Cənubi Afrika Respublikasının zəngin Mask ailəsindən olan İlon Mask paytaxt Pretoriyada doğulmuş və Pretoriya Universitetində oxumuşdur. 18 yaşında Kanadaya mühacirət edərək Kanada əsilli anasının vasitəsilə vətəndaşlıq almışdır. İki il sonra o, Kanadanın Kinqston şəhərində yerləşən Kuins Universitetinə qəbul oldu. Mask daha sonra Pensilvaniya Universitetinə keçərək iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi aldı. O, Stenford Universitetində oxumaq üçün 1995-ci ildə Kaliforniyaya köçdü, lakin iki gündən sonra təhsilini yarımçıq qoydu və qardaşı Kimbal ilə onlayn şəhər bələdçisi proqram təminatı şirkəti olan Zip2-ni qurdu. Startap 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara alındı. Elə həmin il Mask birbaşa bank olan X.com-un həmtəsisçisi oldu. X.com 2000-ci ildə Confinity ilə birləşərək PayPal-ı yaratdı. eBay 2002-ci ilin oktyabrında PayPal-ı 1,5 milyard dollara aldı. PayPal-ın satışından əldə etdiyi pulun 100 milyon dollarını istifadə edən Mask 2002-ci ildə kosmik uçuş xidmətləri göstərən SpaceX şirkətini qurdu.
Mask 2004-cü ildə elektrikli avtomobil istehsalçısı olan Tesla Motors (daha sonra Tesla) şirkətinin ilk investorlarından biri oldu. O, şirkətin idarə heyəti sədri və məhsul memarı oldu, həmçinin 2008-ci ildə baş icraçı direktor vəzifəsini öz üzərinə götürdü. Mask 2006-cı ildə 2016-cı ildə Tesla tərəfindən satın alınan və Tesla Energy-yə çevrilən SolarCity adlı günəş enerjisi şirkətinin yaradılmasına kömək etdi. 2013-cü ildə hyperloop yüksəksürətli vakuum qatarı daşıma sistemini təklif etdi. 2015-ci ildə qeyri-kommersiya məqsədli süni intellekt tədqiqat şirkəti olan OpenAI-nin həmtəsisçisi oldu. Növbəti il Mask beyin-kompüter interfeyslərini inkişaf etdirən neyrotexnologiya şirkəti olan Neuralink-i və tunel tikintisi ilə məşğul olan Boring Company-ni təsis etdi. 2018-ci ildə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) Maskın Tesla-nın şəxsi ələ keçirilməsi üçün maliyyə vəsaiti aldığını yanlış formada elan etdiyini iddia edərək onu məhkəməyə verdi. Mask məhkəmə işini həll etmək üçün Tesla-nın idarə heyəti sədri vəzifəsindən istefa verdi və 20 milyon dollar cərimə ödədi. 2022-ci ildə Twitter-i 44 milyard dollara satın aldı. Daha sonra şirkəti yeni yaradılmış X Corp.-a birləşdirdi və növbəti il xidməti X olaraq yenidən brendləşdirdi. Mask 2023-cü ilin mart ayında süni intellekt şirkəti olan xAI-ni qurdu.
Mask onu qütbləşən fiqura çevirən fikirlər söyləmişdir.[9] O, COVID-19 dezinformasiyası və antisemitikkonspirasiya nəzəriyyələri də daxil olmaqla qeyri-elmi və yanıltıcı bəyanatlar verdiyi üçün tənqid edilmişdir. Onun Twitter-in sahibi olması da eyni dərəcədə mübahisəli olmuş, çoxlu sayda işçinin işdən çıxarılması, nifrət nitqinin artması, vebsaytda yanlış məlumat və dezinformasiyanın artması, eləcə də "Twitter Blue" verifikasiyasında edilən dəyişikliklərlə yadda qalmışdır.[9][10][11][12]
İlon Riv Mask 28 iyun 1971-ci ildə CAR-ın Pretoriya şəhərində anadan olmuşdur. Anası Mey Mask (qızlıq soyadı: Haldeman) KanadanınSaskaçevan şəhərində anadan olmuş dietoloq və modeldir,[13][14] amma o, Cənubi Afrikada böyümüşdür. Atası Cənubi Afrikalı elektromexanik mühəndisi, pilot, dənizçi, məsləhətçi və bir vaxtlar Tanqanika gölü yaxınlığında Zambiya zümrüd mədəninin yarı sahibi olan Errol Maskdır.[15][16] Maskın özündən kiçik Kimbal (1972-ci il təvəllüdlü) adlı qardaşı və Toska (1974-cü il təvəllüdlü) adlı bacısı var.[14][17] Ana tərəfdən babası Yoşua Haldeman macəraçı Amerika əsilli kanadalı macərapərəstdir və ailəsini tək mühərrikli Bellanca təyyarəsində Afrika və Avstraliyaya səyahətlərə çıxarmışdır.[18][19] Mask uşaq olanda həkimlər onun kar olduğundan şübhələndiyi üçün adenoidləri çıxarılmışdı. Ailəsi vaxtilə çox varlı idi; Errol Mask bir dəfə demişdi: "Bizim o qədər pulumuz var idi ki, bəzən seyfimizi bağlaya bilmirdik".[16][20] Valideynləri 1980-ci ildə ayrıldıqdan sonra Mask əsasən atası ilə Pretoriyada yaşayırdı,[21] bu seçimi özü etmişdi, amma sonra peşman olmuşdu.[22] Mask atası haqda "Dəhşətli bir insan… Demək olar ki, ağlınıza gələ biləcək hər pis hərəkəti edib" deyərək atasından uzaqlaşdı.[22] Onun ata tərəfdən ögey bacısı və ögey qardaşı var.[18][23] İlon uşaqlığında Anqlikan Sendi məktəbində oxumuşdur.[24]
Kanada vətəndaşının ABŞ vətəndaşlığı almağının asan olduğunu[28] bilən Mask Kanada pasportu almağa Kanada əsilli anası vasitəsilə müraciət etmişdir.[29] Sənədlərin qəbul prosesi ərzində Pretoriya Universitetində beş ay təhsil aldı və bu da ona Cənubi Afrika Silahlı Qüvvələrində məcburi xidmətdən uzaqlaşmağa şərait yaratdı. Mask 1989-cu ilin iyun ayında Kanadaya gəldi və bir il Saskaçevanda ikinci əmisi oğlu ilə yaşadı. O burada fermada və taxta fabrikində əlavə işlərdə çalışdı. 1990-cı ildə Ontario ştatının Kinqston şəhərində yerləşən Kuens Universitetinə daxil oldu.[30] İki il sonra isə Pensilvaniya Universitetinə qəbul oldu və oranı 1995-ci ildə iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi ilə bitirdi.[31][32][33][34]
1995-ci ildə Mask, Kimbal və Qreq Kori mələk investorların köməyi ilə Zip2 veb proqram təminatı şirkətlərini qurdular.[37] Şirkət Palo-Altoda icarəyə götürdükləri kiçik bir ofisdə yerləşdirdi.[22] Şirkətin məhsulu qəzet nəşriyyatı sənayesi üçün xəritələrdən ibarət internet şəhər bələdçisi idi.[38] Maskın dediyinə görə, şirkət uğur qazanmazdan əvvəl, o, mənzil ala bilmədiyi üçün ofis icarəyə götürüb orada yatır, duş alır və bir kompüteri qardaşı ilə birgə işlədirdi. Kimballa biznes qərarlarında razılığa gələ bilməyəndə, fikir ayrılıqlarını güləşərək həll edirdilər.[39] Maska deyirdi ki, "Veb-sayt gündüzlər işləyirdi və mən onu həftənin yeddi günü, hər zaman gecə kodlayırdım".[22] Mask qardaşı ilə "The New York Times" və "Chicago Tribune" ilə müqavilələr əldə etdilər[40] və idarə heyətini CitySearch ilə birləşmə planlarından imtina etdiklərinə inandırdılar. Maskın Riç Sorkinin tutduğu vəzifə olan baş icraçı direktor olmaq cəhdləri[41] idarə heyəti tərəfindən qəbul edilmədi. Compaq 1999-cu ilin fevral ayında Zip2-ni 307 milyon dollara satın aldı.[42] Maska bu məbləğdən 7 faizlik payına görə 22 milyon dollar düşdü.[43]
