii formada, təşbih və istiarələrin köməyi ilə təsvir edir, Şah Abbasın qəhrəman obrazını yaradır.[14]

Sadiq bəy Əfşarın türkcə yazdığı əsərlərinə Məcməül-xəvasdan başqa külliyatına daxil edilmiş məktublarını (18 məktubdan 14-ü ana dilindədir) göstərmək olar. Şairin türkcə şeirləri Təbriz Milli Kitabxanasında saxlanılan əlyazma külliyatının 888-917-ci səhifələrini əhatə edir. Bundan başqa Sadiqinin həm təzkirəsində həm də məktublarında da türkcə şeirlərə rast gəlmək mümkündür.[15][16]

Sadiq bəy Əfşarın 478 beytdən ibarət türkcə şeirlər toplusuna 5 qəsidə, 40 qəzəl, 1 saqinamə, Şah Abbasa mürciətən məsnəvi formasında yazılmış 1 şeir, 1 tərkibbənd və 1 qitə daxil edilib. 1-ci qəsidədə şair obrazlı şəkildə alleqoriyadan istifadə etməklə havaların soyumasını, qışın gəlişini təsvir edib. 43 beytlik bu qəsidə ədəbiyyatımızda qışın təsvirinə həsr olunmuş ən uğurlu şitaiyyə qəsidələrdən biridir. İkinci qəsidə Həzrəti Əlinin mədhinə hərs olunub. Üçüncü qəsidə isə şairin qürbətdə olduğu zamanı yazdığı şərhi-haldır. Dördüncü qəsidə Şah Abbasın mədhi, beşinci qəsidə isə təbiətin gözəllikləri haqqındadır.[15]

Sadiq bəyin türkcə şeirlər toplusuna daxil edilmiş qəzəllər onun lirik yaradıcılığının tədqiq baxımından böyük əhəmiyyətə malikdir. Məhəbbət mövzusu, dostluğun tərənnümü, insan taleyi ilə bağlı düşüncələr, təbiət mənzərələrinin təsviri bu şeirlərin əsas mövzusudur.

“Vida” rədifli qəzəlində şair yarından ayrılan aşiqin kədərini səmimi bir dillə ifadə etmişdir:[17]

Qıldı həngami- səfər sərvi-xuramanım vida
Vəqtidür qılsa təni-dilxəstəni canım vida..

“Gedərin” rədifli qəzəli də Sadiqinin hicran qəminin ağrısına həsr edilmiş şeirlərindən biridir:[17]

Qəmi-fərqaın ilə dərdnak olub gedərin,

Nə dərdnak ki, qəmdin həlak olub gedərin.

“Yegdür” rədifli qəzəlində şair dövrünün sərt ifadələrlə tənqid edir. “Əgər dünya budursa, elə bizim evsiz- eşiksiz olmağımız ” yaxşıdır deyir.[17]

Sadiq bəyin yaradıcılığında Nəvai və Füzuli yaradıcılığının təsiri nəzərə çarpacaq dərəcədədir. Sadiq bəyin şeirlərində Nəvai poeziyasının təsirindən danışan C.Nağıyeva yazır:[18]

Onun “Buğay kaş ki”, “Etdin”, “Qalmadı”, “Sübh” və başqa qəzəlləri yalnız rədif baxımından deyir, ideya, məzmun və bədii ifadə vasitələrindən istifadə baxımından Nəvai ilə birləşir.

Füzulinin Görüb rədifli qəzəlinə yazdığı nəzirədə Sadiqi şairin 7 beytlik şeirindəki 8 həmqafiyə sözdən 6-sını təkrar etmişdir. Beytlərin birində Füzuli aşiqi müalicə etmək istəyən təbibin onun pərişan alını gördükdən sonra əlac edə bilməyəciyini başa düşüb fikrindən vaz keçdiyini deyir:[19]

“Eyləyən təyini-əczayi-müdava dərdimə,
Tərk edib, cəm etmədi, hali-pərişanım görüb. ”

Sadiqi isə nəzirəsində rəqibin onun pərişan halını gördükdən sonra xatirini cəm etdiyini, özünə gəldiyini deyir:

“Gər pərişanəm, vəli şadəm ki, eşqindən rəqib,
Xatirin xəm eylədi hali-pərişanım görüb.”

