Qırğız ədəbiyyatı
Qırğız ədəbiyyatı — Qırğızıstanlı və qırğız şair, yazıçıların Qırğızıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələridir.
Toktoqul Satılqanov bölgənin zarafatcıl, şirin lətifələr danışan, bədahətən şeirlər söyləyən, bugünkü mənada monotamaşalar göstərən insanlarından birisi olmuşdur. Toktoqulun anası da ürəkləri kövrəldən, necə deyərlər, daş ürəkli insanların da gözündən yaş çıxara bilən bir ağıçı olmuşdur.
Uşaqlığını keçə çadırlarda, yayda yaylaqda, qışda qışlaqda keçirən, məktəb, mədrəsə üzü görməsə də, fitri istedadı, iti yaddaşıyla ailə üzvlərinin, qohumlarının, sonra da bölgədə yaşayanların diqqətini özünə cəlb edən Toktoqul yeniyetməliyində çobanlıq edərkən təbiətin hər cür sərt üzünü görür. Sürü otararkən borana da düşür, qoyunlara hücuma keçən ac yırtıcılarla da üzləşir. Hava xoş, kefi kök olanda dağ bulaqlarının suyundan içib çəmənlərdə oxumaqla səsini cilalayıb. Dağlara, göydə uçan quşlara "konsert" verə-verə bir akın kimi yetişib. Beləcə 13 yaşından yırlar söyləməyə başlayıb.
Onun fitri istedadını ailəsi və Naken, Esenaman, Çondun kimi yırçıların şeirləri gəlişdirir. Tarixi mənbələrə sadiq qalan, əsərlərində fakt və sənədlərə dayanmağa üstünlük verən məşhur qırğız yazıçısı Tölöqon Qasımbekov "Gəlgəl" romanında bölgənin məşhur qopuz düzəldən və ifaçısı Niyazalı onu himayəsinə götürdüyünü, şagirdinə yalnız çalıb oxumağı, qırğızların ağızı ilə desək akınlığı öyrətmir, həm də quzunun və ya oğlağın bağırsaqlarını təmizlədikdən sonra onu tərsinə çevirərək necə qaşıyıb naziltmək lazım gəldiyini, həmin bağırsaqları kölgədə qurudarkən onun uzanması üçün hansı çəkidə daş bağlamaq lazım gəldiyini, necə deyərlər, bağırsaqdan qopuz üçün yüksək keyfiyyətli sim düzəltməyi, qopuzun çanağı və qolu üçün ağac seçməyi öyrədir.