Mask 1999-cu ilə qardaşı ilə birlikdə onlayn maliyyə xidməti verən və e-poçt ödəniş sistemi olan X.com şirkətini təsis etdi. Startap ilk federal sığortalı onlayn banklardan biri idi və fəaliyyət göstərdiyi ilk aylarında 200.000-dən çox müştəri qazanmışdı. Şirkətin investorları Maskı təcrübəsiz hesab etdilər və ilin sonuna kimi onu Intuit-in baş icraçı direktoru Bill Harrislə əvəz etdilər. Növbəti il X.com rəqabətdən uzaqlaşmaq üçün onlayn bank olan Confinity ilə birləşdi.[44]Maks Levsin və Piter Til tərəfindən qurulan Confinity-nin X.com xidmətindən daha populyar olan PayPal adlı pul köçürmə xidməti var idi.[45] Şirkətin birləşməsindən sonra Mask CEO vəzifəsinə geri qayıtdı. Maskın Linux-dan daha çox Microsoft proqram təminatına üstünlük verməsi şirkətdə fikir ayrılığı yaratdı və Tilin istefasına səbəb oldu. Yaranan texnoloji problemlərə və vahid biznes modelinin olmamasına görə, idarə heyəti Maskı vəzifədən uzaqlaşdırdı və 2000-ci ilin sentyabrında onu Til ilə əvəz etdi.[note 1] Şirkət Tilin rəhbərliyi altında PayPal xidmətinə diqqət yetirdi və 2001-ci ildə PayPal adını aldı.[47] PayPal 2002-ci ildə eBay tərəfindən 1,5 milyard dollara satın alındı və şirkətin 11,72% səhmlə ən böyük səhmdarı olan Mask satışdan 175,8 milyon dollar əldə etdi.[48]
Mask 2017-ci ildə PayPal-dan X.com domenini açıqlanmayan məbləğə aldı və bunun sentimental dəyəri olduğunu dedi.[49][50]
Mask 2001-ci ildə qeyri-kommersiya təşkilat olan Mars Cəmiyyətinə üzv olur. O, Marsda bitkilər üçün böyümə qabları yerləşdirmək planından ilhamlanır və layihənin maliyyələşdirilməsini öz üzərinə götürür. Mask 2001-ci ilin oktyabrında istixana yüklərini kosmosa göndərə bilən yenilənmiş qitələrarası ballistik raketlər (ICBM) almaq üçün Cim Sentrell və Mayk Qriffin ilə birlikdə Moskvaya getdi. Onlar NPO Lavochkin və Kosmotras şirkətləri ilə görüşdülər, lakin Maska təcrübəsiz kimi baxırdılar və hətta rus baş dizaynerlərindən biri ona tüpürdü. Qrup ABŞ-yə əliboş qayıtdı. 2002-ci ilin fevralında üç ədəd ICBM almaq üçün yenidən Rusiyaya qayıtdılar. Onlar Kosmotras ilə başqa bir görüş keçirdilər və ruslar 8 milyon dollara bir raket təklif etdilər. Mask isə bunu rədd edərək, əvəzində ucuz raketlər istehsal edə biləcək şirkət yaratmağa qərar verdi.[51] Mask ilk əldə etdiyi kapitalın 100 milyon dolları ilə[52] 2002-ci ilin may ayında SpaceX adı ilə ticarət edilən Space Exploration Technologies Corparation-u qurdu.[53] 2021-ci ildən etibarən o, şirkətin icraçı direktoru (CEO) olaraq qalır və eyni zamanda texniki direktor (CTO) titulunu da daşıyır.[54]
SpaceX ilk dəfə 2006-cı ildə Falcon 1 raketini buraxmağa cəhd etdi.[55] Raket Yerin orbitinə çata bilməsə də, həmin ilin sonunda NASA tərəfindən Kommersiya Orbital Nəqliyyat Xidmətləri (COTS) proqramı müqaviləsi ilə təltif edildi.[56] Maskın "kabus gördüyü, qışqırdığı və fiziki ağrılar keçirdiyi" bildirilən daha iki uğursuz cəhddən sonra[57] SpaceX 2008-ci ildə Falcon 1-i orbitə çıxarmağa müvəffəq oldu və beləcə bu raket ilk özəl maye yanacaqlı raket adını qazandı.[58] Həmin ilin sonunda SpaceX NASA ilə Falcon 9 raketi və Dragon kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyadan (ISS) 12 uçuşu üçün 1,6 milyard dollarlıq Kommersiya Təchizat Xidmətləri proqramı müqaviləsi imzaladı.[59] Dragon 2012-ci ildə özəl müəssisə istehsalı olaraq ilk dəfə ISS-də yerləşdi.[60] Yenidən istifadə edilə bilən raketlər istehsal edən SpaceX 2015-ci ildə Falcon 9-un ilk enişini uğurla həyata keçirdi.[61] Enişlər daha sonra okean əsaslı bərpa platforması olan avtonom-kosmodrom dron gəmisində həyata keçirildi.[62] SpaceX 2018-ci ildə Falcon Heavy-ni buraxdı. Raketin missiyası İlon Maskın şəxsi Tesla Roadster-ini kosmosa aparmaq idi.[63][64] Şirkət 2017-ci ildə SpaceX-in bütün buraxılış xidməti təminatçısı imkanlarını dəstəkləyəcək yeni nəsil buraxılış aparatı və kosmik gəmi sistemi olan daha sonra Starship olaraq dəyişdirilən Big Falcon Rocket-i təqdim etdi.[65] SpaceX 2018-ci ildə planlaşdırılan 2023-cü ildə Ay ətrafında dövrə vurma missiyasını, dearMoon adı altında şəxsi layihəsi olaraq açıqladı.[66] 2020-ci ildə SpaceX ilk ekipajlı uçuşu olan Demo-2-ni həyata keçirdi və belədə insanı orbitə yerləşdirən və ekipajlı kosmik gəmini ISS ilə birləşdirən ilk özəl şirkət oldu.[67]
SpaceX peyk internetə çıxışı təmin etmək üçün 2015-ci ildə aşağı Yer orbiti peyklərinin Starlink bürcünün hazırlanmasına 2018-ci ilin fevralında orbitə buraxılan ilk iki prototip peyklə başladı.[68] İkinci sınaq peykləri və bürcün bir parçasının ilk yerləşdirilməsi 2019-cu ilin may ayında ilk 60 operativ peyk buraxılanda baş verdi.[69] Bürcün layihələndirilməsi, qurulması və yerləşdirilməsi üçün onillik davam edən prosedurun ümumi dəyəri SpaceX tərəfindən təqribən 10 milyard dollar məbləğində təxmin edilir.[70][note 2]
Şirkət Starlink peyklərinin səmanın görünüşünü əngəllədiyini deyən astronomların və peyklərin toqquşma riskini və kosmosda təhlükə yarada biləcəyini iddia edən ekspertlərin tənqidinə məruz qalıb.[73][74] Mask tənqidlərə peyklərin təsirinin "heç nə" olduğunu və "kosmosun böyüklüyünün qarşısında peyklərin çox kiçik olduğunu" deyərək cavab verib tənqidləri rədd etdi.[73]
Tesla (ilk adı — Tesla Motors) 2003-cü ilin iyul ayında Martin Eberhard və Mark Tarpenninq tərəfindən təsis edilmişdir.[75] Hər ikisi Maskın şirkətə qatılmasına qədər ilkin inkişafda fəal rol oynayıb.[76] Mask 2004-cü ilin fevralında şirkətə 6,5 milyon dollar sərmayə qoyaraq əsas səhmdara çevrildi və Tesla-nın direktorlar şurasına sədr kimi qatıldı.[77] Mask şirkət daxilində fəal rol oynayırdı və Roadster məhsulunun dizaynına nəzarət edirdi, amma gündəlik iş əməliyyatlarında dərindən iştirak etmirdi. 2007-ci ildə bir sıra gərginləşən münaqişələrdən və 2008-ci il maliyyə böhranından sonra Eberhard şirkətdən uzaqlaşdırıldı.[78] Mask 2008-ci ildə baş icraçı direktor və məhsul dizayneri kimi şirkətin rəhbərliyini öz üzərinə götürdü.[79] 2009-cu ildə Eberhard ilə məhkəmə mübahisəsi nəticəsində Mask Tarpenninq və digər iki nəfərlə birlikdə Tesla-nın həmtəsisçisi kimi təyin olundu.[80][81] 2019-cu ildən etibarən İlon Mask qlobal miqyasda avtomobil istehsalçıları arasında ən uzun müddət işləmiş baş icraçı direktor olub.[82] Mask 2021-ci ildə nominal olaraq "Texnologiya kralı" ləqəbini götürdü.[83]
Tesla ilk dəfə 2008-ci ildə elektrikli idman avtomobili Roadster istehsal etdi. Təxminən 2500 avtomobilin satışı ilə bu, litium-ion batareyalarından istifadə edən ilk tamamilə elektrik avtomobildən ibarət olan kütləvi istehsal oldu.[84] Tesla 2012-ci ildə dörd qapılı Model S sedanını tədarük etməyə başladı.[85] Krossover Model X isə 2015-ci ildə istehsal edilməyə başladı.[86][87] Kütləvi istehsal sedanı Model 3 isə 2017-ci ildə bazara çıxarıldı.[88][89] 2020-ci ilin mart ayına olan məlumata görə, bu model 500.000-dən çox tədarüklə dünyanın ən çox satılan elektrik avtomobilidir.[90] Beşinci avtomobil Model Y krossoveri 2020-ci ildə buraxıldı.[91] Tamamilə elektriklə işləyən pikap Cybertruck 2019-cu ildə təqdim edildi.[92] Maskın rəhbərliyi altında Tesla həmçinin NevadadaGigafactory 1 və ÇindəGigafactory 3 kimi çoxlu litium-ion akkumulyator və elektrik avtomobillərinin yığılması fabrikləri tikib.[93][94][95]
