Azərbaycan xalq dini

Azərbaycan xalq dini[1]azərbaycanlıların İslamdan kənar, müxtəlif dini xalq inanclarını əhatə edən anlayış. Bu inanclar İslamdan kənar olmalarına baxmayaraq, dinin bir hissəsi olaraq icra edilir. Bu anlayışı ifadə etmək üçün istifadə edilən digər adlandırmalar xalq İslamı[2][3], yerli İslam[4]xürafatdır.

Vasili Vereşşaginin "Azərbaycanlı qəbri" rəsmində daş at heykəli, rəsm 1865-ci ildə Şuşada çəkilib.[5]

XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folkloroyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı (Adına günü) ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur.[6]

Çar Rusiyası və sovet hakimiyyəti dövründə Azərbaycanda İslam bir din olaraq zəifləmişdir. Bu dövrdə İslam gücünü sadəcə yaşayış şəkli olaraq, adətlərdə və yerli İslamda saxlamışdır. Yerli İslamın güclənməsində əsas səbəb azərbaycanlıların Rusiya işğalı dövründə İslam dünyasından təcrid olunmasındadır. Beləliklə, İslam fundamentalizmi buralara təsir göstərə bilməmişdir. Sovet dövründə mollalar xalq İslamının ənənəvi hədislərini insanlara oxuyurdular.[7] 70 illik sovet hakimiyyətinə baxmayaraq, azərbaycanlılar öz dini inanclarını qoruyub saxlamışdır.[8]

2005-ci ildə 150-dən çox dini təşkilat və məscidin qeydiyyata alınması tənqid edilmiş, bunların insanların ziyarət etdiyi məbədlər olduğu qeyd edilmişdir. Bu qeydiyyatlar xalq dini yaratmaq cəhdi olaraq görülmüşdür.[9] Buna baxmaraq, Qafqaz Müsəlmanları İdarəsi heç bir zaman pirlər və müqəddəslər kultunu qınayan fətva verməmişdir.[10]

Azərbaycandakı sələfi dini görüşü də xalq İslamını, müqəddəs məbədlərin ziyarət edilməsi kimi ənənəvi dini görüşləri qəbul etmir. Xalq İslamının nümayəndələri sələfi baxış bucağına görə dindən çıxmış hesab edilir. Buna görə də Azərbaycanın şimalındakı Quba bölgəsində müqəddəs məbəd yandırılmış, yerli sakinlər bu addımı pisləmişdir.[3]

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlıların özünəməxsus dini inancları var. Azərbaycanlılar və Azərbaycanda yaşayan digər müsəlman xalqlar özünü müsəlman hesab edir, ancaq şamanizm, bütpərəstlik, zərdüştlük izləri daşıyan primitiv dini inanclara da sahib çıxırlar. Belə inanclara müqəddəs sayılan yerlərin ziyarət edilməsi, İslamla əlaqəsi olmayan dini ritualların həyata keçirilməsi daxildir.[11]

Primitiv dinlər bu formalarda üzə çıxır: daş, su, ağac, alov ritualları, kosmoqonik inanclar və s. Qeyd edilən rituallar animizm, sehr, totemizmfetişizmlə yaxından bağlıdır. Etnoqrafik müşahidələr ruhlarla bağlı ritualların (animizm) hələ də davam etdiyini göstərir.[11] Yerli İslamda müqəddəslərə ehtiram göstərilməsi, şər ruhlardan qorunmaq üçün əfsunhəmaillərdən istifadə, sehrə, caduya inam müşahidə edilir.[4]

Azərbaycanlıların inancları İslama qədərki və İslamdan sonra olmaqla əsas 2 qrupa bölünür. Birinci qrup insan, kainat, varlıq haqqında insan təsəvvürlərini əhatə edir. İslamdan qaynaqlanan inanclar İslama qədərki inancların üzərinə sanki bir İslam "örtüyü" keçirmişdir.[12] Tanrının İslamda tutduğu mövqeyə görə, onun yaratdıqları şeylərə and içilməsi azərbaycanlıların inanclarında mövcuddur. Andlara misal olaraq, Allah haqqı, göy haqqı, duz haqqı, çörək haqqı, nemət haqqı, yer haqqı göstərilə bilər.[13]

