Mirzə Cabbar Məmmədzadə
Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə (20 yanvar 1882, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor (1937). Ermənistan Cümhuriyyəti Parlamentinin I çağırış deputatı olmuşdur. Mirzə Abbas Məhəmmədzadənin oğlu, Cəlal Məmmədovun atasıdır.
Mirzə Cabbar Məmmədzadə 1882-ci ilin yanvar ayının 20-də İrəvan şəhərində, camaat arasında "fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində dünyaya gəlmişdir. Əvvəl ev təhsili almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Həmin seminariyada 1898-ci ildə İrəvanda ilk rus-tatar məktəbinin açılmasında rolu olan Axund Məmmədbağır Qazızadə ona dərs demişdir. Mirzə Cabbar 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır. O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin 1 sentyabrına kimi Qəmərli məktəbinin nəzarətçisi olub.