2010-cu ildə ilkin ictimai təklifdən sonra Tesla səhmləri əhəmiyyətli dərəcədə artdı.[96] Beləcə Tesla 2020-ci ilin yayında ən qiymətli avtomobil istehsalçısı oldu[97][98] və həmin ilin sonunda S&P 500-ə (birja sıralaması) daxil oldu.[99][100] 2021-ci ilin oktyabrında 1 trilyon dollar bazar kapitalına çataraq bunu ABŞ tarixində edən altıncı şirkət oldu.[101] Mask 6 noyabr 2021-ci ildə Twitter platformasında Tesla səhmlərinin 10%-ni satmağı təklif etdi, çünki "son zamanlar çox şey vergidən yayınma vasitəsi olan reallaşdırılmamış qazanclardan əldə edilir".[102][103] 3,5 milyondan çox Twitter hesabı satışı dəstəklədikdən sonra Mask noyabrın 12-də həftəsonu Tesla-nın 6,9 milyard dollarlıq səhmini satdı[102] və ilin sonuna qədər 16,4 milyard dollarla 10%-lik hədəfə çatdı.[104]Wall Street jurnalı 2022-ci ilin fevralında həm İlon, həm də Kimbal Maskın satışla bağlı mümkün insayder ticarətinə görə SEC tərəfindən araşdırıldığını bildirdi.[105]
Mask 2018-ci ilin sentyabr ayında Tesla-nın potensial olaraq özəlləşdirilməsi üçün maliyyə ilə təmin ediliyini iddia edən tvitinə görə SEC tərəfindən məhkəməyə verildi.[106][107][note 3] Məhkəmə iddiaya əsasən Maskın 2018-ci ilin iyul ayında xarici investorlarla apardığı müzakirələrin əsas müqavilə şərtlərini təsdiqləmədiyini və beləliklə, tviti yalan, aldadıcı və investorlara zərər verən kimi səciyyələndirdiyini iddia etdi və Maskın şirkətin baş direktoru vəzifəsində işləməsini qadağan etməyi bildirdi.[107][111][112] Mask isə iddiaları əsassız adlandırdı.[113] İki gün sonra Mask SEC-in iddialarını təkzib etmədən SEC ilə razılaşdı. Nəticədə Mask və Tesla hər biri ayrılıqda 20 milyon dollar cərimələndi və Mask üç il Tesla sədri vəzifəsini tərk etmək məcburiyyətində qaldı, lakin CEO olaraq fəaliyyətdə qala bildi.[114][115]
Maskın idarəçilik tərzi və işçiləri ilə rəftarı ciddi tənqidlərə məruz qalmışdır.[116][117][118][119][120]Business Insider xəbər verir ki, Tesla işçilərinə Maskın "vəhşi atışmalarına" görə onun masasının yanından keçməmək tövsiyə edilib.[121]Wall Street jurnalı yazır ki, Mask avtomobilləri "özünü idarə edən" kimi markalamaqda israr etdikdən sonra mühəndislərin tənqidi ilə üzləşdi. Onlardan bəziləri cavab olaraq istefa verdi, bir mühəndis Maskın "ehtiyatsız qərar verməsi ilə potensial olaraq müştərilərin həyatını riskə atdığını" dedi.[122] 2021-ci ildə nəşr olunan "Güc oyunu" kitabında Maskın işçiləri təhqir etdiyinə dair çoxsaylı müddəalar yer alır.[123] Keçmiş icraçı Wired məqaləsində "Tesla-da hər kəs İlon ilə təhqiramiz münasibətdədir." demişdir.[116]
Mask əmisi oğulları Lindon və Piter Rivin 2006-cı ildə birgə təsis etdiyi SolarCity üçün ilkin konsepsiya və maliyyə kapitalı təmin etdi.[124] Şirkət 2013-cü ilə qədər ABŞ-də günəş enerjisi sistemlərinin ikinci ən böyük təchizatçısı idi.[125] Mask 2014-cü ildə SolarCity-nin Nyu-York ştatınınBuffalo şəhərində ABŞ-dəki ən böyük günəş stansiyasından üç dəfə böyük ölçüdə qabaqcıl istehsal obyekti tikmək ideyasını irəli sürdü.[126] Zavodun tikintisi 2014-cü ildə başlayıb 2017-ci ildə tamamlanıb. Şirkət Panasonic ayrılana qədər — 2020-ci ilin əvvəlinə qədər Panasonic ilə birgə müəssisə kimi fəaliyyət göstərib.[127][128]
Tesla 2016-cı ildə SolarCity-ni 2 milyard dollardan çox qiymətə satın aldı və Tesla Energy-ni yaratmaq üçün onu batareya enerjisi saxlama məhsulları bölməsi ilə birləşdirdi. Razılaşmanın elan olunması Tesla-nın səhmlərinin qiymətinin 10%-dən çox azalması ilə nəticələndi. Həmin vaxt SolarCity likvidlik problemləri ilə üzləşirdi; lakin bu haqda Tesla səhmdarlarına məlumat verilmədi.[129] Nəticədə, bir çox səhmdar qrupları Mask və Tesla-nın direktorlarına qarşı məhkəmə iddiası qaldıraraq, SolarCity-nin satın alınmasının yalnız Maskın xeyrinə olduğunu və Tesla və onun səhmdarlarına mənfi təsir etdiyini iddia etdilər.[130][131] Mask 2019-cu ilin iyun ayında məhkəmə zamanı etiraf etdi ki, şirkət günəş bölməsindəki hər bir işçini Model 3-də işləmək üçün yenidən yerləşdirib və Maskın sözlərinə görə, "nəticədə günəş zərər çəkib". Bu əvvəllər səhmdarlara açıqlanmamışdı. 2019-cu ildə möhürlənmiş məhkəmə sənədləri də Maskın şirkətin likvidlik problemlərindən xəbərdar olduğunu təsdiqlədi.[129] Tesla direktorları 2020-ci ilin yanvarında problemi həll etdilər və Mask yeganə cavabdeh olaraq qaldı.[132][133]
Mask 2016-cı ildə insan beyninin maşınlarla birləşməsini asanlaşdırmaq üçün insan beyninə daxil edilmiş qurğular yaratmaqla insan beynini süni intellektlə (AI) inteqrasiya edən neyrotexnoloji startap şirkəti olan Neuralink-in həmtəsisçisi olmuşdur. Cihazların həmçinin yenilənmiş olması üçün cihazlar süni intellektin ən son yenilənməsi ilə uyğunlaşdırılacaq. Bu cür yenilənmələr yaddaşı gücləndirə və ya cihazların proqram təminatı ilə daha effektiv əlaqə saxlamasına şərait yarada bilər.[134][135]
Mask 2020-ci ilin avqustunda keçirilən canlı nümayişdə ilk cihazlarından birini iflic, karlıq, korluq və digər əlillikləri tezliklə sağalda biləcək "kəllədəki Fitbit (smart saat)" kimi təsvir etdi. Bir çox nevroloqlar və nəşrlər bu iddiaları tənqid etdi.[136][137][138] Belə ki, MIT Technology Review bunu "yüksək spekulyativ" və "neyroelm teatrı" kimi təsvir etdi.[136]
Mask 2016-cı ildə tunel tikintisi üçün The Boring Company-ni təsis etdi.[139] Şirkət 2017-ci ilin əvvəlində tənzimləyici orqanlarla müzakirələrə başladı və heç bir icazə lazım olmadığı üçün SpaceX-ə məxsus ərazidə eni 9,1 m (30 ft), uzunluğu 15 m (50 ft) və dərinliyi 4,6 m (15 ft) olan "sınaq quyusu"nun qazıntısına başladı.[140]Las-Veqas Konqres Mərkəzinin altında tikilən tunel 2021-ci ilin əvvəlində tamamlandı.[141] Yerli rəsmilər tunel sisteminin daha da genişləndirilməsini təsdiq etdilər.[142]
The Boring Company ticarət və reklam məqsədilə 2018-ci ildə 2000 yeni alov qurğusu satdı.[143][144] Bu ideyanın Mel BruksunKosmos topları (1987) filmindən ilhamlandığı iddia edilir.[145][146]
