Halide Edip Adıvar
Xalidə Ədib Adıvar (osman. خالده اديب اديوار; 11 iyun 1884[…], Konstantinopol – 9 yanvar 1964[…], İstanbul) — Türk yazıçı, siyasətçi, alim, müəllim. Xalidə Onbaşı olaraq da tanınır. "Atəşdən köynək", "Sinəkli baqqal", "Tatarcıq", "Zeynonun oğlu" kimi romanların müəllifi kimi tanınır.
Xalidə Ədib 1919-cu ildə İstanbul xalqını ölkənin işğalına qarşı səfərbər etmək üçün etdiyi çıxışlarla yadda qalan bir natiqdir. Qurtuluş savaşında cəbhədə Mustafa Kamalla bərabər xidmət etmiş sıravi vətəndaş olsa da, rütbə alaraq müharibə qəhrəmanı sayıldı. Müharibə illərində Anadolu Agentliyinin yaradılmasında iştirak edərək jurnalist kimi də fəaliyyət göstərib.
İkinci Məşrutiyyətin elanı ilə yazmağa başlayan Xalidə Ədib, yazdığı iyirmi bir romanı, dörd hekayə kitabı, iki səhnə əsəri və müxtəlif araşdırmaları ilə Məşrutiyyət və Cümhuriyyət dövründə türk ədəbiyyatında ən çox əsər yaradan yazarlardan biridir. Onun "Sinekli Bakkal" romanı onun ən məşhur əsəridir. O, əsərlərində qadınların təhsilinə, cəmiyyətdəki mövqeyinə xüsusi yer vermiş, yazıları ilə qadın hüquqlarını müdafiə etmişdir.