Karina Aznavuryan
Karina Boris qızı Aznavuryan (20 Sentyabr 1974, Bakı, Azərbaycan) Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004), Dünya (2003) və Avropa (2004) çempionudur.
== Həyatı ==
Karina Aznavuryan 20 sentyabr 1974-cü ildə Bakıda anadan olmuşdur. Onun atası milliyətcə erməni, anası isə azərbaycanlıdır. Qılıncoynatma ilə ilk dəfə Bakıda məşğul olmağa başlayıb. Qarabağ münaqişəsi başlandıqdan sonra onun ailəsi Moskvaya köçür. Əvvəllər rapira ilə məşqul olan Karina burada şpaqa ilə məşq etməyə başlayır. 1994-cü ildən etibarən Rusiya yığmasının tərkibində iştirak etməyə başlayır. 1996-cı ildə Atlantada keçirilən Olimpiya oyunlarında Rusiya yığmasının tərkibində bürünc medal qazanır. Daha sonra Sidney (2000) və Afina (2004) şəhərlərində keçirilən Olimpiya oyunlarında qızıl medallar qazanır. 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarında belində olan zədə səbəbindən iştirak etmədi.