is. [
ər. ]
1. Bir iş, hadisə və s. haqqında məlumat.
Nə lazım olmuşdu ki, belə dəhşətli xəbəri şaha verib bu qalmaqala səbəb ola və özünü dəxi həlakətə sala? M.F.Axundzadə.
Bu yavuqlarda bizim sahibmənsəblərdən birisinin ölüm xəbərini qəzetlərdə oxuduq. C.Məmmədquluzadə.
[Ağayar] “Bakıdan komissiya gəlib” xəbərini eşidincə, çox dilxor oldu. Ə.Əbülhəsən.
□ Xəbər almaq – soruşmaq, bilmək, istəmək. Məsələni xəbər almaq. İşi xəbər almaq.
– Xəbər alsa səndən: o binəvanın; Necə keçir ruzigarı görəsən; Söylə ki, göz yolda, könül intizar; Şəm tək oturub sübhədək ağlar. Q.Zakir.
[Axundov:] Canım, qız bir yasin surəsini bildi, bəsdir, kifayətdir və oğlana da lazım olan məsələləri gəlib mənim kimi axundlardan xəbər alar, vəssalam. C.Cabbarlı.
Xəbər çıxmaq – bir hadisə və s. haqqında söz eşidilmək, şayiə çıxmaq (yayılmaq).
Xəbər çıxmamaq – getmiş, yaxud yoxa çıxmış bir adamdan, ya da gözlənilən bir işdən heç bir soraq gəlməmək, heç bir xəbər eşidilməmək.
[Uşaqların] …atalarından bir xəbər çıxmadı. S.S.Axundov.
Xəbər eləmək – bildirmək, xəbərdar etmək.
Gələcək nəslə şerim bu gündən; Hay vurub, qıy vurub, xəbər eyləsin. M.Rahim.
Xəbər gəlmək – söz eşidilmək, məlumat gəlmək.
Ta ki xəbər gəldi xublar şuxundan; Əl çəkdim cahanın varü yoxundan. M.V.Vidadi.
Xəbər gətirmək – gördüyü və ya eşitdiyi bir şey haqqında məlumat vermək, bildirmək.
Bələdçinin biri xəbər gətirdi ki, məftil hasarın bir kilometrliyini düşmən minalamışdır. Ə.Vəliyev.
Səhər Səriyyə xəbər gətirdi ki, kəndə yaman küy düşüb. İ.Əfəndiyev.
Xəbər tutmaq – soruşub bilmək, məlumat almaq, məlumat əldə etmək, xəbərdar olmaq.
Biz cəbhənin vəziyyətindən xəbər tuturduq. M.S.Ordubadi.
[Fərhad Nazlıya:] Sən də buradasanmış, Nazlıcan, yenə Mustafa ilə mənim görüşümdən xəbər tutmusan? Ə.Məmmədxanlı.
Xəbər vermək – məlumat vermək, bildirmək, xəbərdar etmək, çatdırmaq.
Lalə tək daği-dilisineyi-suzanımı gör; Ver xəbər dilbərisüsənbərə, ey badi-səba. S.Ə.Şirvani.
Kətxuda Bayramı tutub dama salmaq, elə gecə ikən şəhərə çapar yollayıb rəisə xəbər vermək istədi. M.Hüseyn.
Ancaq qorxdu ki, onlar bunu başqalarına xəbər verərlər. M.Rzaquluzadə.
Xəbər yayılmaq – şayiə yayılmaq, söz yayılmaq.
Lakin çox çəkmədi ki, elə bil bütün quşlara xəbər yayıldı. Ə.Məmmədxanlı.
…xəbəri gəlmək –
1) haqqında məlumat gəlmək, nəticəsi bilinmək, sorağı gəlmək. Məktubun xəbəri hələ də gəlməyib;
2) birinin ölümü haqqında məlumat, xəbər gəlmək. Ölüm xəbəri gəlmək.
2. Məlumat, bilik, vaqiflik. Onun elmdən heç xəbəri yoxdur. Bu işdən xəbərim yoxdur.
3. qram. Mübtəda ilə ifadə olunan əşyanın əlamətini göstərən cümlənin iki baş üzvündən biri.
4. Yalnız cəm şəklində: xəbərlər – vaxtaşırı nəşr edilən bəzi məcmuələrin adı. “Azərbaycan Elmlər Akademiyasının Xəbərləri”.