Kürdhacıçay — Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı kəndinin ərazisində çay.
Kürdhacıçay | |
---|---|
Ölkə | Azərbaycan |
Keçdiyi ərazilər | Azərbaycan |
Mənbəyi | Kürdhacı |
• Yüksəkliyi | 1850 m |
Mənsəbi | Şəlvəçay |
• Yüksəkliyi | 1700 m |
Kürdhacıçay öz adını ərazisindən axdığı Kürdhacı kəndindən almışdır[1]. Kəndin əvvəl ki, adı yerli əhali arasında Qurdqajı kimi tələffüz edilir və "qurd aşırımı", "qurd dərəsi" kimi izah olunur. Kəndin adının belə dəyişməsi rus dilində olan ədəbiyyatdan uğursuz tərcümənin nəticəsidir[2]. Qurdqajıçay hidronimi də bu uğursuz tərcümənin nəticəsində Kürdhacıçay kimi tərcümə edilmişdir.
Axımı əsasən yeraltı, qismən qar və yağış sulardan əmələ gəlir. İqlim şəraitindən asılı olaraq çayın suyunun həcmi fəsillər üzrə artıb azalır. Yaz və yay aylarının əvvəllərində qar suları və yağıntılar çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-may aylarında) çayın illik axımı maksimum həddə çatır. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.
Kürdhacıçay Şəlvəçayın sağ qolu olmaqla öz mənbəyini Kürdhacı kəndinin ərazisində ki, Qarapalçıq yüksəkliyindən, İmamverdi bulağından götürür. Tükəzban paltaryuyan çayı Kürdhacı kəndinin aşağı hissəsində bu çaya qoşularaq Şəlvəçay istiqamətində axır. Bir çox bulaqların birləşməsindən əmələ gəlir. Kəndin şərq tərəfində qərar tutan Daş bulağın, Novlu bulağın, Sarı bulağın, cənub tərəfindən isə Göy bulağın sularıda bu çaya qoşulur. Hacısamlı kəndinə yaxın məsafədə Şəlvəçaya tökülür.
Suyu hidrokabonatlı-kalsiumlu olmaqla minerallaşmaya və daimi axara malikdir. Kürdhacıçayın suyundan bağ-bostan suvarma işlərində, eləcə də başqa sahələrdə (əsasən su dəyirmanları işlətməkdə) geniş istifadə edilirdi.