Alimə Abdenanova
Alimə Seitosmanovna Abdenanova (krımtat. Alime Seitosman qızı Abdenanova; 4 yanvar 1924, Kerç, Krım MSSR – 5 aprel 1944, Simferopol) İkinci Dünya müharibəsi zamanı Qızıl Ordunun Krım tatar əsilli kəşfiyyatçısı olub. 1943-cü ildə Krımın Almaniya tərəfindən işğalı başlayandan sonra başçılıq etdiyi kəşfiyyat qrupu ilə Kerç yarımadasının inzibati ərazisi boyunca alman və rumın qoşunlarının mövqeləri haqqında kəşfiyyat məlumatlarının toplanmasını istiqamətində fəaliyyət göstərib və buna görə "Qırmızı bayraq" ordeni ilə təltif edilib. Qrup fevral ayında almanlar tərəfindən həbs edildikdən sonra Abdenanova bir aydan çox işgəncələrə məruz qalsa da, qarşı tərəfə hər hansısa məlumat verməkdən imtina edib. 5 aprel 1944-cü ildə, iyirmi yaşında Simferopol şəhəri yaxınlığında edam edilib. 1 sentyabr 2014-cü ildə Vladimir Putinin fərmanı ilə ölümündən sonra Rusiya Federasiyasının Qəhrəmanı elan edilib. Alimə Abdenanova bu mükafata layiq görülən sayca 16-cı qadın, eləcə də ilk Krım tatarı hesab edilir.
== Həyatı ==
Alimə Abdenanova 4 yanvar 1924-cü ildə Kerçdə Krım tatar türkü olan kəndli ailəsində anadan olub. Anası Meselme qonşu Mayak-Salyn şəhərində çoxuşaqlı ailədə doğulmuş və on yeddi yaşında ailə qurana qədər yoxsulluq və məhrumiyyət içində böyümüşdü. Atası Seit Osman Kerçdə fəaliyyət göstərən metallurgiya zavodunda işləyirdi.