Azərbaycanda ölülər üçün ehsan verilir. Ölünün üçü, yeddisi, qırxı, həmçinin cümə günü müqəddəs hesab edilib, qeyd edilir, halva pişirilir (Həmçinin bax: Adına günü). Ölünün ruhu həmin halvadan şad olur. Azərbaycanlıların qeyd etdiyi Novruz bayramı İslamdan kənar olsa da, onunla birləşdirilmişdir. Novruz bayramında azərbaycanlılar qəbiristanlığı ziyarət edər, qəbirüstü mərasimlər keçirərlər. Bu zaman Quran oxunar, ehsan verilər.[13]

Evə gələn gəlinin ayağının dibində qurban kəsilməsi adəti vardır. Digər hallarda, yeni doğulan uşaq üçün, arzuların yerinə yetməsi, xəstənin şəfa tapması, yurd xoşbəxtliyi üçün qurban kəsilir.[13]

Ənənə və inanclar

[redaktə | mənbəni redaktə et]

Ziyarətgahlar və müqəddəslər

[redaktə | mənbəni redaktə et]
Diribaba türbəsi

Ziyarətgahların yaradılmasının səbəblərindən asılı olmayaraq, müqəddəs insan vasitəsilə sitayiş edilən varlıq Tanrıdır. Azərbaycanda ağac, daş, su və digər obyektlərlə bağlı olan və ya müqəddəs insanların şərəfinə ucaldılmış pirlər mövcuddur. Müqəddəs şəxslər ya hörmət edilən adamlar idi, ya da sehrli güclərə malik olduqlarına inanılırdı.[11]

Ziyarətçilər pirin ətrafında 3 və ya 7 dəfə dönürlər. Pirsaat pirində mis qabdakı isidilmiş su ilə bədənin ağrıyan hissəsinin isladılması, kiçik daşın həmin hissəyə sürtülməsi həyata keçirilir. Buna baxmayaraq, su və alov ritualları ilə birlikdə Quran kitabı da ziyarətgahlarda oxunur, primitiv ayinlər də, İslam mərasimləri də icra edilir. Burada qurban kəsilir. Azərbaycan pirlərində qədim astral dinlərin, zərdüşlük, xristianlıq və İslamın bəzi xüsusiyyətləri mövcuddur.[11]

Pirləri ziyarət edən şəxslər üçün buralar məscidlərdən ayrı bir yer deyil. Məscidlər rəsmi və ya ortodoks İslamın məkanları olaraq təsnif edilmir. İctimai baxışda belə bir fərq yoxdur. Müqəddəslərin qəbrində dua etmək məsciddə dua etmək qədər dini bir fəaliyyətdir. Bu, daha çox ailəvi və yerli ənənələrə, seçimlərə bağlıdır. Hətta, Azərbaycandakı İslam din xadimləri də dində ziyarətə yer olduğunu fikirləşir.[14]

Uğur və vergi inancları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalələr: BadəButa (ilahi vergi)

Bəzi uşaqların gələcəyi gördüyü, olacaq hadisələri hiss etdiyi düşünülür.[15] Bundan başqa yuxuda bəzi simvolların görülməsinin işarə olduğu, bəzi insanlara sirr verildiyi və onların yuxularında həqiqəti gördüyünə inanılır. Bu haqq vergisi hər insana verilmir, sadəcə bəzi nəsillərin bütün üzvlərinə verilir. Belə şəxslər "yuxuda badə içmişlər" adlandırılır. Bu cür ailələrin oğlanlı-qızlı bütün üzvlərində müəyyən bir yaşa gələndə xüsusi hallar müşahidə edilir.[16]

Azərbaycanda Qərb ulduzunu və ya Bəxt ulduzunu görən şəxs uğurlu qəbul edilir.[17] Nəzərdən qorunmaq üçün isə üzərlik yandırılır.[18]

Mərasimlərlə bağlı inanclar

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Azərbaycanda mərasimlər
Novruz bayramında qulaq falı. Azərbaycan poçt markası

Azərbaycanda uzun müddət yağan yağışdan sonra Günəşin çıxması istənilirsə, Baba dağından gətirilən daş ocaqdakı külə basdırılır. Sonra eyni ocaqda xəşil pişirilir. Xəşili ananın ilk uşağı qarışdırar, əfsunçu basdırılan daşın üzərinə közlər yığa-yığa əfşunun sehrli hissəsini oxuyar: "Qodu, odu daşı. Odu kəssin yağışı." Bu ayində Günəş iyəsi ilə əlaqə qurmaq üçün dağ, daş və ocaq kultlarından istifadə olunur.[19] Yağışı yağması üçün isə yeddi daş ipə bağlanıb suya atılar, ucu qarağac və ya fındıq ağacına bağlanılar.[20]

