Dövlətməhəmməd Azadi
Dövlətməhəmməd Azadi (1700 – 1760) — türkmən şairi, Məxdumqulu Fəraqinin atası.
Türkmən ədəbiyyatı tarixində müstəsna bir yer tutan, böyük şair-mütəfəkkir Dövlətməhəmməd Məxdumqulu oğlu 1700-cü ildə indiki Türkmənistanın Ətrək vilayətində Göklən boyunun (tayfasının) Gərkəz nəslindən olan ziyalı bir ailədə dünyaya göz açmışdır.
Dövlətməhəmmədin atası Məxdumqulu Yonaçı dövrünün istedadlı şairi kimi tanınsa da, əsərlərinin az bir qismi günümüzədək gəlib çatmışdır. Onun əsərlərində “Gürgənin” adlı şeiri indi də dillər əzbəridir.
Dövlətməhəmməd ilk təhsilini atasından və bölgənin tanınmış pedaqoqlarından aldıqdan sonra onu Xivəyə göndərirlər. Türküstanın mədəni mərkəzlərindən olan, xanlıq mərkəzi Xivə yaraşıqlı binaları, gur bazarı, hamamları, mədrəsələri ilə məşhur idi. Mavi kaşılarla üzlük çəkilmiş, zərif naxışlı binalar, uca minarələr insanları heyrətə salırdı. Yeniyetmə Dövlətməhəmməd bu şəhərdəki mədrəsədə oxuyarkən dövrünün sayılıb-seçilən alimlərindən dərs alır.
İlahiyyat, təfsir, bəlağət, nücum elmləri ilə yanaşı, həndəsə, hesab, riyaziyyat, tarix, coğrafiya, kimya və digər fənləri dərindən öyrənir, ərəb, fars və cağatay dillərində biliyini artırır. Xoca Əhməd Yəsəvi, Füzuli, Nəvai, Nəsimi, Hacı Bəktaş Vəli, Yunis İmrə, Nizami, Hafiz, Xəyyam, Cami, Dəhləvi kimi Şərq ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini ciddi şəkildə mütaliə edir, özü də Azadi təxəllüsü ilə şeirlər yazmağa başlayır.