Taleh Qaraşov
Taleh Qaraşov (tam adı: Taleh Azay oğlu Qaraşov; 20 may 1959, Pirəköcə, Kürdəmir rayonu) — azərbaycanlı dövlət xadimi; Kürdəmir rayonunun icra başçısı (1996–2002), Cəlilabad rayonunun icra başçısı (2002–2006), Neftçala rayonunun icra başçısı (2006–2011), Astara rayonunun icra başçısı (2011–2012) və Lənkəran şəhərinin icra başçısı (2012).
== Həyatı ==
Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur.
1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Ailəlidir, 3 övladı var.