Xanım Qafarova
Xanım Əbdülqafar qızı Qafarova — Azərbaycanın teatr və kino aktrisası, müğənni, Azərbaycanın əməkdar artisti (2003).
== Həyatı ==
Xanım Əbdülqafar qızı Qafarova 1967-ci ildə anadan olub. Xanım Qafarova teatr və musiqi sənətlərinə erkən yaşlarından maraqlanmış, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olmuşdur. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olmuş, bu zaman "Bahar suları" əsərində Turac, "Mənim nəğməkar bibim"də Nəğməkar bibi, "Kişilər"də Səmayə, "Aydın"da Gültəkin, "Oqtay Eloğlu"nda Firəngiz, "Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynamışdır.
1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olmuş, hələ ikinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlamışdır. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb etmiş, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazları yaradıcısı kimi püxtələşdirmişdir. Burada o R. Əhmədzadənin "92 dəqiqə gülüş" tamaşasında Balaxanım, "Hələlik"də Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun "Uca dağ başında" əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa etmişdir. Bundan başqa "Heç cür qana bilmirəm", "Bir gün sizinlə", "Bir başqa gecə" və s. şou-konsert proqramları ilə Bakının möhtəşəm sarayları ilə yanaşı Respublikanın əksər kənd və rayonlarında maraqlı və uğurlu çıxışlar etmişdir.
1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət almışdır.