1. zərf Daxilə, daxildə. İçəri itələmək. İçəri gəl. İçəri buraxmaq.
– Şah rüsxət verdi, münəccimbaşı çıxmamış Xacə Mübarək içəri girib ərz elədi…
[Sara xanım:] …Gəlib çıxaram, tıqqıldadaram qapını, açarlar, girərəm içəri…
Hənifə qazanı içəri gətirib yerə qoydu, ətəyi ilə sininin üstünə tökülmüş külü sildi.
2. bax iç 1-ci mənada.
Evin içəri otaqlarının birisində (əndərunda) Rəna ilə anası yaşayırdı…
3. İsmin yönlük, yerlik, çıxışlıq hal şəkilçiləri ilə – 1) arasına, arasında, arasından. Meşənin içərisinə getmək. Uşaqların içərisində biri çox zirəkdir. Kitabların içərisindən ancaq birini seçdim.
– …Bu iki çiçək bu ailələr içərisinə girməklə, onlarda bir yenilik, şadlıq əmələ gətirdisə də, digər tərəfdən, nifaqa və ondan törəyən faciəli hadisələrə də səbəb oldu.
Sən qoçaqlar içində qoçaqsan gözlərimdə; Ürəyi alov dolu bir dağsan gözlərimdə.
Kimsəsizlər içərisində … bu qocanın da siması … canlanırdı. ;
2) ərzində, müddətində, zərfində.
Dörd-beş aylıq bir zaman içərisində onunla belə üz-üzə gəlmədiyim birinci kərə vaqe olurdu.
◊ İçəri atmaq dan. – birdən içmək, başına çəkmək.
Mirzə Kəmtər də, sanki müsahibindən geri qalmamaq üçün, stəkanında qalan arağı içəri atdı…
İçəri salmaq məc. – mənimsəmək.
İçəridən qovrulmaq – ürəyində bərk hirslənmək, acığından qovrulmaq.
[Məhbusi] mister Tomasın hədələrini, qaş-qabağını yadına salır, içəridən qovrulurdu.
İçəri(yə) ötürmək – 1) yemək, udmaq.
[Əmiraslan baba] … ağ lavaşı yarı bölərək, arasını balla doldurdu və bir göz qırpımında nər kimi içəriyə ötürdü. ;
2) bax içəri salmaq.