is. [
fars. ]
1. Əmr, göstəriş.
Səməndər qayda-qanunu bilmədiyi üçün sərəncam gözləyirdi. B.Bayramov.
□ Sərəncam çəkmək – bir şeyi həll etmək, qaydaya salmaq üçün sərəncam vermək, göstəriş vermək, tədbir görmək.
İnmirə məhəlləsində bir ittifaq düşərdisə, tez [Əmi] özü gedərdi, işlərinə diqqətlə baxardı, sərəncam çəkərdi. N.Nərimanov.
[Müdir:] İndi ki, deyirsən mən kəndli qızıyam, sözümüz yoxdur, gətir, ərizəni ver, görək bir sərəncam çəkə bilərikmi? – demiş və nəhayət, Zeynəbi məktəbə götürmüşdür. Qantəmir.
// Həll etmək, xitam vermək.
[İbrahim kişi:] Gərək, Mehralı, elə günü bu gün işə sərəncam çəkək. S.Rəhman.
Sərəncam olmaq – göstəriş verilmək.
Nahar tədarükü oldu sərəncam; Qoyuldu süfrəyə qımız, gümüş cam. A.Səhhət.
Sərəncam vermək – göstəriş vermək, əmr vermək.
Kağızlar qalaq-qalaq; Miz üstünə sərilir; Qol çəkilir anbaan; Sərəncamlar verilir. N.Xəzri.
2. Aqibət, son, nəticə, axır.
Yaxşı görünür surəti məhvəşlərin, əmma; Yaxşı nəzər etdikdə sərəncamı yamandır. Füzuli.
3. Sərəncamında – əlində, ixtiyarında.
Belə hallarda düşüncə və kədəri dostlara danışmaq və onların sərəncamında olan imkanlardan istifadə etmək lazımdır. M.S.Ordubadi.
Opera əsərinin tərkibinə daxil olan bütün bu saydığımız cəhətlər göstərir ki, opera bəstələyən kompozitorun sərəncamında çox geniş ifadə imkanları vardır. Ə.Bədəlbəyli.