Mask 2013-cü ildə "vactrain" (vakum qatar) layihəsinin konseptual əsasların və ilkin dizaynların hazırlanması üçün Tesla və SpaceX-dən onlarla mühəndisi topladı.[147] 12 avqust 2013-cü ildə Hyperloop layihəsi təqdim edili.[148] Sistemin alfa dizaynı Tesla və SpaceX bloqlarında nəşr olundu.[149] Layihə konsepsiyasında Los-Anceles və San-Fransisko şəhərlərini birləşdirən 6 milyard dollara hazırlana bilən sürət qatarı sistemi yer alır.[150] Əgər təklif bu büdcəylə hazırlana bilsə uzun səyahət üçün digər nəqliyyat vasitələrindən ucuz olacaq.[151]
Mask 2015-ci ilin iyun ayında 2015–2017 Hyperloop pod yarışmasında iştirak etmək üçün Hyperloop podları qurma yarışması keçirdi.[152] 2017-ci ilin iyul ayında Mask Nyu-Yorkdan Vaşinqtona qədər hiperlup qurmaq üçün "hökumətin şifahi razılığını" aldığını iddia etdi.[153][154]
Mask 2015-ci ilin dekabrında bəşəriyyət üçün faydalı olan süni ümumi intellektin inkişaf etdirilməsi məqsədi daşıyan qeyri-kommersiya süni intellekt (AI) tədqiqat şirkəti OpenAI-nin təsis edildiyini elan etdi.[155] Şirkətin tezisi "super kəşfiyyat sistemlərinə sahib olmaqla həddindən artıq güc əldə edə bilən böyük korporasiyalara və hökumətlərə qarşı mübarizə"dir.[37][156] Mask 2018-ci ildə Tesla Autopilot vasitəsilə süni intellektə daxil olarkən Tesla-nın CEO-su olduğuna görə gələcəkdə OpenAI ilə mübahisələrin yaranmasının qarşısını almaq üçün şirkətin idarə heyətindən ayrıldı.[157]
Ətraflı bax: Tham Luang mağarasında xilasetmə əməliyyatı
Mask 2018-ci ilin iyul ayında Tailandda su basmış mağarada qalan uşaqların xilas edilməsinə kömək etmək üçün işçilərinə kiçik bir xilasetmə podu hazırlatdı.[158] Beynəlxalq xilasedici dalğıc qrupunun lideri Riçard Stenton Maska daşqın şiddətləndiyi təqdirdə istifadə edə bilmək üçün ehtiyat mini sualtı qayıq hazırlamağı təklif etdi.[159] Uşaq futbol komandasının şərəfinə "Vəhşi qaban" (Wild Boar) adlandırılan bu sualtı qayıq[160] 1,5 m (5 ft) uzunluğunda, 30 sm (12 inch) enində və 41 kq (90 pounds) ağırlığında idi.[161][162] SpaceX və The Boring Company mühəndisləri səkkiz saat ərzində mini sualtı qayığı düzəltdilər və şəxsən Tailanda çatdırdılar.[161] Lakin bu vaxta qədər 12 uşaqdan səkkizi tam üz maskalarından və anesteziya altında oksigendən istifadə etməklə artıq xilas edilmişdi; nəticədə Tailand səlahiyyətliləri sualtı qayıqdan istifadə etməkdən imtina etdilər.[163] İlon Mask 2019-cu ilin mart ayında Tailand şahzadəsi — Vaçıralonqkorn tərəfindən xilasetmə işlərində iştirakına görə Direkgunabhorn ordeni kimi mükafatlara layiq görülən 187 nəfərdən biri oldu.[164][165]
Mask 30 mart 2019-cu ildə SoundCloud platformasında Emo G Records şirkəti vasitəsilə "RIP Harambe" adlı hip hop treki yayımladı. Sinsinatti zooparkındakı qorilla Harambenin öldürülməsinə və hadisə ilə bağlı sonrakı "dadsız" sensasiyasına işarə olan trekin sözləri Yanq Cek və Karolin Polaçek tərəfindən yazılmış və BloodPop tərəfindən istehsal edilmişdir.[166][167] Mask 30 yanvar 2020-ci ildə öz sözləri və vokalını özündə əks etdirən "Don't Doubt Ur Vibe" adlı EDM (elektronik rəqs musiqisi) trekini paylaşdı.[168]The Guardian rəyçisi Aleksi Petridis treki pis qiymətləndirsə də, TechCruch qəzeti isə trekin "elə də pis olmadığını" demişdir.[168]
Mask məqsədi fəlakət bölgələrində günəş enerjisi sistemini təmin etmək, eləcə də tədqiqat və inkişaf, təbliğat və təhsili dəstəkləyən[169][170] Mask Fondunun prezidentidir.[171] Fond 2002-ci ildən indiyədək 350-dən çox müxtəlif töhfələr verib. Bunların yarısını elmi tədqiqat və ya təhsil qeyri-kommersiya təşkilatlarına edilmişdir. İanə etdiyi təşkilatlar arasında Vikimedia Fondu, Pensilvaniya Universiteti və Kimbalın Big Green qeyri-kommersiya şirkəti yer alır.[172]Vox veb saytı fondu "sadəliyi ilə demək olar ki, əyləncəli və hələ də heyrətamiz dərəcədə qeyri-şəffaf" olaraq təsvir edib.[173] Fond həmçinin ianə edilən sərvətin nisbətən az olmasına görə tənqid edilib.[174] Fond 2002-ci ildən 2018-ci ilə qədər 25 milyon dolları birbaşa qeyri-kommersiya təşkilatlarına verdi,[175] bunun təxminən yarısı Maskın keçmiş qeyri-kommersiya təşkilatı olan OpenAI-yə verilmişdir.[173] Mask 2012-ci ildə Bağışlama əhdi (Giving Pledge) verdi və bununla da sərvətinin böyük hissəsini ya sağlığında, ya da öz vəsiyyəti ilə xeyriyyəçilik işlərinə verməyi öhdəsinə götürdü.[176]Forbes 2020-ci ildə Maska xalis sərvətinin 1%-dən azını ianə etdiyi üçün hələ də 1 xeyriyyəçilik balı verdi.[172]
Mask savadsızlığın aradan qaldırılmasında innovasiyaları təşviq etmək üçün 15 milyon dollar və təkmilləşdirilmiş karbon tutma texnologiyasını mükafatlandırmaq üçün 100 milyon dollar da daxil olmaqla X Mükafat Fonduna ianə ayırdı.[177][178][179][180] 2021-ci ilin noyabrında Mask Tesla-nın 5,7 milyard dollarlıq səhmlərini xeyriyyəçilik məqsədilə bağışladı.[181]
Mask 2022-ci ildə Rusiyanın Ukraynanı istila etməsinin ardınca digər Avropa dövlətləri tərəfindən satın alınan Starlink peyk şəbəkəsiniUkraynada internetə çıxışı və rabitəni təmin etmək üçün oraya yardım məqsədilə göndərdi.[182] Ukrayna prezidenti Volodimir Zelenski Ukraynaya verdiyi dəstəyə görə şəxsən Maska təşəkkür edib və müharibədən sonra həyata keçiriləcək kosmik layihələrlə bağlı ikisi arasında gələcək danışıqlardan söz açdı.[183][184]
Mask 31 yanvar 2022-ci ildə davamlı olaraq Twitter sosial media şəbəkəsinin əhəmiyyətli miqdarda səhmini almağa başladı və 14 mart 2022-ci ildə şirkətdəki payı 5%-ə çatdı.[185] Mask aprelin 1-də ümumilikdə 73.115.038 səhmə çatdı, bu da həmin vaxt 2,64 milyard dollar dəyərində olan Twitter-in ümumi səhmlərinin 9,13%-ni təşkil edərək, onu şirkətin ən böyük səhmdarına çevirdi. Mask şirkətdəki payının 5%-i keçdikdən sonra 10 gün ərzində SEC-i xəbərdar etməyə məhəl qoymadı, bu da ABŞ qiymətli kağızlar qanunlarını pozurdu.[186] Mask 4 aprel 2022-ci ildə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının 13G sənədinə investisiyasını açıqladıqda, Twitter səhmləri 2013-cü ildən bəri ən böyük gündaxili artım yaşadı, çünki ticarət fəaliyyətinin dalğalanması səhm qiymətinin 27%-ə qədər artması ilə nəticələndi.[187] Maskın Twitter-də əhəmiyyətli bir pay alması ilə bağlı açıqlama, onun 25 və 26 mart tarixlərində Twitter-in söz azadlığına sadiqliyini şübhə altına alan və rəqib sosial media saytı yaratmağı düşündüyünü söylədiyi tvitlərindən sonra gəldi,[188][189][190] baxmayaraq ki, tvitlər o, artıq şirkətin 7,5%-ni aldıqdan sonra edilmişdir.[185][191] Aprelin 4-də Mask şirkətin 14,9%-dən çox hissəsini almağı qadağan edən müqavilə çərçivəsində Twitter-in direktorlar şurasına təyin edildi.[192][193] Amma Mask 9 apreldə idarə heyətinə qatılmağı qəbul etmədi.[194]