Sadiq bəyin Füzulinin təsiri altında olduğunu göstərən əsərlərindən biri də onun sənətkarın “Mənəm ki, qafiləsalari-karivani-qəməm” misrası ilə başlanan 9 bəndlik tərkibbəndinə cavab olaraq yazdığı 7 bəndlik “Mənəm ki, sakini-meyxanəyi-diyari-qəməm” misrası ilə başlanan şeiridir.[20]

Aslan tərbiyəçisi, Şikaqo İncəsənət İnstitiutu

Sadiqinin rəssamlıq təhsilinə nə zaman başladığı tarixşünaslıqda müzakirə olunan məsələlərdən biridir. A. Velcə görə şeir sənətindəki məüllimi Mir Suninin ölümündən sonra Təbrizdən Qəzvinə köçən Sadiqi burada nəqqaşlıq təhsili almağa başlayıb. Bu hadisə təqribən 1568-ci ildən sonra baş vermişdir. Bu zaman şairin 35 yaşı varidi. İsgəndər bəy Münşi isə onun hələ cavan yaşlarında rəsm təhsili aldığını, 1568-ci ildən sonra isə peşəkar rəssam kimi nəqqaşlıqla məşğul olduğunu yazır.[21]

Münşi bildirir ki, gənc Sadiqi Müzəffər Əlinin tələbələrindən biri olmuş, uzun müddət onun yanında rəssamlıq sənəntinin incəliklərini öyrənmişdir. Atası vəfat etdikdən sonra isə Müzəffər Əlinin yanından ayrılaraq, qələndərilərə qoşulur.[21]Əmir xan Mosullunun himayəsinə keçdikdən sonra Həmədanda yaşamağa başlayan Sadiq bəy burada Mir İbrahim və Musa Rzaya rəsm dərsləri keçirdi. Bu da onun hələ 1568-ci ildən əvvəl rəsm təhsili aldığını göstərir. Qazıyev də Münşinin fikirləri ilə razılaşaraq Sadiq bəy Əfşarın gənc yaşlarından rəssamlıqla məşğul olduğunu bildirir. Türk sənət tarixçisini Gülnihal Küpəli bu xronologiya əsasında alternativ bir fikir təqdim edir. Küpəli yazır:

“Sadiq bəy ola bilsin ki, paytaxt hələ Təbriz ikən, yəni 1548-ci ildən əvvəl Müzəffər Əlidən miniatür dərsləri almış və 1568-ci ildə Qəzvində saray kitabxanasında işləyən köhnə müəllimi ilə yenidən məşq etməyə başlamışdır. 1539-1543-cü illər arasında paytaxt Təbrizdə yaşadığı məlum olan Müzəffər Əli kimi ustad miniatürçünün 35 yaşlı bir adamı tələbəliyə qəbul etməsinin ən məntiqli izahı yəqin ki, budur. Sadiqinin miniatür sənətinə qayıtmasında şeir təhsili aldığı Mir Suninin də mühüm rolu olduğu düşünülür. Mir Suni həm də xəttat idi və boya hazırlama və kağız boyama bilikləri, yəqin ki, Sadiqinin yenidən miniatür sənətinə maraq göstərməsinə səbəb olmuşdur.”[22]

Qanun üs-Süvər. Sadiqinin diqqət çəkən elmi əsərlərindən biri təsviri incəsənətin metodika və praktikasına həsr edilmiş 204 beytdən ibarət mənzum risaləsidir. Müəllif bu risalədə rəssamlara özünə qarşı tələbkar olmağı, rəssamlıq materiallarını, təsvir etdiyi obyekti mükəmməl bilməyi məsləhət görür. Əsər 17 qısa bölmədən ibatədir. Sadiq bəy Əfşar əsərin əvvəlində gəncələrə müraciətlə deyir:[23]

“Demirəm ki, öz başına çalış get, rəhbər bir adam axtar. Əgər belə bir ustad tapmasan onda Qanun üs-Süvərdən üz çevirmə, onu yazmışam hər növ işdə kömək üçün o sənə muzdsuz və minnətsiz ustaddır. Sadiqinin bundan başqa ayrı bir arzusu yoxdur ki, arabir onun adını yaxşılıqla yad edəsən.”

