İradə Hüseynova (tarixçi)
İradə Mehdiqulu qızı Hüseynova (19 aprel 1963, Bakı) — Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, "Erməni araşdırmaları" elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq "Sokrat" mükafatı laureatı (İngiltərə), Azərbaycan Respublikasının Əməkdar müəllimi. 2009–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb."De-institusionalizasiya-dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı" Dövlət Proqramının Respublika Əlaqələndirmə Şurasının sədri, milli koordinatoru, həmçinin "İnklüziv təhsil" Dövlət Proqramının Milli koordinatoru olmuşdur. Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Yeni Azərbaycan partiyasının Siyasi Şurasının üzvü (1999)
İradə Hüseynova 19 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhərinin 8 saylı orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş 1985-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi-pedaqoji fəaliyyətini davam etdirmək üçün Elmi Şuranın qərarı və Təhsil Nazirliyinin təyinatı ilə universitetdə saxlanılmışdır. 1981-ci ildən Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinin II kursunda oxuyarkən, əmək fəaliyyətinə başlamış, universitetin həmkarlar təşkilatının ştat üzrə sədr müavini vəzifəsinə seçilmiş, 1981–1989-cu illərdə bu vəzifədə çalışmışdır. 1982–1987-ci illərdə Azərbaycan SSR həmkarlar ittifaqının XVI, XVII və SSRİ Həmkarlar İttifaqının XVII, XVIII qurultaylarının nümayəndəsi, SSRİ Həmkarlar İttifaqının Mərkəzi Təftiş komissiyasının, Rəyasət heyətinin üzvü olmuş, həmin dövrdə Azərbaycanı İttifaq səviyyəsində təmsil etmişdir. Namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir.