Türkəçarə

Azərbaycan xalq təbabəti və ya Türkəçarəazərbaycanlıların inanclarına və adət-ənənələrinə görə xəstəliklərin müalicəsi.

Xalq təbabəti inanmaya, nəsillər boyunca ötürülən biliklərə əsaslanır. Türklər arasında bu üsullar “türkəçarəlik”, onları tətbiq edən həkim isə “türkəçarə” adlandırılmışdır. “Loğman” adı İslamın qəbulundan sonra istifadə edilmişdir.[1]

Azərbaycan ziyarətgahlarının ruhi xəstələri sağaltması, dua vasitəsilə ağrıların azalması şamanizmə əsaslanır. Eyni zamanda cinçilərin və ruhları qovanların mövcudluğu da şaman inancı ilə bağlıdır. Türkəçarəlik 1930-cu illərdən sonra təqib edilsə də, yarpız, kəkotu, qarpız, müxtəlif ədviyyatlar vasitəsilə bir sıra narahatçılıqların (soyuqlama, öskürük, üşütmə, baş ağrıları, boğaz ağrıları, nəfəs daralması) müalicəsi davam etmişdir.[2] Hal-hazırda geniş yayılmış üsullar banka atmaq, bitkilərin tüstüsünü vermə, həcəmət (çərtmə ilə qan alma), şəfalı sular, bitki tərkibli dərmanlar və s.-dir.[3]

Həcəmət atmaq iti bir alətlə qan çıxartmaq üsuludur. Həcəmət aləti heyvan buyunuzundan hazırlanır və qan buynuz vasitəsilə sorulurdu. İndi bu aləti banka əvəz etmişdir.[3] Digər bir üsul yaz ayının gəlməsi ilə kirli, mikroblu qanın təbii üsulla zəli vasitəsilə sorulması idi.[4]

Türkçarəliyin bir qolu olan hanıxçıların (hənəkçilərin) sahəsi hesab edilən zökəm, tumov və göyöskürəyə tutulmuş xəstələrdə boğazın selikli qişası, boğaz badamcıqları iltihabı zədələnmələri müşahidə edilir, temperatur və yorğunluq olurdu. Hanıxçılar kəklikotu, nanə, yarpız, itburnu, sarıçiçək, əvəlik, lavanda, qəvliçiçəyi və s. dəmləmələrini istifadə edir, balın isti suda hazırlanmış şərbətinin, zirinc şərbətinin, bişirilmiş ilıq inək südünün, şalğam şərbətinin, üzüm sirkəsinin faydalı olduğunu qeyd edirdilər.[4]

Peşə sahibləri

[redaktə | mənbəni redaktə et]

Vergili türkəçarələrin sənəti vergi kimi aldıqlarına inanılır, onların peşələri ustad-şagird yolu ilə öyrədilmir. Bunlara hanıxçılıq, əbəçilik (mamaçalıq), sınıqçılıq, çöpçülük və s. aiddir. Təcrübə ilə öyrənən türkəçarələr olan xalq loğmanları otlarla, müxtəlif sularla, zəli ilə, qan almaqla və ya başqa üsullarla xəstəni sağaldır və onlar ustad-şagird sistemi ilə öyrənir. Bu loğmanlara sınıqçılıq, göbəkçəkənlik, otlarla və ya başqa üsullarla müalicə edənlər, qan almaqla sağaldan həcəmətçilər və s. aiddir.[5]

Azərbaycan xalq təbabəti Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrində "Türkəçarə" adı ilə qeydiyyata alınmışdır.[6]

  1. Həkimova, 2017. səh. 15
  2. Həkimova, 2017. səh. 17
  3. 1 2 Həkimova, 2017. səh. 19
  4. 1 2 Həkimova, 2017. səh. 20
  5. Həkimova, 2017. səh. 8
  6. AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 218 saylı 28.04.2010 tarixli Əmri ilə təsdiq edilmişdir, 25.08.2011, 28.03.2012, 18.10.2012, 15.05.2013, 03.02.2014, 27.01.2015, 17.02.2016, 12.05.2016, 24.10.2018, 09.04.2019, 09.12.2020 tarixli əlavələrlə. Online access: ICH inventory — Azerbaijan: Azerbaijani/English in Craftsmanship of mother of pearl inlay Arxivləşdirilib 2023-12-08 at the Wayback Machine
  • NÜBAR HƏKİMOVA. "AZƏRBAYCAN FOLKLORUNDA XALQ TƏBABƏTİ İLƏ BAĞLI İNANCLAR SİSTEMİ" (az.). AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU. 2017. (#accessdate_missing_url)