Manaf Süleymanov
Süleymanov Manaf Fərəc oğlu (3 mart 1912, Lahıc, Şamaxı qəzası – 12 sentyabr 2001, Bakı) — Azərbaycan yazıçısı, nasir, tərcüməçi, tarixçi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi (1942), dosent, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1987).
== Həyatı ==
Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil almışdır (1932–1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır.
Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlamışdır. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur.
Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat etmişdir.
== Yaradıcılığı ==
Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlamışdır. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirmişdir.
Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y. A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olmuşlar.