1. zərf Arxa tərəfə, dala, dal tərəfə.
[Qaçay] bir neçə addım gedəndən sonra istədi qanrılıb geri baxsın. İ.Məlikzadə.
2. is. Ard, dal, davam, mabəd. Şerin gerisini oxumaq.
– Toğrul Qətibənin bu sözlərini eşidəndən sonra, rübailərinin gerisini oxumadı, kağızı büküb cibinə qoydu… M.S.Ordubadi.
3. is. məc. Aqibət, son, nəticə. İşin gerisini düşünmək.
– [Prokuror:] Bu nədir? Adam bir iş tutanda gerisini fikirləşməz? İ.Şıxlı.
4. is. məc. İnkişaf etməmiş, dala qalmış.
İnkişaf çox zəifdir; Üzrümüz yoxdur əsla; İmkanımız var ikən; Geriyik nə əsasla? R.Rza.
◊ Geri durmaq – uzaqlaşmaq, yaxın gəlməmək.
Yar deyilsən, çək ayağı, geri dur; Canımı odlara yaxmağın nədir? M.P.Vaqif.
Geri götürmək –
1) dala almaq verdiyini istəyib almaq. Kitabını geri götürdü;
2) məc. dediyi sözdən, vədindən dönmək. Sözünü geri götürmək.
– Padşah qızını çox şad görüb, hökmünü geri götürdü. (Nağıl).
Geri (geriyə, geridə) qalmaq –
1) dalda, arxada qalmaq. Qocalar geridə qaldılar.
– Komandan əsgərlərdən geri qalmamaq üçün yoluna davam edir. M.Hüseyn;
2) vaxtını keçirmək, vaxtında etməmək; yubatmaq, ləngitmək. Dərsim geri qalıb.
– Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov;
3) məc. inkişafdan qalmaq, tərəqqi etməmək. [Almaz Xanımnaza:] Ay ana, axı bu bizim kəndimizdir, elimizdir.
Belə, geridə qalıblar ey, geridə. C.Cabbarlı.
Geri qayıtmaq – dala dönmək, qayıtmaq.
Qayıdıb gələndə məclisdən geri; Yolda iki nəfər düşdü üstümə. M.Rahim.
Geri qaytarmaq –
1) qaytarmaq, qovmaq. Uşağı geri qaytarmaq.
– Pəri nənə … gəlinini qapıdan geri qaytarmaq fikrində deyildi. M.Hüseyn;
2) ödəmək, vermək. Borcunu geri qaytarmaq;
3) məc. qarşısını almaq, artmağa, inkişaf etməyə qoymamaq.
Toxtaqlıq, təskinlik bədbəxt hadisəni geri qaytarmır. Ə.Vəliyev.
Geri oturmaq – geri çəkilmək. Yağı geri oturdu.
– [Düşmən] hər dəfə öz qara qanı içərisində boğulub geri otururdu. Ə.Məmmədxanlı.
Geri oturtmaq – zor gələrək geri çəkilməyə, qaçmağa məcbur etmək, dala oturtmaq.
Üsyançılar üzüm bağlarına doluşan və şəhərin ucqar dar küçələriylə irəliləmək istəyən bolşevikləri əzərək geri oturtdular. İ.Şıxlı.
Geri(də) qoymaq – dalda buraxmaq, irəliləmək.
Ələmdarlı bizi geridə qoyub özü irəli getdi, daşın dalına sinib dedi: – Kimsən, dayan! Mir Cəlal.
Geri(yə) almaq – yenidən əldə etmək, almaq, özlərinə qaytarmaq. Kitabları geri almaq.
– …Osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, paymal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. C.Məmmədquluzadə.
Verilən ənamı geri almaq gədalıqdır. C.Cabbarlı.
Geri(yə) atmaq (salmaq) –
1) dala atmaq, arxaya qatlamaq. Saçını geri atdı.
– Şəmsiyyə qırmızı ipək paltarın ətəklərini geri ataraq kreslodan birisinə oturdu. M.İbrahimov;
2) məc. inkişafını saxlamaq, qarşısını almaq, mane olmaq.
Onlar bilirdi(lər) ki, burada oturanların məhvi İran inqilabını on illərcə geri ata bilər. M.S.Ordubadi.
Geri(yə) baxmadan – üzünü dala çevirmədən, heç bir şeyə fikir vermədən, sürətlə. Geri baxmadan getmək.
Geri(yə) çəkilmək –
1) dayandığı, durduğu yerdən dala çəkilmək, geri addımlamaq. İki addım geri çəkilmək.
Yoldan geri çəkil! – Şeyx Sədra itaət … ilə geri çəkilir. H.Cavid.
Müəllim gələn şagirdlərə yol vermək üçün geri çəkildi. Ə.Əbülhəsən;
2) düşmənin hücumuna davam gətirməyib öz mövqelərini tərk edərək çəkilmək. Düşmən geri çəkildi.
– …Yarım saat çəkmədi aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Çəmənzəminli.
Geri(yə) dönmək –
1) bax
geri qayıtmaq. Gedənlər geri döndülər.
[Şeyx Hadi:] Çarəsiz biz də Hindi tərk edərək; Geri döndük təəssüf eyləyərək. H.Cavid.
Mirzə Cavad arvadının səsinə geri dönüb, oğlunun halətini görüb başladı söyləməyə. Ə.Haqverdiyev;
2) çevrilmək, dala baxmaq, arxaya dönmək.
Əvvəl qışqırıq eşitdim, tez geri döndüm, o dəqiqə iki kölgə harasa yoxa çıxdı. H.Seyidbəyli.
Geri(yə) getmək –
1) dala qayıtmaq, geri dönmək;
2) məc. arıqlamaq, zəifləmək. Uşaq günü-gündən geri gedir.
– Ağabəy bir gün baxıb gördü, elə qız günü-gündən geri gedir. (Nağıl).
[Sultan bəy:] Beş ildir ki, günü-gündən geri gedirəm. Ü.Hacıbəyov;
// vəziyyəti getdikcə pisləşmək, ağırlaşmaq; yaxşılaşmamaq (xəstə haqqında). Xəstə geri gedir.
– [Sona xanım:] Pəri, heç mənim halımı soruşma, bax, görürsən, gün-gündən geri gedirəm. Ə.Haqverdiyev.
[Böyük oğlu:] 3-4 gün bu dərmanları atdı, kişi daha da geri getdi. Qantəmir;
3) bax
geri qalmaq 3-cü mənada.
Elə bil düşünür Sent-Ekzüperi: – Ağıldan, əməldən geri qaldı səs; Bu qoca dünyamız hara gedir bəs? B.Vahabzadə.
Geri(yə) istəmək – tələb etmək, bir şeyi təzədən əldə etməyə çalışmaq. Borcunu geri istəmək.
– Zeynal ötəyə-bəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn.
Geri(yə) salmaq –
1) bax
geriyə çəkmək 2-ci mənada;
2) məc. yubatmaq, təxirə salmaq. Lətif hələ keçən il Bakıya getməli idi.
Lakin bir hadisə onu bir il geri saldı. H.Seyidbəyli.
Geridən baxmaq – seyrçi kimi uzaqdan baxmaq, yaxın durmamaq, qarışmamaq, iştirak etməmək, uzaq durmaq. Geridən baxma, kömək elə.
– Ustalardan dərs al hərdən; Xeyrə-şərə baxma geridən. Aşıq Şəmşir.
Geriyə çəkmək –
1) arxaya çəkmək, dala vermək, kənara çəkmək. Maşın gəlir, uşağı geri çək.
– Şofer onun qolundan tutub geriyə çəkdi… M.Hüseyn;
2) məc. inkişafına, tərəqqisinə, irəliləməsinə mane olmaq. Köhnə adətlər xalqı geri çəkir.