Sarı Aşığın xatirə muzeyi
Sarı Aşığın xatirə muzeyi və ya Sarı Aşığın ev muzeyi - Azərbaycan aşıqlarından olan Sarı Aşığın ölümündən sonra Laçın rayonu, Güləbird kəndində yaradılan xatirə muzeyi. Muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.
XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında, hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir.
Azərbaycan SSR-i dövründə 1989-cü ildə Laçın rayonu Güləbird kəndində Sarı Aşığın abidəsi üzərində dövlət səviyyəsində tanınmış dövlət və hökumət nümayəndələri, o cümlədən Azərbaycan Yazıçılar İttifaqının və rayon ictimaiyyətinin nümayəndələri iştirakı ilə ev muzeyinin açılışı olmuşdur. Muzeyin yaradılmasında məqsəd Sarı Aşıq yaradıcılığının tanıdılması idi. Bu zaman həmin xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmışdı. Muzeyin ətrafında abadlıq işləri aparılmış və Sarı Aşığın xatirəsinə həsr edilmiş abidəsi ucaldımışdı. Muzey 1989-cu ildən 1992-ci ilin may ayına kimi Laçın rayonu Güləbird kəndində 9 nəfər işçi ilə fəaliyyət göstərmişdir.