is. şair. 1. Qəlb, ürək (mənəvi mənada).
Könlümün sevgili məhbubu mənim; Vətənimdir, vətənimdir, vətənim. A.Səhhət.
[Ağarəsul] …işi yubatmayıb həmin saat könlündəki məhəbbəti qıza söylədi… E.Sultanov.
// məc. Obrazlı təşbehlərdə, tərkiblərdə işlənir. Könül aşnası. Könül mülkü. Dəli könül.
– [Qərib:] Qıya baxıb, könül evin yıxansan; Tanımırsan solu-sağı, Ağcaqız! “Aşıq Qərib”.
Könül şəhri gündən-günə talandı; İmdi oldu bir xərabə çöllər, hey! M.V.Vidadi.
Aralıqdan könül quşun ürkütdük; Bir-birilə qonuşmadıq, ayrıldıq. M.P.Vaqif.
2. İstək, arzu, həvəs, meyil. Teatra getməyə könlüm yoxdur. Öz könlü ilə.
– [Nigar:] …Qonşu arvadların sözünə görə qızın könlü Yusifdədir. N.Nərimanov.
◊ Könlü açılmaq – qəm-qüssəsi dağılmaq, şadlanmaq; ürəyi açılmaq.
Nə könlüm açılar, nə üzüm gülər; Səkrəqibə məhrəm olandan bəri. Q.Zakir.
[Nazlı:] …Azacıq gedib gəz də, könlün açılsın. H.Cavid.
Camaatın könlü yaxşı açılsın; Razıyıq, – dedilər, – sazəndə çalsın! H.K.Sanılı.
Könlü bulanmaq – kefi pozulmaq, nəşəsi dağılmaq, qanı qaralmaq.
Könlüm bulanır küçədə cövlanını görcək; Nitqim tutulur hərzəvü-hədyanını görcək. M.Ə.Sabir.
Könlü çəkmək – ürəyi çəkmək, iyrənməyib istəmək.
Könlü xoş olmaq – məmnun olmaq, xoşnud olmaq.
Könlü istəmək – arzu etmək, xoşlamaq istəmək.
Elə mənim də sizi könlüm istəyir. M.S.Ordubadi.
Əmiraslan hər bir əmr və göstərişdən azad idi.
Hər nə könlü istəsəydi, onu edərdi. S.S.Axundov.
Könlü qalmaq (incimək) – xatiri sınmaq, incimək.
Könlü olmaq –
1) istəmək, meyli olmaq, həvəsi olmaq. Gəz dolan, bağdan ara; Bülbülü bağdan ara; Bağbanın könlü olsa; Nə gəlib bağda nara? (Bayatı);
2) razı olmaq.
Könlü olmamaq – istəməmək, ürəyi olmamaq. [Gülçöhrə:] Ay ata, vallah, ərə getməyə heç könlüm yoxdur.
Necə eləyim? Ü.Hacıbəyov.
[Hacı Murad:] Məhərrəm bəydə könlün yoxdur, bəs İmranda necə? S.S.Axundov.
Könlü pozulmaq – bax
könlü bulanmaq.
Könlü tutulmaq – qəmgin olmaq, qüssələnmək, tutulmaq.
Gördü nazik ayağın ol dilxun; Tutulub könlü oldu çox məhzun. S.Ə.Şirvani.
Könlü yaralı – fəlakət üz vermiş, ürəyində dərdi olan, kədərli.
Könlündən çıxartmaq – unutmaq, unudub yada salmamaq.
Könlündən keçmək – ürəyindən keçmək, ürəyində arzu etmək, istəmək. Onun könlündən çox şeylər keçir.
Könlünə dəymək (toxunmaq) – xətrinə dəymək, ürəyinə toxunmaq, qəlbinə dəymək, incitmək, küsdürmək.
Ey gözüm, nə dəyib köyrək könlünə; Ey şirin güftarım, nöşün ağladın? M.P.Vaqif.
Ey dilim, lal olasan, bilməyirəm kim, nə dedin; Aşina könlünə dəydin ki, olub biganə. S.Ə.Şirvani.
Ancaq mən Eldarın könlünə dəyməmək üçün daha tüfəngə əl atmadım. M.Rzaquluzadə.
Könlünə düşmək – (birdən) arzulamaq, istəmək, ürəyi istəmək. Axırda elçi quş əti yeməkdən yorulur. Könlünə mal əti düşür. “M.N.lətif.
” Könlümə düşmüş idi bir neçə bütlər həvəsi; Bir zaman beyti-xuda dəhrdə bütxanə idi. S.Ə.Şirvani.
