Ağıllı saat
Ağıllı saat — saat formasında olan geyinilə bilən kompüter. Müasir ağıllı saatlar gündəlik istifadə üçün yerli sensor ekran interfeysini təmin edir, əlaqəli smartfon tətbiqi isə uzunmüddətli biomonitorinq kimi idarəetmə və telemetriyanı təmin edir. İlk modellər hesablama, rəqəmsal vaxtın göstərilməsi, tərcümə və oyun oynamaq kimi əsas vəzifələri yerinə yetirə bilsə də, 2015-ci ildən sonra buraxılan ağıllı saatlar mobil tətbiqlər, mobil əməliyyat sistemi və Wi-Fi/Bluetooth bağlantısı daxil olmaqla smartfonlara bənzər ümumi funksionallığa sahib olmağa başladı. Bəzi ağıllı saatlar FM-radio və Bluetooth qulaqlıq vasitəsilə rəqəmsal audio və video faylları oxutmaqla portativ media pleyer kimi fəaliyyət göstərə bilir. Saat telefonları (və ya telefon saatları) adlanan bəzi modellər telefon zəngləri etmək kimi mobil şəbəkə funksiyalarına sahibdir.
Daxili avadanlıqları fərqli olsa da əksəriyyətində arxa işıqlı LCD və ya OLED olan elektron vizual displey mövcuddur. Bəziləri daha az enerji sərf etmək üçün transflektiv və ya elektron kağızdan istifadə edir. Adətən yenidən doldurula bilən lityum-ion batareya ilə təchiz edilirlər. Periferik cihazlara rəqəmsal kamera, termometr, akselerometr, addımölçən, ürək döyüntüsünü ölçən cihaz, altimetr, barometr, kompas, naviqasiya cihazı, kiçik səsucaldanlar və əksər kompüterlər tərəfindən yaddaş qurğusu kimi tanınan SD kartlar daxil ola bilər.
Proqram təminatına rəqəmsal xəritə, zamanlayıcı və gündəlik, kalkulyator və müxtəlif növ saat üzlükləri daxil ola bilər.