Risalədə qələm bağlamaq üsuluna dair ayrıca bölmə həsr edilmişdir. Burada Sadiq bəy Əfşar sənətkardan hər şeydən əvvəl qələm bağalamğı və onun materiallarını tanımağı tələb edir.[24]

Risalənin “Nəqqaşlığın mühüm əlamətləri haqqında” adlı bölməsində orta əsr ornament motivlərindən və kompozisiyalarından bir neçəsinin adı çəkilir və bu sahədə müvəffəqiyyət qazanmaq üçün istedadın əhəmiyyəti qeyd edilir.[24]Başqa bir bölmədə isə yapışqanlı boyaların hazırlanması qaydasından bəhs edilir. Müəllif yazır: “Əgər sənin boyanın yapışqanı az olarsa, o boya quru toz kimi tökülər, əgər çox olarsa- laxtalanar, buna görə də ölçüyə diqqət edilməlidir.”[25]

Bundan başqa həmin əsər müasir surət çıxaran rəssamlar və bərpaçılar üçün əvəzsiz vəsaitdir, burada miniatürlərin üzünü çıxarmaqdan ötrü fırça və kağız hazırlığından tutmuş rəng seçiminə qədər hər şey haqqında məlumat verilir. Əsərin əldə olan nüsxəsinin son bölməsi lak hazırlanma qaydalarına həsr edilib. Səndərus adlı nəbati qətranla bəzir yağından bişirilən bu lak kartondan ibarət qələmdan, mücrü və bəzi əlyazma kitablarının cildləri üzərindəki təsvirləri və bəzəkləri örtmək onları rütubətdən və müxaniki təsirdən saxlamaq üçün tətbiq edilirdi.[26]

Rəsm əsərləri

[redaktə | mənbəni redaktə et]

Sadiqinin müəllimi Müzəffər Əlinin rəhbərliyi altında çəkdiyi, "Məcməül-Xəvas" və "Qanun üs-Süvər" əsərlərində təriflədiyi ilk mühüm əsəri, 1573-cü il tarixli "Gərşəspnamə" nüsxəsi üçün çəkdiyi miniatürdür. Onun sözügedən işi II Şah İsmayıl tərəfindən yüksək qiymətləndirilmiş, bu səbəbdən saray kitabxanasına təyin edilərək, Siyavuş Bəy Gürcü, Mir Zeynəlabidin, Şeyx Məhəmməd Şirazi, Əli Əsgər Kaşi, Abdullah Şirazi kimi sənətkarlarla eyni iş mühitini paylaşmışdır.[27]

Sadiq bəy 1576-1577-ci il tarixli II Şah İsmayıl “Şahnamə”si üçün 7 təsvir çəkmişdir. Mənbələrdə 1579-cu il tarixli Həbib əs-Siyər nüsxəsi üçün də 1 miniatür hazırladığı yazılsa da, I Şah Abbasın dövrünə qədər əsasən tək səhifəlik əsərlər rəsm etdiyini söyləmək mümkündür. Sadiqinin 1587-1589-cu ildə Şah Abbasın səltənəti dövründə hazırladığı “Şahnamə” təsvirləri və 1593-cü il tarixli “Ənvər-i Süheyli” nüsxəsindəki miniatürləri rəssamın kitab rəsmləri içərisindəki ən dəyərli əsərləri hesab edilir.[28]