Mask aprelin 13-də Twitter-i satın almaq üçün bir səhmi 54,20 dollardan ümumilikdə 43 milyard dollar təklif etdi. Twitter-in idarə heyətinə yazdığı məktubda o, şirkəti özəlləşdirmək arzusunda olduğunu bildirib: "Twitter indiki formada nə inkişaf etməyəcək, nə də öz söz azadlığı ictimai imperativinə xidmət etməyəcək. Twitter özəl şirkət kimi transformasiya edilməlidir."[195][196][197] Buna cavab olaraq, Twitter-in idarə heyəti səhmdarların hüquqları planını qəbul etdi ki, hər hansı bir investor üçün idarə heyətinin təsdiqi olmadan şirkətin 15%-dən çoxuna sahib olmağının dəyəri əhəmiyyətli dərəcədə bahalaşdırılsın.[198][199]
Twitter aprelin 25-də Maskın təklifini qəbul etməyə hazır olduğu bildirdi.[200] Elə həmin gün İlon Mask Twitter-i satın almaq və şirkəti təqribən 44 milyard dollara özəlləşdirmək təklifini uğurla başa vurdu.[201][202][203] Mask açıqlamasında bildirdi:[204][205]
Söz azadlığı fəaliyyət göstərən demokratiyanın təməl daşıdır və Twitter bəşəriyyətin gələcəyi üçün vacib olan məsələlərin müzakirə edildiyi rəqəmsal "şəhər meydanı"dır, mən də bunu yeni xüsusiyyətlərlə təkmilləşdirməklə, alqoritmləri açıq mənbəyə çevirməklə Twitter-i həmişəkindən daha yaxşı etmək istəyirəm. Etibarı artırmaq, botları təmizləmək və bütün insanların autentifikasiyası. Twitter-in böyük potensialı var. Mən onu göstərmək üçün şirkət və istifadəçilər icması ilə işləməyi səbirsizliklə gözləyirəm.[206][207]
Mask 2002-ci ildə PayPal-ın eBay-a satılmasından 165 milyon dollar qazanmışdır.[208] O, ilk dəfə 2012-ci ildə 2 milyard dollar sərvəti ilə Forbes milyarderlər siyahısına daxil oldu.[209]
2020-ci ilin başlanğıcında Maskın sərvəti 27 milyard dollar idi.[210] İlin sonunda isə sərvəti 150 milyard dollar artdı, bunun əsas səbəbi Tesla səhmlərinin təxminən 20%-nə sahib olması idi.[211] Bu müddət ərzində sərvəti tez-tez dəyişirdi. Məsələn, sentyabr ayında Bloomberg milyarderlər siyahısı tarixində ən böyük fərqlə 16,3 milyard dollar azaldı.[212] Həmin ilin noyabr ayında Mask Facebook-un həmtəsisçisi Mark Zukerberqi keçərək dünyanın üçüncü ən varlı adamı oldu; bir həftə sonra isə Microsoft-un həmtəsisçisi Bill Geytsi keçərək ikinci ən varlı adam oldu.[213] Mask 2021-ci ilin yanvarında 185 milyard dollarlıq sərvətlə Amazon-un qurucusu Ceff Bezosu geridə qoyaraq dünyanın ən varlı adamı oldu.[214] Bezos növbəti ay birinciliyi geri aldı.[215] Forbes 27 sentyabr 2021-ci ildə Maskın 200 milyard dollardan çox sərvətə sahib olduğunu və Tesla səhmlərinin artımından sonra dünyanın ən varlı adamı olduğunu açıqladı.[216] Mask 2021-ci ilin noyabr ayında sərvəti 300 milyard dollardan çox olan ilk şəxs oldu.[217]
Maskın sərvətinin təxminən dörddə üç hissəsini Tesla təşkil edir.[213] Mask Tesla-dan maaş almır; 2018-ci ildə şəxsi qazancını Tesla-nın qiymətləndirilməsi və gəliri ilə əlaqələndirən şuranın təzminat planı ilə razılaşdı.[211] Müqavilədə Maskın təzminatı yalnız Tesla müəyyən bazar qiymətinə çatdıqda alacağı nəzərdə tutulmuşdu.[218] Bu müavilə CEO və idarə heyəti arasında edilən ən böyük belə razılaşma idi.[219] 2020-ci ilin may ayında verilən ilk mükafatda o, təxminən 800 milyon dollar dəyərində olan 1,69 milyon TSLA səhmini (şirkətin təxminən 1%-i) bazar qiymətindən aşağı qiymətə almaq hüququ qazandı.[218][219]
Mask 2014–2018-ci illər arasında 1,52 milyard dollar gəlirindən 455 milyon dollar vergi ödəyib.[220]ProPublica-ya görə, Mask 2018-ci ildə federal gəlir vergisi ödəməyib.[221] Onun 2021-ci ildə ödəməli olduğu verginin miqdarı 14 milyard dollarlıq Tesla səhmlərinin satışına əsasən 12 milyard dollar qiymətləndirilirdi.[220]
Mask dəfələrlə özünü "pul kasıbı" (əhəmiyyətli iqtisadi aktivlərə sahib olan, lakin pul əməliyyatları üçün onları tez və ya asanlıqla ləğv edə bilməyən) olaraq təsvir edib[222][223] və "sərvətin maddi tələlərə az maraq göstərdiyini" deyib.[222] In 2012, Musk signed The Giving Pledge and, in may 2020, pledged to "sell almost all physical possessions".[223][224] Mask 2021-ci ildə "digər planetlərdə yaşamağı təmin etmək və şüur işığını ulduzlara yaymaq üçün resurslar topladığını" deyərək sərvətini qorudu.[225] 2000-ci illərin əvvəllərində Mask özəl pilot idi,[aydınlaşdırma lazımdır] onun sevimli təyyarəsi L-39 Albatros idi, baxmayaraq ki, 2008-ci ilə qədər pilotluğu dayandırmağa qərar verdi.[226][227] Mask SpaceX-ə məxsus şəxsi təyyarə istifadə edir[228][229] və 2020-ci ilin avqust ayında ikinci bir təyyarə aldı.[230] 2018-ci ildə təyyarənin qalıq yanacaqlarından istifadə edərək 150.000 mildən çox səyahət etdiyini müşahidə etdi.[228][231]
Mask 2015-ci ildə "demokratlar üçün əhəmiyyətli (birinci səviyyəli olmasa da) donor" olduğunu, lakin respublikaçılara da çox şey verdiyini söylədi. Mask siyasi töhfələrin ABŞ hökumətində söz sahibi olmaq üçün bir şərt olduğunu demişdir.[232] Mask Donald Trampıiqlim dəyişikliyi ilə bağlı mövqeyinə görə tənqid edib[233] və Trampın iki biznes məsləhət şurasına qoşulduqdan sonra[234][235] Mask 2017-ci ilin iyununda Trampın ABŞ-ni Paris sazişindən çıxarmaq qərarına etiraz olaraq hər ikisindən istefa verdi.[236] Mask 2020-ci il Demokrat prezident seçkilərində namizəd Endrü Yanı dəstəklədi və onun təklif etdiyi universal əsas gəliri də dəstəklədiyini bildirdi.[237] Ümumi seçkilərdə isə Kanye Vestin müstəqil kampaniyasını dəstəklədi.[238] Mask Marsdakı nəzəri hökumətin birbaşa demokratiya olması lazım olduğunu düşündüyünü bildirmişdir.[239] 2021-ci ilin sentyabrında Texasda abortla bağlı ciddi məhdudiyyətlərin qəbul edilməsindən sonra Texas qubernatoru Qreq Abbott Mask və SpaceX-in Texasın "sosial siyasətlərini" dəstəklədiyini bildirdi. Cavabında Mask, "Ümumiyyətlə, inanıram ki, hökumət nadir hallarda insanlara öz iradəsini tətbiq etməlidir və bunu edərkən, onların ümumi xoşbəxtliyini maksimum dərəcədə artırmağa çalışmalıdır. Bu siyasətdən kənarda qalmağı üstün tutduğunu söylədi."[240] Milyarderlərə vergilərin artırılması ilə bağlı demokrat təkliflərə gəlincə, Maskın cavablarına tənqidi siyasət şərhləri və senator Ron Uayden kimi tərəfdarları təhqir etmək daxildir.[241][242]
2020-ci ilin iyul ayında Mask partnyoru Qrims də daxil olmaqla Twitter-də əhəmiyyətli əks-sədaya səbəb olan "Əvəzliklər pisdir" tvitini yazdı.[243][244][245] Tvit bəziləri tərəfindən transfobik və qeyri-binar genderlərə hücum kimi qəbul edilib.[246] 2020-ci ilin dekabrında paylaşdığı tvitlərində Mask yenə də əvəzliklər istifadəsini ələ saldı. İnsan Hüquqları Kampaniyası onun tvitlərini tənqid edərək üzr istəməyə çağırıb.[247][248]
