is. Günün doğmasına azca qalmış havanın işıqlanması, sabah açılarkən günəşin üfüqdə ilk ağarması. Dan işığı. – Axşamın sirrini dan bilər. (
Ata. sözü ).
Sübhün xəbərini gətirəndə dan; Yorğun dost gözləri halsız qapandı. M.Dilbazi.
□ Dan atmaq – bax
dan yeri ağarmaq.
Dan atdı, şəfəq sökdü, günəş yaqut tacı ilə firuzə taxtına oturdu. A.Şaiq.
Səhərlər dan atanda, qıpqırmızı buludlar; Sancılır bu binanın qülləsinə qatarlar. R.Rza.
Gecə yarı onlar qoşa çox söhbət etdi; Dan atanda qəhrəmanım yuxuya getdi. M.Rahim.
Dan atmamış – sübh açılmamış.
Çıxmamış gün, atmamışdan; Qanlı bir toz qalxdı yoldan. Ə.Cavad.
Tanrının Pərinisası yuxu yatmır, dan atmamış zəmidə … olur… Mir Cəlal.
Dan atmamış hər tərəfdən alovlandı sıx meşə. Ə.Cəmil.
Dan ulduzu –
1) Zöhrə ulduzu, Venera.
Evində, eşiyində; Yat, quzum, beşiyində; Dan ulduzu, bir də mən; Durmuşuq keşiyində. (Bayatı).
Xoş meh əsir sərin-sərin; Baxır göydən dan ulduzu. S.Rüstəm;
2) məc. gözələ işarə.
Qaranlıq gecədə səni gözləyib; Durmaqdan yoruldum, ey dan ulduzu! C.Cabbarlı.
[Göyərçin:] Mən bir ailənin dan ulduzuyam; Atanın, ananın bircə qızıyam. M.Rahim.
Dan üzü – dan vaxtı, sübh tezdən, ala-qaranlıq. Dan üzü idi.
Hələ dan ulduzu batmayıb ərşifələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu.
Hücum səhər dan üzü başlanmışdı. Ə.Məmmədxanlı.
Biz hərbiyəlilər dan üzü durmağı öyrənmişik. Mir Cəlal.
Dan vaxtı – dan sökülən vaxt, sübh tezdən, gün görünməyə başlayanda, ertədən.
Hər gün dan vaxtı yuxudan duran qardaşların heç biri yataqdan çıxmaq istəmirdi. Mir Cəlal.
Dan yeli – səhər küləyi, nəsim.
Dan yeli hər yana ətir dağıdır; Çöllərə çəkilir bir yaşıl pərdə. A.Şaiq.
Dan yeri – dan işığının göründüyü yer; üfüq.
Səhərin dan yeridir; Sübh yeri, dan yeridir; Bulaq başı hər axşam; Bir dəstə can yeridir. (Bayatı).
Görünür dan yeri qıpqırmızı qan rəngində. S.Rüstəm.
Açılır yuxudan aləmin gözü; Dan yeri can verir yenə insana. O.Sarıvəlli.
Qızla oğlan fərəh və həyəcan içində qalxıb dan yerində lalə tək qızarmış buludlara baxaraq … düşünürdülər. İ.Əfəndiyev.
Dan yeri ağarmaq (açılmaq, qızarmaq, sökülmək) – sübh açılmağa başlamaq.
Səhər dan yeri ağarmağa başlar-başlamaz mağaradan çıxıb dünən maral ovladığım yerə gəldim. A.Şaiq.
Qızardı dan yeri, səhər açıldı; Günəş doğdu, dünyaya nur saçıldı. A.Səhhət.
Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülür. M.İbrahimov.
Alt dan – həqiqi dan sökmə, sabah açılma, sübh.
Alt dan ağaranda muzdur oyanıb durdu, gərnəşib əsnədi. S.Rəhimov.