Sadiq bəy külliyatına daxil olan məktublarının birində Sadi Səlmanın Külliyatının təsvirlərini çəkdiyini və geri göndərdiyini qeyd edir. Bu da rəssamın bir çox kitab üçün miniatür təsvirlər hazırladığını göstərir.[28]

Sadiq bəyin əsərləri hələ onun sağlığında ölkəsində və onun hüdudlarından kənarlarda yüksək qiymətləndirilirdi. Öz rəsmlərini ona qəsidə yazmış şair Qüruriyə bağışlayaraq deyir: "Mənim işlərimin hər vərəqini tacirlər üç tümənə alıb Hindistana aparırlar, sən də ucuz satma. "

Sadiq bəyin təsviri incəsənət sahəsindəki yaradıcılığında portret əsərləri əhəmiyyətli yer tutur. Avropada nəşr edilmiş ədəbiyyatda rəssamın başlıca olaraq bir neçə əsərindən götürülmüş repreduksiyaya təsadüf edilir. Onun “Əməl-e Sadiq” imzalı və yalnız kontur xətlərilə işlənmiş rəsmində başında çalma olan kosasaqqla qoca əmir təsvir edilir.[26] Yerdə dəri üstündə bardaş qurmuş şəkildə oturan əmir sanki kiminləsə danışır. Onun ifadəli və sərbəst axıcı xətlərlə çəkilmiş gövdəsi, qolları və başından təkəbbürlü verilişi hakim surətinin inandırıcı ifadəsinə kömək edir. Bu əsər şərti olaraq “Əmirin portreti” adlandırılıb.[29]

Ulaq üzərində suvari, XVII əsrin əvvələri, Luvr muzeyində saxlanılır.

Rəssamın çap olunmuş imzalı əsərlərindən biri də ulaq üzərində gedən orta yaşlı suvarinin təsviridir. Həmin miniatürün üzərində sağ tərəfdə ərəb dilində “Raqiməhu Sadiqi ” sözləri yazılmışdır. Suvarinin xüsusilə onun mindiyi ulağın çəkilişi çox canlı, mütənasib və təbiidir.[30] Bu əsər Şərq miniatürləri üçün səciyyəvi olan mənzərələrdən fərqlənən təbiət təsviri, kompozisya qurumuna malikdir.Suvari ön planda, realist sənətə xas olan proposiyada, münasib əndazədə təsvir olunur. İkinci planda kiçik təpələr verilmişdir. Bir qədər uzaqda sıldırım qaya üzərində qədim qala silueti, həmin qayanın ətəklərində isə yaşayış məskəni - qəsəbə görünməkdədir. Məlumdur ki, Avropa sənətinin realistik əlaməti olan perspektiv kiçiltmə Şərq miniatür sənətinə yad idi. O yalnız XVI əsrin axırlarında bir sıra rəssamın yaradıcılığında təzahür etmişdir ki, onlardan biri Sadiq bəy Sadiqidir.[31]

Sadiq bəy yaradıcılığının məhsulu olan imzalı əsərlərdən biri Teymur xan Türkmanın portretidir. Bu portret haqqında ilk məlumat 1886-cı ildə Peterburqda nəşr edilmiş Şərq Dilləri İnstitutunun əlyazmaları kataloqunda verilmişdir. Şəkildə açıq yaşıl yerlik üzərində köy paltarlı şişman qarınlı və ciddi baxışlı bir hakim yerdə dizi üstə oturmuş və əlləri dizlərinə spykənmiş vəziyyətdə təsvir edilmişdir. Onun qırmızı zolaqlı çalmasının ortasında yüksələn uca fəsi də qırmızıdır.[32] Plastik bir formada bir formada əlvan boyalarla işlənmiş bu portret işlənmə xüsusiyyəti etibarilə yeni nüanslara malikdir. Burada hakim yerdə oturmuşdur və istiqaməti yan tərəfdir. Onun çalmasının sağ tərəfində ucu görünən qaş-daşlı qəməsi var. Bununla belə şəkildə fərdi cizgilər, konkret şəxsi xarakterizə edən əlamətlər mövcuddur. Portretin sağ tərəfində, altda farca yazılmış bir qeyd var:[9]

“Mərhum Teymur xan Türkmanın şəbehidir. 102 (?) ildə mərhum Sadiqi bəy Əfşar yaratmışdır. Ən alçaq bəndə Muin müsəvvər 1095-ci ildə onu tamamlamışdır. Mübarək olsun!”