Mask ABŞ hökumətinin şirkətlərə subsidiyalar verməli olduğuna inanmadığını bildirib; əvəzində onları pis davranışdan çəkindirmək üçün karbon vergisindən istifadə edilməlidir.[249][250] Mask deyir ki, azad bazar ən yaxşı həll yolu tapacaq və ekoloji cəhətdən təmiz olmayan nəqliyyat vasitələrinin istehsalının öz nəticələrini verməsi lazımdır.[251] Onun bu mövqeyi "ikiüzlü" adlandırılıb, çünki biznesləri milyardlarla dollar subsidiyalar alıb.[252][253] Bundan əlavə, Tesla Kaliforniyada federal səviyyədə təklif edilən sıfır emissiya kreditlərinin hökumət tərəfindən başlatdığı sistemlərdən böyük məbləğlər qazanmışdır. Bu, Tesla avtomobillərinin ilkin istehlakçıların qəbulunu yaxşılaşdırmağa imkan verdi, çünki hökumətlər tərəfindən verilən vergi kreditləri Tesla-nın akkumulyatorlu elektrik avtomobillərinin mövcud aşağı qiymətli daxili yanma mühərrikli avtomobilləri ilə müqayisədə qiymət baxımından rəqabətə davamlı olmasını təmin etdi.[254] Qeyd etmək lazımdır ki, Tesla həm Avropa İttifaqı Emissiya Ticarət Sistemi, həm də Çin milli karbon ticarəti sxemi tərəfindən şirkətə verilən karbon kreditlərinin satışından əhəmiyyətli dərəcədə gəlir əldə edir.[255][256][257][258]
Qısamüddətli satışın uzun müddətdir əleyhdarı olan Mask dəfələrlə bu praktikanı tənqid edib və bunun qeyri-qanuni olduğunu müdafiə edib.[259][260] Maskın qısa satışa qarşı çıxmasının, qısamüddətli satıcıların hazırda həddən artıq qiymətləndirildiyinə inandıqları şirkətlər haqqında müxalif araşdırmaları tez-tez necə təşkil etmələri və dərc etmələri ilə bağlı fərziyyələr irəli sürülür.[261] Mask həmçinin kriptovalyutaları mütəmadi olaraq təbliğ edərək, onları ənənəvi hökumət tərəfindən buraxılan fiat valyutaları üzərində dəstəklədiyini bildirib.[262] Onun onlar haqqında yazdığı tvitlərin dəyişkən təsirlərini nəzərə alsaq,[263] kriptovalyutalarla bağlı açıqlamaları Nuriel Rubini kimi tənqidçilər tərəfindən bazar manipulyasiyası kimi qiymətləndirilmişdir.[264]
Mask 2021-ci ilin noyabr ayında Twitter-də ABŞ senatoru Berni Sandersi ələ saldığına görə tənqid olundu. Sanders Twitter-də bir mesaj yayımladı: "Biz son dərəcə varlılardan ədalətli paylarını ödəmələrini tələb etməliyik." Mask daha sonra cavab verdi: "Hələ də sağ olduğunu unuduram".[265][266][267]
Mask insan əhalisinin azalması ilə bağlı narahatlıqlarını dilə gətirərək,[268][269] "Marsda sıfır insan əhalisi var. Buranı çoxplanetli sivilizasiyaya çevirmək üçün bizə çoxlu insan lazımdır." demişdir.[270] 2021-ci ilin dekabrında Wall Street jurnalıın CEO Şurasının iclasında danışan Mask doğum nisbətlərinin və əhalinin azalmasının bəşər sivilizasiyası üçün ən böyük risklərdən biri olduğunu bildirmişdir.[271]
Mask Rusiyanın Ukraynanı istila etməsini pislədi və Ukraynanın müdafiəsini dəstəkləmək üçün ölkəyə pulsuz Starlink girişinin təmin etmək barədə tədbirləri açıqladı. Ukrayna prezidenti Volodimir Zelenski ikisi arasında gələcək danışıqları elan edərkən Maska şəxsən təşəkkür etdi.[272][273] Bəzi hökumətlər Starlink-dən Ukraynanın işğalına cavab olaraq Rusiya xəbər mənbələrinə girişi əngəlləməyi xahiş etsələr də Mask özünü "azad söz mütləqiyyətçisi" kimi təqdim etdi və "silah gücü olmadan bunu etməyəcəyik" dedi.[274][275]
Mask COVID-19 pandemiyası ilə bağlı ictimai şərhlərinə və davranışlarına görə tənqid edilib.[277][278] O, xlorokini təbliğ etmək və ölüm statistikasının manipulyasiya edildiyini fərz etmək də daxil olmaqla virus haqqında yanlış məlumatlar yayıb.[279][280][281][282][283] Pandemiyanın başlanğıcında uşaqların SARS-CoV-2 koronavirusuna qarşı "əsaslı immunitetə malik olduğunu" iddia etmişdir.[284][285]Twitter müəyyən etdi ki, "Tvitin ümumi konteksti və nəticəsi" nəzərə alınmaqla, onların COVID-19 şərhi ilə bağlı qaydalarını pozmayıb; The Verge bu qərarı "məsuliyyətsiz" adlandırdı.[286]
Mask həmçinin "koronavirus panikası…axmaqdır" ifadəsini işlətmişdir.[287][288][289] Mask dəfələrlə karantin qaydalarına əsasən müəssisələrin bağlanmasını tənqid etdi və Tesla Fremont fabrikini yenidən açaraq yerli qanunları pozdu.[290][291][292] 2020-ci ilin mart ayında New York Times qəzetinin Çindəki ölkədaxili yeni yoluxmaları bildirmədiyi barədə xəbərini şərh edən Mask, "aprel ayının sonuna qədər ABŞ-də yəqin ki, sıfıra yaxın yeni yoluxma halları olacağını" proqnozlaşdırmışdı.[293][294]Politico daha sonra bu şərhi "2020-ci ilin ən cəsarətli, inamlı və heyrətamiz dərəcədə yanlış proqnozlarından biri" adlandırdı.[295] 2020-ci ilin noyabr ayında "Space Karen" ifadəsi Twitter-də Mask COVID-19 testinin effektivliyi ilə bağlı dezinformasiyanı tvit etdikdən sonra trend oldu.[286][296][297][298]
Mask həmçinin, 2020-ci ilin mart ayında Tesla-nın hazırlayacağı və ya satın alacağı ventilyatorları (tibbi qurğu) ianə etməyi təklif etdi.[299] Bir çox xəstəxanalar qeyd etdilər ki, bu cihazlar BiPAP və CPAP maşınlarıdır, daha bahalı və çox axtarılan invaziv mexaniki ventilyator (IMV) maşınları deyil, lakin cihazlar ən ağır xəstələr üçün istifadə edilə bilər.[300][301][302] İnvaziv ventilyatorların qiyməti 50.000 dollara qədər olarkən, CPAP aparatları isə təxminən 500 dollara alına bilər.[303]
2021-ci ildə SpaceX-in həkimlər və akademik tədqiqatçılarla birlikdə yaratdığı antikor testi proqramının tapıntıları həmmüəllif kimi qeyd olunan Maskla Nature Communications-da dərc olundu.[304][305]
Mask tez-tez süni intellektin (AI) potensial təhlükələri haqqında danışır və dəfələrlə onu bəşəriyyət üçün ən böyük təhlükə adlandırıb.[306][307] Maskın süni intellektlə bağlı fikirləri mübahisələrə səbəb olub və Yan Lekun kimi ekspertlər tərəfindən tənqid edilib.[308][309][310] Nəticə etibarilə, CNBC-yə görə, Maska süni intellekt tədqiqat cəmiyyəti tərəfindən "həmişə müsbət baxılmır".[311] Hətta Mark Zukerberq də bu məsələdə Mask ilə toqquşdu, Zukerberq onun xəbərdarlıqlarını "olduqca məsuliyyətsiz" adlandırdı.[312][313][314] Maskın insanların kompüter simulyasiyasında yaşadığına dair iddiaları da tənqid edilib.[315][316]
2021-ci ilin dekabrında virtual reallıq (VR) ilə idarə olunan metakainat haqqında fikrini bildirən Mask, "məcburi bir metakainat vəziyyəti görə bilmədiyini" dedi və daha sonra qeyd etdi ki, "Məncə, metakainatda yox olmaqdan çox uzağıq. Bu, sadəcə olaraq, bir növ cızıq-söz kimi səslənir."[317][318]
"Əlbəttə ki, burnunuza televizor qoya bilərsiniz. Bunun sizi "metaverse" etdiyinə əmin deyiləm." "Bütün günü üzünə cinsi ekran bağlayan və heç vaxt ayrılmaq istəməyən birini görmürəm. Görünür — heç bir şəkildə."
Şirkətlərinin müxtəlif nəqliyyat sahələrində fəaliyyət göstərməsinə baxmayaraq, Mask ictimai nəqliyyatı tənqid etmişdir.[319][320] Bu mövqe elitizm adlandırılır, çünki ictimai nəqliyyat növləri bütün insanlara xidmət göstərir, halbuki avtomobillər yalnız sahibi və ya icarəyə götürə bilən və idarə edə bilən şəxslər tərəfindən istifadə edilə bilər.[321][322]
2017-ci ilin dekabrında KaliforniyanınLonq-Biç şəhərində Neyron Məlumatların Emalı Sistemləri Konfransı çərçivəsində keçirilən Tesla tədbirində ictimai nəqliyyat və şəhərlərin genişlənməsi ilə bağlı auditoriya sualına cavab olaraq Mask qeyd etdi:[323][324]
"Belə bir müddəa var ki, yaxşı şeylər nədənsə əziyyətli olmalıdır. Məncə, ictimai nəqliyyat əziyyətlidir. Bu pisdir. Niyə bir yerə getmək istəyirsən ki, bu sənin başlamaq istədiyin yerdən başlamır, bitməsini istədiyin yerdə bitmir? Və hər zaman davam etmir."
"Bu, baş ağrısıdır, buna görə də hamının xoşuna gəlmir. Və bir dəstə təsadüfi yad adam var, onlardan biri seriyalı qatil ola bilər, yaxşı, əla. Və buna görə də insanlar fərdi nəqliyyatı sevirlər, bu belədir. İstədiyiniz yerdə, istədiyiniz zaman."
Tamaşaçılar Yaponiyada ictimai nəqliyyatın işlədiyini deyən zaman Musk cavab verdi: "Nə, insanları metroda hara sıxışdırırlar? Bu gözəl səslənmir".
Onun şərhləri həm nəqliyyat, həm də şəhərsalma üzrə ekspertlərin geniş tənqidinə səbəb olub və onlar qeyd ediblər ki, sıx şəhər ərazilərində ictimai nəqliyyat daha qənaətcildir, daha çox enerjiyə qənaət edir və şəxsi avtomobillərdən daha az yer tələb edir.[322][325][326]
Mask 2020-ci ilin avqustunda Misir piramidalarını yadplanetlilərin tikdiyini iddia edən saxta konspirasiya nəzəriyyəsini təbliğ etdi. Misirin Beynəlxalq Əməkdaşlıq naziri Rania Əl-Maşat bu iddialara cavab olaraq Maskı ölkəyə dəvət edərək, tikinti ilə bağlı əlavə dəlillərə baxmasını xahiş etdi. Misir arxeoloqu Zahi Havass Maskın iddialarını rədd edərək, bunu "tam hallüsinasiya" adlandırıb. Mask daha sonra BBC-nin məqaləsini tvit edərək, "Bu BBC məqaləsi bunun necə edildiyi barədə ağlabatan xülasə təqdim edib." dedi.[327]
Bəşəriyyətin "sadəcə fizika"dan ibarət olmadığını, "bir növ talenin mövcud olduğuna" inanıb-inanmadığını soruşduqda Mask belə cavab verdi:
Yaxşı, edərəm. Düşünürəm ki, bütün bunları quran bir növ usta zəka var? Məncə, çox güman ki, yox, çünki onda bunu deməlisiz: "Usta zəka haradan gəlir?" Beləcə, ortaya bir sual çıxır. Məncə, həqiqətən bunu fizikanın əsas qanunları ilə izah edə bilərsiz. Bilirsiniz ki, bu sadə elementlərdən ibarət mürəkkəb fenomendir.[328][daha etibarlı mənbəyə ehtiyac var]
"Elm və dinin birgə mövcud ola biləcəyini düşünürsən?" sualına Mask "Yəqin ki, yox" cavabını vermişdir.[329]
SpaceX-in Dragon kapsulunun 2020-ci ildə Meksika körfəzinə uğurla enməsi ilə bağlı Mask, "Bilirsiniz, mən çox dindar deyiləm, amma bunun üçün dua etdim" demişdir.[22]
2021-ci ilin dekabrında xristian mühafizəkar satirik saytı The Babylon Bee ilə müsahibədə Mask, "Mən İsanın müdafiə etdiyi prinsiplərlə razıyam. İsanın təlimlərində böyük bir hikmət var və mən bu təlimlərlə razıyam." demişdir.[22]
Mask ilk həyat yoldaşı, kanadalı yazıçı Castin Vilson ilə Kuins Universitetində oxuyarkən tanış olub, 2000-ci ildə ailə həyatı qurmuşdur.[330] O, 2000-ci ildə Cənubi Afrikada tətildə olarkən malyariyaya yoluxmuş və az qala ölürmüş.[331] 2002-ci ildə ilk övladları olan Nevada Aleksander Mask, 10 həftəlik olarkən qəfil körpə ölümü sindromundan (SIDS) öldü. Ölümdən sonra cütlük süni mayalandırmadan (IVF) istifadə etmək qərarına gəldi.[332] Əkizlər Xavier və Qriffin 2004-cü ilin aprelində, ardınca 2006-cı ildə isə Kai, Sakson və Damian üçəmləri dünyaya gəldi.[332] Cütlük 2008-ci ildə boşanıb və beş oğlunun qəyyumluğunu paylaşmışdır.[330][333][334]
2008-ci ildə Mask ingilis aktrisası Talula Rayli ilə münasibətə başladı və 2010-cu ilin sentyabrında cütlük ŞotlandiyanınDornok-Katedral qəsəbəsində evləndi.[335][336] Mask 2012-ci ildə Raylidən ayrıldığını açıqladı.[337][338][339] 2013-cü ildə Mask və Rayli yenidən evləndilər. Mask 2014-cü ilin dekabrında Raylidən ikinci boşanma ərizəsi verdi, lakin ərizəni geri götürdü.[340] İkinci boşanma 2016-cı ildə bitdi.[341] Mask daha sonra 2017-ci ildə bir neçə ay Amber Hörd ilə münasibətə başladı;[342][343] onun Hördü 2012-ci ildən bəri izlədiyi bildirildi.[343] Mask daha sonra Conni Depp tərəfindən hələ Hörd ilə evli ikən münasibətdə olmaqda tənqid edildi.[344][345][346] Mask və Hörd hər ikisi münasibəti inkar etdilər.[347]
2018-ci ilin may ayında Mask və kanadalı musiqiçi Qrimes görüşdüklərini açıqladılar.[348][349][350] Qrimes 2020-ci ilin may ayında oğullarını dünyaya gətirdi.[351][352] Musk və Qrimesə görə, onun adı "X Æ A-12" idi; lakin müasir ingilis əlifbasında olmayan simvolları ehtiva etdiyi üçün ad Kaliforniya qaydalarını pozmuş olurdu[353][354] buna görə də "X Æ A-Xii" olaraq dəyişdirildi. Bu, daha çox çaşqınlıq yaratdı, çünki Æ müasir ingilis əlifbasında hərf deyil.[355] Uşağa sonda "X AE A-XII" Mask adı verildi, ilk ad olaraq "X", ikinci ad olaraq "AE A-XII" və soyad olaraq "Mask".[356] Mask 2021-ci ilin sentyabrında "yarı ayrıldığı" xəbərini təsdiqlədi; 2021-ci ilin dekabrında Time-a verdiyi müsahibədə isə subay olduğunu dedi.[357][358][359] Qrimes 2022-ci ilin mart ayında Mask ilə münasibəti haqqında "Yəqin ki, mən onu sevgilim adlandırardım, amma biz çox axıcıyıq" dedi. O, daha sonra Y ləqəbli Eks Dark Siderael Mask adlı ilk qızının daşıyıcı ana (surroqat) vasitəsilə 2021-ci ilin dekabrında doğulduğunu açıqladı.[360] Həmin ayın sonunda Qrimes tvit ilə Maskdan yenidən ayrıldığını və "amma o, mənim ən yaxşı dostum və həyatımın sevgisidir" sözlərini paylaşdı.[361]