Ayın 3 günlüyündə subaylar eyvana çıxıb niyyət tutarlar. Bunu üç gün təkrar edən şəxs üçüncü gün yuxusunda evlənəcəyi şəxsi görər. Ay vasitəsilə gələcəyi görmə inancları Azərbaycandan başqa Şərqi Anadoluda da yayılmışdır.[21] Qisməti təyin etməyin digər bir üsulu Xızır Nəbi bayramında icra edilən üzük falı və ya yeyilən almanın toxumlarının yastıq altına qoyulduqdan sonra görülən yuxudur.[22][23]

Almanın məhsuldarlıq qüvvəsi ilə bağlı inanc azərbaycanlıların ritualında qorunub saxlanmışdır. Bəy gəlin evə girməzdən əvvəl onun başına alma atar. Alma hissələrə bölünmüş olduğu üçün gəlini ağrıtmaz, gəlinə dəyib parçalara ayrılar. Beləliklə, bir alma 5–6 parçaya (uşağa) bölünər.[24]

Zifaf gecəsindən əvvəl yeddi və ya doqquz budaqlı ağacı şəkər və meyvələrlə bəzəyərlər.[20] Uşaq sahibi olmaq üçün isə qışın doqquzuncu gününün gecə yarısından sonra ayaz vurmuş almanı uşaqsız qadın yeməlidir.[21] Hamiləlik rahat keçsin deyə qoca Bilici qadın hamilənin qarnı üstünə bıçaq sürtər. Doğum zamanı isə Bilici qadının buyruğu ilə içəridə qadınlar, çöldə kişilər bıçaq itiləyərlər. Doğumdan sonra insanlar bıçaq itiləməyi dayandırarlar.[25]