Sadiq bəyin yaradıcılığı miniatür sənətinin, o cümlədən İsfahan məktəbinin inkişafında böyük rol oynamışdır.

  • İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
  • Haluk İpekten. Türk Edebiyatının Kaynaklarından Türkçe Şu’ara Tezkireleri. Erzurum. 1988.
  • Məhəmmədəli Tərbiyət. Danışməndani Azərbaycan. Tehran. 1314.
  • Sadiq bəy Əfşar (Ə.Bağırov redaktəsi). Məcməül-Xəvas (PDF). Bakı: Elm. 2008.
  • Paşa Kərimov. XVII əsr anadilli Azərbaycan poeziyası. Bakı: Nurlan. 2012. səh. 130.
  • Cənnət Nağıyeva. Azərbaycanda Nəvai. Bakı: Tural-Ə Nəşriyyat-Poliqrafiya mərkəzi. 2001.
  • Kərim Kərimov. Sadiq bəy Əfşar. Monoqrafiya. Bakı: İşıq. 1987. səh. 72.
  • Adil Qazıyev. Sadiq bəy Əfşar. Qanun-üs-süvər. Bakı: Elm. 1971.
  • Gülnihal KÜPELI. Savaşçı Bir Sanatkârın Kaleminden Safevî Sarayındaki Müzehhib ve Nakkaşlara Dair Notlar. 13. Akdeniz Sanat Dergisi. 2019.
  • Mehmet Nuri ÇINARCI. MECMA’Ü’L-HAVÂS TEZKİRESİNDE DAİR VE ESER ÜZERİNE DEĞERLENDİRMELER. 7. Uluslararası Sosyal Aratırmalar Dergisi. 2018.
  1. 1 2 3 4 Sadiqi Beg // Artnet. 1998.
  2. 1 2 3 4 Ṣādiqī Afšār // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  3. Tərbiyət, 1314. səh. 212
  4. İpekten, 1988. səh. 97
  5. 1 2 Əşfar, 2008. səh. 3
  6. P.Kərimov, 2012. səh. 15
  7. Küpeli, 2019. səh. 67
  8. 1 2 Küpeli, 2019. səh. 68
  9. 1 2 Qazıyev, 1971. səh. 11
  10. Kərimov, 1987. səh. 19
  11. 1 2 P.Kərimov, 2012. səh. 17
  12. Əfşar, 2008. səh. 5
  13. Kərimov, 1987. səh. 12
  14. P.Kərimov, 2012. səh. 19
  15. 1 2 Çınarcı, 2018. səh. 38
  16. P.Kərimov, 2012. səh. 24
  17. 1 2 3 P.Kərimov, 2012. səh. 28
  18. Nağıyeva, 2001. səh. 162
  19. P.Kərimov, 2012. səh. 29
  20. P.Kərimov, 2012. səh. 30
  21. 1 2 Münşi, 2009. səh. 175
  22. Küpeli, 2019. səh. 69
  23. Qazıyev, 1971. səh. 5
  24. 1 2 Qazıyev, 1971. səh. 6
  25. Qazıyev, 1971. səh. 7
  26. 1 2 Qazıyev, 1971. səh. 8
  27. Küpeli, 2019. səh. 70
  28. 1 2 Küpeli, 2019. səh. 71
  29. Kərimov, 1987. səh. 23
  30. Qazıyev, 1971. səh. 9
  31. Kərimov, 1987. səh. 24
  32. Qazıyev, 1971. səh. 10

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]