Keçələkəran
Keçələkəran — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Keçələkəran kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Vərov kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
== Toponimikası ==
Kəndin adı yerli camaat arasında "keçəllər məhəlləsi" kimi izah olunur. Oykonimin, əslində, Gəcələkəran variantında olduğunu iddia edən tədqiqatçılar onu talış dilindəki kə (ev), cəl (dərin) və kəran (kənd) sözlərindən ("ə" bitişdirici saitdir) ibarət, talış zonasına məxsus xüsusi ev tipinin adı kimi yozurlar. Bəzi tədqiqatçılara görə isə, oykonim "damı olmayan, üstü açıq evlər" mənasındadır.
Sözün birinci tərəfinə Azərbaycan ərazilərində əsasən, dağ və çay adlarında rast gəlinir. Məsələn, Keçəl təpə — Şərurda dağ adı, sözün fonetik variantlarında Keçili — Şahbuz rayonunda kənd, Keçiliqaya — Kəlbəcərdə kənd, Keçəldağ çayı — Kəlbəcər ərazisində Qaraxaç çayının sağ qolu və s. Keçi/keçə//keçəl//keçələ//keçələt sözlərinə dilimizin dialekt və şivələrində müxtəlif mənalarında rast gəlinir. Məsələn Yardımlı ərazisində Keçiqıran yer adı mövcuddur. Söz keçi — heyvan mənasında deyil, "soyuq qıran yer" mənasındadır.