2000-ci illərin əvvəlindən 2020-ci ilin sonuna qədər Mask həm Tesla, həm də SpaceX-in qurulduğu və mərkəzinin hələ də yerləşdiyi Kaliforniyada yaşayırdı.[362] Mask 2020-ci ildə Texasa köçdü.[363]
Mask 2021-ci ilin may ayında Canlı şənbə gecəsi verilişində asperger sindromu olduğunu bildirdi.[364]
Mask ailəsi Cənubi Afrika və Kanada mənşəli ABŞ-də məşhur bir ailədir. Ailə üzvləri əyləncə və iş dünyasında seçilir, onlardan biri də İlon Maskdır.[365]
İlon Mask (1971) — SpaceX və Tesla kimi fəaliyyətləri ilə məşhur olan sahibkar və biznes maqnatı, hazırda dünyanın ən varlı adamıdır və Time jurnalı tərəfindən 2021-ci ildə "İlin adamı" seçilmişdir.[366]
Errol Mask (1946) — Cənubi Afrikalı elektromexanik mühəndisi, pilot, dənizçi, məsləhətçi və bir vaxtlar Tanqanika gölü yaxınlığındakı Zambiya zümrüd mədəninin yarı sahibi.[367] O, hazırda ikinci həyat yoldaşı ilə CAR-ın Pretoriya şəhərində yaşayır. İlon Maskın atasıdır.[368]
Castin Mask (1972) — kanadalı yazıçı. İlon Maskın keçmiş həyat yoldaşı.[369]
Kimbal Mask (1972) — sahibkar, xeyriyyəçi və restoranlar şəbəkəsi sahibi. 1998-ci ildə qardaşı İlon Maskla birlikdə Zip2-ni qurub və daha sonra onu 307 milyon dollara Compaq-a satmışdır. Big Green şirkətinin həmtəsisçisi və sədridir.[370]
Mey Mask (1948) — 50 ildən artıqdır ki, model və dietoloqdur. "Time" jurnalının sağlamlıq buraxılışı, "Women's Day" və "Vogue" daxil olmaqla bir çox jurnalın üz qabığında yer almışdır. İlon Maskın anasıdır.[371]
Toska Mask (1974) — kinorejissor, OTT əyləncə yayım platforması və istehsalçı şirkət Passionflix-in həmtəsisçisi. İlon Maskın bacısıdır.[22]
Lindon Riv (1977) — SolarCity-nin həmtəsisçisi və 2017-ci ilə qədər onun baş direktoru vəzifəsini icra edən iş adamı. İlon Maskın xalasıoğludur.[372]
İlon Mask South China Morning Post (SCMP)-ə görə Çində nəşriyyat, restoran, tekstil və dizayn daxil olmaqla çoxlu məhsul üçün ingilis dilində adını və ya Çin dilində transliterasiyasını istifadə edən qeydiyyatdan keçmiş ticarət nişanına sahib 270-dən çox müxtəlif şirkət ilə "ticarət nişanı fenomeni" oldu.[385]
ABŞ Milli Kosmik Cəmiyyətinin 2008/2009-cu illərdə "kosmos sahəsində ən əhəmiyyətli nailiyyət" liderliyinə görə verilən "Von Braun Tropi" mükafatına layiq görüldü.[405]
Time jurnalı tərəfindən 2010-cu ildə "Time 100" siyahısında yer aldı.[406]
Beynəlxalq Aviasiya Federasiyası tərəfindən 2010-cu ildə aviasiya və kosmos sahəsində ən yüksək mükafat olan "FAI Qızıl Kosmik" medalı ilə təltif edildi.[407]
Esquire jurnalında "21-ci əsrin ən təsiredici" 75 şəxsindən biri seçildi.[408]
Kitti Hok fondu tərəfindən Falcon 9 və Dragon-u yaratdığı üçün 2010-cu ildə "Yaşayan aviasiya əfsanəsi" seçildi.[409]
Forbes tərəfindən 2011-ci ilin fevral ayında "Amerikanın 40 və daha aşağı yaşlı ən güclü 20 CEO-su" siyahısına daxil oldu.[410]
2011-ci ilin iyun ayında kosmosun kommersiyalaşdırılmasındakı irəliləyişlərinə görə 250 min ABŞ dolları dəyərində "Heinlein mükafatı"na layiq görüldü.[411]
2010, 2013, 2018 və 2021-ci illərdə "Time 100" siyahısında yer aldı.[428]
4 mart 2019-cu ildə Tailandın Tam-Lanq mağarasında aparılan xilasetmə əməliyyatına verdiyi töhfəyə görə Direkqunabornun "Ən təqdirəlayiq ordeni"nin üzvü (beşinci dərəcəli) kimi təltif edilib.[429][430]
2019-cu ildə Starmus festivalında "Stiven Hokinq elm medalı"na layiq görüldü.[431][432]
Forbes jurnalının "2019-cu ilin ən innovativ liderləri" siyahısında birinci sırada yer aldı.[433]
2020-ci ildə New African jurnalı tərəfindən "Ən təsiredici 100 afrikalı"dan biri seçildi.[434]
1 dekabr 2020-ci ildə "Axel Springer mükafatı"na layiq görüldü.[435]
Fortune jurnalı tərəfindən 2020-ci ildə "İlin sahibkarı" siyahısında birinci sırada yer aldı.[436]
7 yanvar 2021-ci ildə Bloomberg tərəfindən "Dünyanın ən varlı adamı" seçildi.[437]
10 yanvar 2021-ci ildə Forbes-in "Milyarderlər siyahısı"nda birinci sırada yer aldı.[438]
Financial Times tərəfindən avtomobil sənayesindəki nailiyyətlərinə görə "İlin adamı" seçildi.[439]
Newsweek tərəfindən avtomobil və kosmos sənayesindəki töhfələrinə görə fəxri siyahıya əlavə edildi.[440]
Time jurnalı tərəfindən 13 dekabr 2021-ci ildə "İlin adamı" seçildi.[441]
↑Mask Tesla-nın bir səhmini 420 dollara almağı düşündüyünü bildirdi, bu da marixuananın təsirindən idi.[108] Tesla-nın idarə heyətinin üzvləri və repçi Azealia Banks Mask tvit yazarkən narkotik vasitələrin təsiri altında ola biləcəyini iddia etmişdir.[109][110]
↑Keating, Joseph C. Jr. "Joshua N Haldeman, DC: the Canadian Years, 1926–1950". The Journal of the Canadian Chiropractic Association. September 1995. PMC2485067.
↑Rive, Lyndon. "Turning Toward the Sun". The New York Times. As told to Elizabeth Olson. 20 aprel 2013. 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2022.
Kidder, David; Hoffman, Reid. Startap başlanğıc kitabı: Qurucu sahibkarlardan ən sürətli böyüyən start-apların sirləri. San-Fransisko: Chronicle Books. 2013. ISBN978-1-4521-0504-8.
Eşli Vens. İlon Mask: SpaceX və Tesla-nın milyarder baş direktoru gələcəyimizi necə formalaşdırır. HarperCollinsPublishers. 2015. ISBN978-0-7535-5563-7.