Vacib şəxslər

[redaktə | mənbəni redaktə et]
  • Ruhçu. Qəbirinə gedilməyən, yad edilməyən ölünün ruhu öz yaxınını "tutur". Ölünün gözü hələ də bu dünyadır. Buna görə də ölünün nə istədiyi öryənmək üçün ruhçunun yanına gedərlər. Ruhçu ata-anadan qalma bir bacarıq olaraq, ruhları "ölçür". Hər kəs ruh ölçə bilməz. Ruhçu ölünün nə istədiyini yaxınına deyir. Məsələn, ölü halva pişirilib, yeddi qonşusuna paylanmasını istəyə bilər.[26]
  • Şesə anası. Şər ruh olan şeşə quşunu öldürən qadındır. Bu qadın Şeşə quşunun vurduğu bir uşağın boğazına toxunarsa, o, sağalır.[27]
  • Oxçu. Azərbaycan dilinin dialektlərində "bilici, əfsunçu" mənası ilə qorunub saxlanılmışdır. Bu məna mifoloji düşüncədən qalıb. Tədqiqatçılar qədim zamanlarda şamanların mərasimlərini nağara ilə deyil, oxla yerinə yetirdiyinə dair məlumatlar əldə ediblər. Bu məlumat oxçunun "bilici, əfsunçu" mənası ilə də uyğun gəlir.[27]
  • Haqq aşığı. Azərbaycanlıların və Türkiyə türklərinin məhəbbət dastanlarında ərənlər və ya qırxlar tərəfindən badə içizdirilən və bundan sonra ilahi bir sevgi ilə Tanrıya səslənən qəhrəmandır. Haqq aşığı badəni içəndən sonra bütün elmlərin qapısı ona açılır, pis ruhlardan qorunur, nə qılınc, nə ox ona təsir etmir.[28]
  1. Sattarov, 2020. səh. 307
  2. Swietochowski, Tadeusz. (2002). Azerbaijan: The Hidden Faces of Islam. World Policy Journal. 19. 69–76. 10.1215/07402775–2002–4009. page 74.
  3. 1 2 Cornell, 2006. səh. 56
  4. 1 2 Aliyeva, 2013. səh. 149-150
  5. Basile Vereschaguine. Voyage dans les provinces du Caucase. — Le Tour du Monde. — Leipzig, 1869. — С. 309.
  6. Caferoğlu, 1956. səh. 66-67
  7. Aliyeva, 2013. səh. 147-148
  8. Hacıyeva, 1997. səh. 222
  9. Cornell, 2006. səh. 65
  10. Wiktor-Mach, 2017. səh. 78
  11. 1 2 3 4 Nuruzade, 2016. səh. 3
  12. Hacıyeva, 1997. səh. 217
  13. 1 2 3 Hacıyeva, 1997. səh. 221
  14. Wiktor-Mach, 2017. səh. 97-98
  15. Kalafat, 1998. səh. 115
  16. Kalafat, 1998. səh. 90
  17. Kalafat, 1998. səh. 68
  18. Kalafat, 1998. səh. 92
  19. Kalafat, 1998. səh. 64-65
  20. 1 2 Kalafat, 1998. səh. 77
  21. 1 2 Kalafat, 1998. səh. 66
  22. Kalafat, 1998. səh. 75
  23. Kalafat, 1998. səh. 118
  24. Mammadov, 2023. səh. 409
  25. Kalafat, 1998. səh. 55
  26. Beydili, 2003. səh. 77
  27. 1 2 Beydili, 2003. səh. 528
  28. Beydili, 2003. səh. 229
  • Aliyeva, Lala. (2013). Vernacular Islam in Azerbaijan. Humanities and Social Sciences Review, CD-ROM. ISSN: 2165–6258. 2. 145–151.
  • Beydili, Celal. Türk Mitolojisi Ansiklopedik Sözlük (türk). Yurt Yayınevi. 2003.
  • Caferoğlu, Ahmet. Azerbaycan ve Anadolu Folklorunda Saklanan İki Şaman Tanrısı (türk). Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, Cilt 5, Sayı 1–4. 1956.
  • Cornell, S. E. (2006) The Politicization of Islam in Azerbaijan. Central Asia-Caucasus Institute & Silk Road Studies Program, Washington DC.
  • Hacıyeva, Maarife. Azerbaycan Türkleri'nde İnançlar = the Beliefs of Azerbaijan Turks, V. Milletlerarası Türk Halk Kültürü Kongresi: Gelenek, Görenek, İnançlar Seksiyon Bildirileri, 1997, s. 217–222
  • Kalafat, Yaşar. Eski Türk Dini İzleri (türk). 1998.
  • Mammadov, A. İ. (2023). Tree cult in the mythology of the peoples of the world. Universidad y Sociedad, 15(3), 404–412.
  • Nuruzade, Shahla. (2016). RELIGIOUS VIEWS IN MODERN AZERBAIJAN. Theoretical & Applied Science. 43. 151–157. 10.15863/TAS.2016.11.43.28.
  • Sattarov, Rufat. "Between the Supernatural and the Natural: Aspects of Religious Beliefs among the Azerbaijani Turks". Man and Nature in the Altaic World.: Proceedings of the 49th Permanent International Altaistic Conference, Berlin, July 30 – August 4, 2006, Berlin, Boston: De Gruyter, 2020, pp. 299–312. https://doi.org/10.1515/9783112208885-036
  • Wiktor-Mach, Dobroslawa (2017). Religious Revival and Secularism in Post-Soviet Azerbaijan. De Gruyter.
  • Kərəm Məmmədov. Azərbaycanlılarda qurda sitayiş və onun qalıqları. (Azərbaycan tarixi problemləri üzrə gənc tədqiqatçıların birinci respublika elmi konfransının məruzələri). Bakı: 1991 (II hissə), s. 226–228. (rus dilində)
  • Kərəm Məmmədov. Azərbaycanlılarda səma cisimlərinə sitayiş. (Azərbaycan tarixi problemləri üzrə məruzələr məcmuəsi). Bakı: 1992 s.67–68. (rus dilində)
  • Kərəm Məmmədov. Azərbaycanlılarda qoça sitayiş. (Aspirant və gənc tədqiqatçıların Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş elmi konfransının tezisləri). Bakı: 1994, s.12. (rus dilində)
  • Murshudova, Ulduz. (2017). Comparative Study of Azerbaijan and North-American Native Tribes’ Folk Beliefs. International Journal of Architecture, Arts and Applications. 3. 63. 10.11648/j.ijaaa.20170304.13.