[Kişi:] Əgər sənin və həkimin könlünə ət düşübsə, mən sizə qoyun verrəm. M.Dilbazi.
Könlünə görə – öz arzusu ilə, öz xoşu ilə.
Könlünə yatmaq – ürəyinə yatmaq, xoşuna gəlmək, qəlbinə yatmaq, bəyənmək.
Könlünü açmaq –
1) sevindirmək, şadlandırmaq, ürəyini açmaq. Hər gün açır könlümü zövqi-visalın yengidən; Gərçi güllər açmağa hər ildə bir novruz olur. Füzuli;
2) birisinə inanaraq ürəyindəkiləri açıb söyləmək, sirlərini açıb demək.
Könlünü almaq – xoş (şirin) sözlə dilə tutub razı, yaxud təskin etmək, acığını unutdurmaq; qəlbini ələ almaq.
Vaqif deyir, yalvar yara, könlün al; Bir busə diləyib, boynuna qol sal… M.P.Vaqif.
[Mələk Şeydaya:] Mən səni sıxmaq üçün deyil, yalnız könlünü almaq, acılarını unutdurmaq üçün gəldim. H.Cavid.
[Səfər bəy:] …Xərc çəkmişəm ki, birtəhər Molla Abuşun ağzını yumum, məhkəmə rəisinin könlünü alım… B.Talıblı.
Könlünü ələ almaq (ovlamaq) – ürəyini ələ gətirmək, razı etmək, məhəbbətini qazanmaq, qəlbini ovlamaq.
Bir ayaq ilə mənim könlümü aldın ələ sən; Görüm, ey saqiyi-gülçöhrə əlin var olsun! S.Ə.Şirvani.
Ancaq onu da de görüm, onun könlünü ələ gətirmək mümkündürmü? E.Sultanov.
Könlünü xoş eləmək – birinin arzusunu yerinə yetirərək sevindirmək.
Könlünü qırmaq (incitmək) – bax
könlünə dəymək.
[Turxan bəy Çingiz bəyə:] Yazıq deyilmi! …Neçin könlünü qırdın? H.Cavid.
Könlünü parçalamaq – bax
könlünü qırmaq.
İncə bir riqqət Rübabənin könlünü parçaladı. Mir Cəlal.
Könlünü sındırmaq – bax
könlünü qırmaq. Əsli qızların könlünü sındırmaq istəmirdi. “Əsli və Kərəm”.
[Xala:] Yaxşı deyil, ay bala, uşaqlıq eləmə, get, könlünü sındırma! Ə.Məmmədxanlı.
Könül açıqlığı – şadlıq, fərəh, sevinc.
[Cəmil bəy:] Doğrusu, könül açıqlığı olmayınca insandakı nəşə də alt-üst olur. H.Cavid.
Könül bağlamaq – bax
könül vermək.
Könül bulandıran – ürək-bulandırıcı, xoşa gəlməyən, arzu edilməyən.
Könül bulandıran qəmgin bir axşam; Səlim bəy tutmamış evində aram. M.Rahim.
Könül bulandırmaq – kədərləndirmək, qüssələndirmək, qanını qaraltmaq.
Könül qırmaq (yıxmaq, sındırmaq) – ürək sındırmaq, özündən küsdürmək, özündən incitmək, incik salmaq.
Sən də, gözüm, Allaha baxıb, zülmü az eylə; Peyvəstə könül yıxsan əgər, bir də saz eylə. M.P.Vaqif.
Könül oxşamaq –
1) əzizləmək, xoş sözlər söyləmək;
2) xoşa gəlmək, ruhu oxşamaq, ürəyə yatmaq.
İlıq, könül oxşayan meh əsirdi. Ə.Vəliyev.
Könül oxşayar yaşıl kölgəniz. M.Seyidzadə.
Könül vermək (bağlamaq) –
1) aşiq olmaq, ürəkdən sevmək.
Könül verdin hər bivəfa yadlara; Hayıf oldu, ömür getdi badlara. M.V.Vidadi.
Dostun vəfasını gördüm; Sevdim, seçdim, könül verdim… Aşıq Ələsgər.
Səni vəfalı bilib eşqinə könül verdim; Pəriliqalara olmazmış etibar, ey dost! S.Ə.Şirvani;
2) razılıq vermək, razılaşmaq, razı olmaq. Mən bu işə könül vermədim.
İki könül bir olmaq – sevişmək, bir-birini sevmək. İki könül bir olsa, tez tapar dalda yeri. (
Ata. sözü ).
Könül yoldaşı – yaxın dost, səmimi dost, həmdəm, sirdaş, qəlb yoldaşı.